Azərbaycanda 536 kriminal qrup zərərsizləşdirilib

Azərbaycanda 536 kriminal qrup zərərsizləşdirilib
  07 İyul 2017    Oxunub:1869
Bu il ərzində Azərbaycanda 13 182 cinayət qeydə alınıb.
AzVision.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyində 2017-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov deyib.

O, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan bütün dövlət qurumları üzrə 13.182 cinayətin qeydə alındığını, bu cinayətlərin 94,6 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olduğunu, onların 85,6 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini bildirib.

Qeyd olunub ki, profilaktik işin gücləndirilməsinin, kriminogen durumun fasiləsiz izlənilməsinin nəticəsi olaraq, cinayətkarlığın dinamikasında mövcud olan müsbət təmayüllər ötən 6 ayda daha da yaxşılaşıb. Belə ki, cinayətlərin sayı 7,1, o cümlədən ağır və xüsusilə ağır növlər 10, qəsdən adam öldürmə və ona cəhdlər 27, mülkiyyət əleyhinə olan cinayətlər 10,3, onlardan oğurluqlar 7,3, dələduzluqlar 12, hədə-qorxu ilə tələb etmələr 13,2, soyğunçuluqlar 25, quldurluqlar 27,6, habelə yol-nəqliyyat hadisələri 6,3, qəzalarda xəsarət alanların sayı isə 14,2 faiz azalıb.

Kriminal qəsdlərin qurbanlarının pozulmuş hüquqlarının bərpası istiqamətində peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat tədbirləri ilə 2016-cı ilin 6 ayı ilə müqayisədə hesabat dövründə cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 85,7 faiz təşkil edib. O cümlədən qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılması 4,1, qəsdən adam öldürmələrin açılması 1, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 8,4, mülkiyyət əleyhinə olan cinayətlərin açılması 2,7, o cümlədən oğurluqların açılması 4,7, quldurluqların açılması 5,4, soyğunçuluqların açılması 8 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 288 cinayət açılıb.

Hüquqazidd əməllərin profilaktikasında və cinayətkarlıqla mübarizədə informasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışan nazirin birinci müavini bildirib ki, “102” Zəng Mərkəzinə daxil olan məlumatlar üzrə görülən operativ cavab tədbirləri nəticəsində 867 cinayət “isti izlər”lə açılıb, 3156 hüquqazidd əməlin qarşısı alınıb, 2424 cinayət işi başlanılıb, həmçinin “Təhlükəsiz Şəhər” Xidmətinin imkanları ilə 177 cinayət açılıb, 8389 yol-nəqliyyat qəzası və piyadaların vurulması ilə nəticələnən 179 hadisə aşkarlanıb. Qeyd olunub ki, hesabat dövründə daha 151 nöqtədə 608 kamera quraşdırılıb və müvafiq texniki vasitələrin sayı 3293 nöqtə üzrə 11.840 vahidə çatdırılıb. Eyni zamanda cinayətlərin qarşısının alınmasında və açılmasında xüsusi mülkiyyətə aid obyektlərdə quraşdırılmış daha 100 minə yaxın videomüşahidə kamerasından da uğurla istifadə olunur.

Cinayətə görə məsuliyyətin labüdlüyünün təmini işi də nəzarətdə saxlanılaraq məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1607, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 346 təqsirləndirilən şəxs tutulub.

Bu il Azərbaycanda 536 kriminal qrupun zərərsizləşdirildiyini deyən V. Eyvazov bildirib ki, ötən 6 ayda mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 536, o cümlədən ağır və xüsusilə ağır cinayətlər törətmiş 138 kriminal qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 70 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Eyni zamanda, qeyri-leqal dövriyyədən 603,3 kiloqram narkotik vasitənin çıxarıldığı, bu əməllərə görə 34 cinayətkar qrupun zərərsizləşdirildiyi, 1302 şəxsin məsuliyyətə cəlb olunduğu, qanunsuz kultivasiya edilən və yabanı halda bitən 95 tondan çox çətənə və xaş-xaş kolunun aşkarlanıb məhv edildiyi bildirilib.

İnsan alverinə qarşı mübarizədə müvafiq qanunvericilik aktları və Milli Fəaliyyət Planı əsasında görülən işlərin də ardıcıl davam etdirildiyi, nəticədə 2016-cı ilin birinci yarısı ilə müqayisədə 13 faiz çox, yaxud 105 insan alveri cinayətinin müəyyən edildiyi, 8 nəfərdən ibarət 4 cinayətkar qrupun zərərsizləşdirildiyi, bu faktlar üzrə başlanılmış cinayət işlərinin istintaqı çərçivəsində 15 nəfərin məhkəmə məsuliyyətinə verildiyi, habelə insan alverinin qurbanı olmuş 53 nəfərin cəmiyyətə reinteqrasiya olunduğu diqqətə çatdırılıb.

Nazirin birinci müavini daha sonra deyib ki, ötən ilin 6 ayı ilə müqayisədə hesabat dövründə istintaqı tamamlanmış cinayət işlərinin sayı 6 faiz, məhkəmələrə göndərilən işlərin sayı 7,4 faiz, təhqiqatçıların iş həcmi isə 13 faiz çox olub. Dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödənilməsi isə 73 faiz təşkil edib.

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, o cümlədən insanların həyatının və sağlamlığının qorunması sahəsində də əvvəlki illərdə mövcud olan müsbət təmayülün ümumən qorunub saxlanıldğı vurğulanıb.

Bildirilib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə isə 1.615.372 protokol tərtib olunub. Bu əsasda qəbul edilən qərarlarla 1.568.336 nəfər cərimələnib, 1778 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 28.755 nəfərə xəbərdarlıq edilib.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət  





Xəbər lenti