Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının “Yay hüquq məktəbi”nin açılışı olub

Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının “Yay hüquq məktəbi”nin açılışı olub
  07 İyul 2017    Oxunub:4263
İyulun 7-də Bakıda Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə beynəlxalq “Yay hüquq məktəbi”nin açılış mərasimi keçirilib. İyulun 12-dək davam edəcək “Yay hüquq məktəbi” ölkəmizdə fəaliyyət göstərən yerli hüquq mərkəzlərinin dəstəyi ilə təşkil olunur.
Mərasimdə Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Vüsal Hüseynov, Bakı Hüquq Mərkəzinin partnyoru Mətin Əsgər, “ASAN xidmət”-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Hümbətov və ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin prezidenti Məhəmməd İsmayılov çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıblar.

V.Hüseynov ELSA təşkilatının fəaliyyəti ilə tanış olduğunu, müsbət qiymətləndirdiyini və belə bir beynəlxalq tədbirin Bakıda keçirilməsinin əhəmiyyətini qeyd edib. Tədbirin iştirakçılar üçün yalnız hüquqi biliklər deyil, həmçinin ölkəmizi daha yaxından tanımaları üçün də yaxşı imkan olduğunu deyib və belə tədbirlərini davamlı olmasını təşkilat üzvlərinə tövsiyə edib. O, çıxışında həmçinin ölkəmizin müstəqillik yolu, Dağlıq Qarabağ münaqişəsi və hüquq islahatları barədə məlumat verib.



“ASAN xidmət”in məsul əməkdaşı, beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Hümbətov ölkəmizdə dövlət xidmətlərini göstərilməsi sahəsdinə həyata keçirilən islahatlar və Azərbaycanın brendi olaraq tanınan “ASAN xidmət” mərkəzlərinin yaradılması və onların əhaliyə keyfiyyətli xidmətlər göstərilməsinə yönəlmiş fəaliyyəti barədə məlumat verib.

Tədbirdə, həmçinin qeyd olunub ki, Yay hüquq məktəbi Azərbaycan ilə yanaşı, Avropanın 30 ölkəsindən 75 gənc hüquqşünas tələbənin iştirakı ilə keçirilir. Yay məktəbində azərbaycanlı mütəxəssislər tərəfindən beynəlxalq hüquq normaları ilə bağlı müxtəlif seminarlar tədris ediləcək, son zamanlar ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi, eləcə də məhkəmə-hüquq islahatları ilə bağlı həyata keçirilən tədbirlər müzakirə olunacaq.

İştirakçıların həmçinin Milli Məclisə, Ali Məhkəməyə və “ASAN xidmət” mərkəzinə tanışlıq səfərləri nəzərdə tutulur. Eyni zamanda, Azərbaycanın tarixi və mədəniyyəti ilə tanışlıq məqsədilə iştirakçıların Heydər Əliyev Mərkəzinə, YARAT Müasir İncəsənət Məkanına, Xalça Muzeyinə, Qız qalasına ziyarətləri təşkil ediləcək.



Qeyd olunub ki, beynəlxalq “Yay hüquq məktəbi”nin təşkili azərbaycanlı və xarici hüquqşünas tələbələr arasında fikir mübadiləsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaradacaq. Həmçinin azərbaycanlı tələbələrin Avropa ölkələrində oxşar tədbirlərdə iştirakını təmin edəcək.

O da diqqətə çatdırılıb ki, ELSA beynəlxalq təşkilatının Azərbaycan nümayəndəliyinin fəaliyyəti nəticəsində ölkəmizdə bir neçə uğurlu beynəlxalq və yerli layihələr həyata keçirilib. Təşkilatın dəstəyi ilə azərbaycanlı hüquqşünas tələbələr xaricdə təcrübə keçiblər.

Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır.
Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.




Teqlər: #ELSA   #Gənc-Hüquqşünaslar   #Yay-məktəbi  





Xəbər lenti