Radikallığı təbliğ edən 39 kitab ölkəyə buraxılmayıb

Radikallığı təbliğ edən 39 kitab ölkəyə buraxılmayıb
  04 İyul 2017    Oxunub:1705
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Komitədən AzVision.az-a verilən xəbərə görə,iclasda Kollegiya üzvləri ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev, həmçinin, Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

İclasda çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Komitə cari ilin birinci yarısında vəzifəsindən irəli gələn funksiyaların həyata keçirilməsi istiqamətində mövcud qanunvericiliyi, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq, milli və dövlətçilik maraqlarının qorunması yolunda fəaliyyətini davam etdirib. Dini durumun öyrənilməsi, dini icmalarla işin gücləndirilməsi, radikal dini cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görülüb. Din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılmasına qarşı mübarizə mümkün vasitələrlə davam etdirilib, bu istiqamətdə qabaqlayıcı, profilaktik və maarifləndirmə işləri aparılıb.

Mübariz Qurbanlı vurğulayıb ki, Komitənin əsas fəaliyyəti dini etiqad və vicdan azadlığını təmin etmək, dini qurumları dövlət qeydiyyatına almaq, dini radikalizm və ekstremizmlə mübarizə çərçivəsində dini maarifləndirmə işini təşkil etmək, dini qurumlarla əməkdaşlığı genişləndirmək, Azərbaycanın zəngin multikultural ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ etmək istiqamətində olub.

Eyni zamanda Dövlət Komitəsi fəaliyyətini aidiyyəti orqanlarla koordinasiya edərək, hüquq-mühafizə, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti dövlət qurumları, eləcə də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və başqa dini mərkəzlərlə yaxından əməkdaşlıq edib. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan milli-mənəvi dəyərlərimizin təbliğinə dövlət qayğısını önə çəkən Komitə sədri bildirib ki, cari ilin 6 ayı ərzində ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına müvafiq olaraq bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib.

İclasda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, Dövlət Komitəsi tərəfindən 2017-ci ilin 6 ayı ərzində ölkədə dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə məlumat bazasının zənginləşdirilməsi prosesi davam etdirilib. Dini icmaların fəaliyyətinə dəstəyin gücləndirilməsi, radikal dini cərəyan və təriqətlərin ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün maarifləndirmə işlərinin aparılması ilə bağlı tədbirlər həyata keçirilib. Səyyad Salahlı bildirib ki, ölkə ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə 2246 məscid mövcuddur. 727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib. Qeyd olunub ki, 2017-ci ilin yanvar-iyun aylarında dini qurumların dövlət qeydiyyatına alınması prosesi davam etdirilib, onların ümumi sayı 767-yə çatdırılıb, o cümlədən 10 “İslam Kolleci” Dövlət Komitəsində qeydiyyata alınıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 739-u İslam, 28-i qeyri-islam təmayüllüdür. Sonunculardan 17-si xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır.

Hesabat dövründə respublikada dini təhsillə bağlı vəziyyətin öyrənilməsi, dini təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasının təmin edilməsi, dini təhsillə əlaqəli proseslərin izlənilməsi, müqəddəs kitabları öyrənmə kurslarının fəaliyyətinə nəzarətin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib. Belə ki, respublika üzrə 161 ünvanda dini kursların təşkil edildiyi qeydə alınıb. Onlardan 9-u istisna olmaqla, hamısı məscidlərdə təşkil edilən Quran kurslarıdır. Ümumilikdə respublika üzrə 204 kurs fəaliyyət göstərir ki, onlardan 140-ı oğlan, 64-ü isə qız tələbələr üçün nəzərdə tutulub.

Ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində iş davam etdirilib. Ümumilikdə idxalla bağlı 2017-cı ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 897 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 39 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilən 139 adda dini ədəbiyyata baxılaraq, onlardan 3-nün çapı məqsədəuyğun sayılmayıb. 2017-ci ilin müvafiq dövrü ərzində 7 ixtisaslaşdırılmış satış məntəqəsinin fəaliyyətinə razılıq verilib.

Səyyad Salahlı bildirib ki, müvafiq dövr ərzində Dövlət Komitəsi tərəfindən dini radikalizm və ekstremizmlə mübarizə, milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, həmçinin, radikalizmə və fanatizmə alternativ kimi ənənəvi İslamın dirçəldilməsi, hərtərəfli maarifçilik işini özündə ehtiva edən kompleks işlərin həyata keçirilməsi istiqamətində dini maarifləndirmə tədbirləri respublikanın bütün bölgələrində yerli icra hakimiyyəti orqanları, qeyri-hökumət və gənclər təşkilatları, ziyalılar, din xadimləri və dini icmaların iştirakı ilə təşkil olunub.
Vurğulanıb ki, İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi barədə imzalanmış 10 yanvar 2017-ci il tarixli Sərəncama uyğun olaraq, Dövlət Komitəsi tərəfindən müvafiq dövr ərzində “İslam həmrəyliyi sülhə çağırışdır”, “İslam həmrəyliyi İslamda birgəyaşayış ənənələrinə xidmət edir”, “İslamda həmrəyliyə və tolerantlığa çağırış”, “Dini radikalizm İslam həmrəyliyinə təhdiddir”, “İslam həmrəyliyi: tolerantlıq və İslam mədəniyyəti”, “İslam həmrəyliyinin radikallığın qarşısının alınmasında oynadığı rol” və s. mövzularda respublikanın bütün bölgələrində 130-dan artıq tədbir həyata keçirilib.

