Milli Qəhrəmanın deputat xanımı:“Bizim yeganə yolumuz müharibədir”

Milli Qəhrəmanın deputat xanımı:“Bizim yeganə yolumuz müharibədir”
  06 İyul 2017    Oxunub:5970
“Ermənilər aprel döyüşlərindəki kimi cəzalandırılmasalar azğın əməllərinə davam edəcəklər”.

Bu fikirləri AzVision.az-a Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı, deputat Flora Qasımova deyib.
F.Qasımova deyib ki, ermənilərin törətdikləri cinayət təkcə azərbaycanlılara qarşı yox, insanlığa qarşı qəddarlıqdır: “Biz neçə illərdir beynəlxalq ictimaiyyətdən ermənilərə təzyiq edilməsini gözləyirik. Bəyanatla erməni öz niyyətindən əl çəkən deyil. Bunlar bizə heç nə vermir. Nə qədər ki, Ermənistan cəzasız qalır, belə hərəkətlərini davam etdirəcək. Biz belə hadisələri onlardan hər zaman gözləməliyik. Bu cəzasızlıq Ermənistanı sövq edir ki, cinayətlər törətsinlər. Bu, vəhşilikdir, qəddarlıqdır. O, körpənin günahı nə idi? Bu təkcə azərbaycanlılara qarşı yox, insanlığa qarşı törədilmiş cinayətdir”.

Deputat vurğulayıb ki, Azərbaycanın müharibədən başqa çışıx yolu yoxdur: “Müharibə ölümdür. Müharibəni biz görmüşük. Prezidentimiz də çox humanist insandır. İstəmir ölüm olsun. Amma, torpağı heç nəyə dəyişmək olmaz. Biz torpaqlarımızı azad etməliyik. Hansısa, beynəlxalq təşkilatın bəyanatlarını gözləməməliyik. Erməni bəyannamə, qətnamə tanımır. Erməni öz məqsədinə çatmaq üçün bütün terror vasitələrindən istifadə edir”.

F.Qasımova qeyd edib ki, atəşkəs dövründə 32 körpə uşaq öldürülüb: “Qatillərin hamısı cəzasız qalıb. Amma, ermənilər atalarının qəbrini ziyarət etməyə gedən 3 azərbaycanlıdan birini öldürdülər, digər ikisi isə Şuşa həbsxanasında əziyyət çəkir. Onlar cəzalandırmağı bacarırlar. Biz etmirik. Onlar cəzasız qaldıqlarından terrorçu əməllərini davam etdirilər. Ermənilərdən insanlığa qarşı cinayət, terror, nə desən gözləmək olar. Bütün dünya deyir ki, Azərbaycan torpaqları işğal edilib. Amma, bunlar özlərini elə aparırlar ki, guya öz torpaqlarını azad ediblər. Ona görə də bizim yeganə yolumuz müharibədir. Yalnız müharibə ilə torpaqlarımızı azad edə bilərik”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Flora-Qasımova   Milli-Qəhrəman  





Xəbər lenti