Alxanlı sakinləri tank əleyhinə qumbaraatanla öldürülüb - RƏSMİ

Alxanlı sakinləri tank əleyhinə qumbaraatanla öldürülüb - RƏSMİ
  05 İyul 2017    Oxunub:2550
Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həyatını itirənlərin meyitlərinin müayinəsi zamanı tank əleyhinə minanın fraqmentləri aşkar olunub.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov XİN-də keçirilən brifinqdə deyib.

O, bildirib ki, ötən gün Alxanlıda baş verən hadisə ilə bağlı artıq Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb.

“Bu, ermənilərin dinc əhaliyə qarşı ilk təxribatı deyil. İstintaq qrupu yaradılıb. Meyitlərə baxış keçirilərkən onların tank əleyhinə qumbaraatan mərmilərinin qəlpələrindən öldüyü məlum olub. Cinayət işi üzrə obyektiv araşdırma aparılmaqla, zəruri və təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir". - E.Sultanov deyib.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.


Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Baş-Prokurorluq   Alxanlı   Qarabağ   Təxribat  





Xəbər lenti