Həmçinin maarifçilik işi çərçivəsində cari il ərzində “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda 13 regional konfrans, “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda 12 seminar-müşavirə, “Dini radikalizmə qarşı mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda 9 seminar-treninq təşkil olunub.
Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Komitəsinin dini ekstremizmə qarşı mübarizəyə dair 2017-ci il üçün birgə Tədbirlər Planı çərçivəsində Bakı, Lənkəran şəhərlərində, Ağstafa, Göygöl və Salyan, Göyçay, Zaqatala rayonlarında regional müşavirələr keçirilib.
Dövlət Komitəsi ilə Təhsil Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış 2017-ci il üçün Fəaliyyət Planı çərçivəsində təhsil müəssisələrində 170-dən artıq, cəzaçəkmə müəssisələrində isə 8 tədbir baş tutub.
Dini icmalarda dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi sahəsində müvafiq işlər görülüb. Belə ki, 20 Yanvar faciəsinin ildönümü ərəfəsində, Xocalı faciəsinin, eləcə də 31 mart Azərbaycanlıların Soyqırım Gününün ölkə dindarları tərəfindən qeyd olunması, bu faciələr barədə həqiqətlərin insanlara, xüsusən gənc nəslə çatdırılması üçün dini icmalarla yaxından əməkdaşlıq edilib.

Həmçinin dövlət başçısı İlham Əliyevin 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən, Prezidentin ehtiyat fondundan Dövlət Komitəsinə ayrılmış 2,5 milyon manat vəsait hesabına ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmaların təqdim etdiyi layihələrin maarifləndirmə və ideoloji baxımdan dəyərləndirilməsi həyata keçirilib və layihələrin hazırlanmasına metodiki dəstək verilib. İndiyədək İslam dini icmaları tərəfindən təqdim edilən 197 layihə maliyyələşdirilib. Dövlət Komitəsi sədrinin birinci müavini hesabat dövründə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərimizin təbliği və dini radikalizmlə mübarizə çərçivəsində “Azərbaycanda dini məsələ: təhdidlər və hədəflər”, "World’s famous muslim athletes” (“Dünyanın məşhur müsəlman idmançıları” kitabı ingilis dilində çap olub və IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən idmançılara paylanıb), “Nardaran və nardaranlılar”, “Azərbaycanda Xristianlıq: keçmişdən bu günə”, “Multikulturalizm: Panaseya yoxsa Alternativ”, “Tolerantlıq və Multikulturalizm: Beynəlxalq sənədlər toplusu”, “Azərbaycan Tolerantlığı Dünyanın gözü ilə”, “İslam terroru, zorakılığı rədd edir”, “Dinin siyasiləşməsi ideoloji təhdiddir”, “Dünyəvi dövlətdə dini təhsil: praktika və problemlər”, “XXI əsrin ən böyük bəlası: İŞİD”, “Müasir dövrdə dini zəmində baş verən münaqişələr”, “İslam adı altında gizlənən terror təşkilatları” adlı kitab və broşürlərin nəşr olunduğunu diqqətə çatdırıb.

Dini qurumlarla iş üzrə şöbənin müdiri Əliheydər Zülfüqarov isə Ramazan ayının yekunları barədə məlumat verib. Bildirib ki, Dövlət Komitəsi Ramazan ayı ilə bağlı ardıcıl tədbirlərin həyata keçirilməsi, eyni zamanda ay boyunca dini durumun nəzarətdə saxlanılması, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlərin aparılması istiqamətində müvafiq işləri davam etdirib. Ramazan ayından öncə əsas məscidlərin axund və imamları, habelə, dini icmaların sədrləri ilə müvafiq söhbətlərin aparılıb, hər bir bölgənin yerli xüsusiyyətləri nəzərə alınmaqla qabaqlayıcı tədbirlər görülüb.

Ramazan ayı boyunca icra olunan ibadətlərin vaxtları ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə təqvim hazırlayıb. Dövlət Komitəsi tərəfindən dini icmalarla, din xadimləri və dindarlarla aparılan söhbətlərdə ölkə üçün sözügedən təqvimin mötəbərliyi önə çəkilib, həm şifahi, həm də mətbu orqanlar vasitəsi ilə yalnız həmin təqvimdən istifadə tövsiyə edilib.

Əliheydər Zülfüqarov qeyd edib ki, “İslam Həmrəyliyi İli”ndə Ramazan ayı ölkəmizdə yüksək səviyyədə keçirilib. Ay boyu dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib. Dini icmaların sərbəst şəkildə təravih namazlarının icrası, qədr gecələrinin əhya edilməsi ilə bağlı lazımi şərait yaradılıb. Bundan başqa, Respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən və dövlət qeydiyyatına alınmış dini icmalar ziyalılar, din xadimləri, ağsaqqallar, şəhid ailələri, müharibə veteranları və Dövlət Komitəsinin əməkdaşlarının iştirakı ilə iftar süfrələri ətrafında dini maarifləndirici tədbirlər keçiriblər. Qeyd olunan bütün tədbirlərdə dindarlarla söhbətlər aparılıb, ümumi həmrəylik, vəhdət mühiti yaradılıb. Kütləvi informasiya vasitələrində Ramazan ayı ilə bağlı maarifləndirmə tədbirləri cari ildə daha yüksək səviyyədə təşkil edilib. Xüsusilə “Cəmiyyət və Din” qəzetində müvafiq məqalələr dərc olunub, həmçinin, İctimai Televiziyada Dövlət Komitəsinin müəllif proqramı olan “Din və Cəmiyyət” və Space telekanalında yayımlanan “İnam” proqramlarında Ramazan ayına həsr edilmiş mövzular müzakirə olunub.

Kollegiya iclasında eyni zamanda, Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və Quba bölgəsi üzrə şöbənin müdiri Eynulla Nurullayevin hesabat məruzələri dinlənilib. İclasda daha sonra cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.

AzVision.az



Teqlər: Dini-komitə   İclas   Mübariz-Qurbanlı  





Xəbər lenti