Məmmədyarov həmsədrlərə zəng edib - "Atəş əmri birbaşa Sarkisyandan alınıb"

Məmmədyarov həmsədrlərə zəng edib - "Atəş əmri birbaşa Sarkisyandan alınıb"
  05 İyul 2017    Oxunub:3892
“Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazilərində mövcudluğu münaqişə zonasında vəziyyətin eskalasiyasının əsas səbəbidir və Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasına başlıca maneədir”.
AzVision.az-ın xəbərinə görə, bu sözləri Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinə tapşırıqlar verilib və onlar akkreditə olduqları ölkələrin hökumətlərini və beynəlxalq qurumları bu barədə məlumatlandıracaqlar:

“Ümid edirik ki, dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq hüququn pozulması faktına münasibət bildirəcək və hadisəni kəskin şəkildə qınayacaq. Artıq Beynəlxalq Qırmızı Xaç Komitəsinə, ATƏT-in fəaliyyətdə olan sədrinə məlumat verib. Xarici işlər naziri həmsədrlərlə və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Kaspşiklə danışıb. Azərbaycanın ciddi narahatlığı həmsədrlərin diqqətinə çatdırılıb”.

Diplomat əlavə edib ki, atəş əmri birbaşa Ermənistan ordusunun ali baş komandanından alınıb və məsuliyyət bilavasitə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür: “Bu, onların məqsədyönlü dövlət siyasətinin tərkib hissəsidir. Ermənistan ordusunun Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğu və status-kvonun davam etməsi bu kimi hadisələrin baş verməsinə səbəb olur. Bu hal regional sülh və təhlükəsizlik üçün təhdiddir. Anjey Kaspşik təmas xəttinin hər iki tərəfində araşdırma aparır, düşünürük ki, bu araşdırmalarla bağlı ədalətli bəyanat verəcək”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2016-cı il təvəllüdü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə yaralanıb.


Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Cəbhə   Alxanlı   Təxribat  





Xəbər lenti