"Xalq Cəbhəsi sərsəm islahatları ilə ölkəyə əzab verirdi" - Proxanov

"Xalq Cəbhəsi sərsəm islahatları ilə ölkəyə əzab verirdi" - Proxanov
  04 İyul 2017    Oxunub:3689
“Azərbaycan doğulmağa macal tapmamış ölürdü. Hakimiyyəti kommunistlərin əlindən alan Xalq Cəbhəsi sərsəm islahatları, idarə etməyi və döyüşməyi bacarmaması ilə ölkəyə əzab verirdi”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri tanınmış rusiyalı ictimai xadim, “Zavtra” qəzetinin baş redaktoru, yazıçı Aleksandr Proxanov “Bakı – həyat ağacı. Yeni Azərbaycan sivilizasiyası bütün xalqların, mədəniyyətlərin, dillərin və ənənələrin simfoniyası üzərində qurulur” adı məqaləsində qeyd edib.

Onun sözlərinə görə, Xalq Cəbhəsi dövründə Qarabağda bir-birinin ardınca rayonları itirən Azərbaycan çalxalanırdı, parçalanmaq həddində idi: “Azərbaycanda diletantlar, fırıldaqçılar və sərsəmlər meydan oxuyurdular. Heydər Əliyev bu xaosu aradan qaldırmalı oldu. Öz iradəsi, incə strategiyası ilə sərsəm Xalq Cəbhəsini cilovlaya bildi, ölkənin içərilərinə doğru irəliləməyə can atan erməni qoşunlarının hücumunu dayandırdı. Heydər Əliyev elə bir təməl qoydu ki, onun üzərində yeni Azərbaycan dövləti ucalmağa başladı”.

Proxanov daha sonra qeyd edib: “Dövlət güc strukturlarını yaratdı. Xalq Cəbhəsi dövründə Azərbaycanın ordusu olmayıb – yaxşı təchiz edilmiş erməni hissələrinin zərbələrinə davam gətirməyən pis silahlanmış, nizamsız qruplaşmalar olub. İndi isə dövlət neft gəlirlərindən istifadə edərək yeni ordu - ən müasir silahlarla təchiz olunmuş, gözəl zabit korpusu olan nizami ordu yaradıb. Həmin ordu ötən ilin yazında Dağlıq Qarabağ ətrafında döyüşlər zamanı qələbə əzmini nümayiş etdirib. Bu ordu ermənilərin ələ keçirdikləri ərazilərin bir hissəsini işğaldan azad edib. Hücum Moskvanın təkidi ilə dayandırılıb”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: AXC   Proxanov   Azərbaycan  





Xəbər lenti