Uşaqları istidən necə qoruyaq? - Pediatr valideynlərə səsləndi

Uşaqları istidən necə qoruyaq? - Pediatr valideynlərə səsləndi
  03 İyul 2017    Oxunub:3457
“Havanın temperaturunun normadan yüksək olduğu vaxtda uşaqları istidən qorumaq vacibdir”.
Bunu AzVision.az-a pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, 1 yaşına qədər, xüsusən südəmər yaşlı uşaqlarda istiliyin tənzimlənməsi sona qədər formalaşmadığı üçün onlar temperatur dəyişikliyinə qarşı çox həssas olurlar.

“Təbabətdə belə qanun var ki, körpə 6 aylığına qədər ana südü əmirsə, ona əlavə maye vermək lazım deyil. Buna görə də onları əvvəlki vaxtlara nisbətən daha tez-tez əmizdirmək lazımdır. Ana daha çox maye - adi qaynanmış su qəbul etməlidir. Əgər körpəyə süni qida verilirsə, ona adi qaynanmış su da vermək olar. Uşaq tez-tez sərin, ilıq suda vanna qəbul etməlidir. Geyimləri təbii parçadan, yüngül olmalıdır. Təkcə bir uşaq bezində və ya qısa tumanda olsa daha yaxşıdır. Körpənin olduğu otaqda hava tez-tez dəyişdirilməlidir. Amma otaq müxtəlif soyuducularla (kondisioner) qurudulmamalıdır, rütubət təmin edilməlidir. Əgər uşaq çox narahat olarsa, döşü götürmürsə, suni qida qəbul etmirsə, dodaqları qurudursa, o zaman təcili həkimə müraciət etmək lazımdır”.

V.Qarayev qeyd edib ki, nisbətən böyük uşaqlara adi qaynandılmış su və ya uşaqlar üçün marketlərdə satılan su verilə bilər: “Onlara rəngli, qazlı su qətiyyən vermək olmaz. Uşaq tərləsə yaxşıdır, çünki bununla istilik bədəndən xaric olur. Amma orqanizmə əlavə fiziki yük vermək düzgün deyil. Uşağın tez-tez sərin su ilə çimizdirilməsi məqsədəuyğundur. Otaqda hava tez-tez dəyişdirilməli, rütubət təmin olunmalıdır. Paltarları açıq rəngli təbii parçalardan-"nəfəs alan"- olmalıdır. Geyim uşağın sərbəst hərəkətinə mane olmamalıdır. Uşaqların havada olması yaxşıdır, amma saat 11:00-17:00 arası uşaq açıq havada olmamalıdır. Günəşdən qorunmaq üçün müxtəlif qoruyucu krem və losyonlardan (parfum əlavəsi olmayan) istifadə etmək olar. Amma evə gələn kimi bədən bu vasitələrdən təmizlənməlidir. Qida rasionunda daha çox meyvə-tərəvəzə üstünlük verilməlidir. Ət yeməklərini məhdudlaşdırmaq məqsədəuyğundur”.

Aytən Zəhra
AzVision.az



Teqlər: Pediatr   Uşaq   ValideynXəstə   İsti-hava  





Xəbər lenti