Evlərdəki görünməz “qatil”: Hansı bölgələrimizdə radon təhlükəsi var? – MÜSAHİBƏ

Evlərdəki görünməz “qatil”: Hansı bölgələrimizdə radon təhlükəsi var? – MÜSAHİBƏ
  01 İyul 2017    Oxunub:36709
Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) ölkənin cənub bölgəsində radon riskli zonaları müəyyənləşdirmək məqsədilə tədqiqat aparır. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında radon təhlükəsinin tədqiqi və azaldılması üzrə 2014-2018-ci illər üçün Tədbirlər Proqramı” çərçivəsində aparılan tədqiqat işləri Salyan, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarının ərazisində həyata keçirilir.
Tədbirlər Proqramının həyata keçirilməsində Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyi iştirak edir. Tədqiqatlar zamanı radon riskli zonalar aşkarlanıb, qazın təbiəti öyrənilib, qapalı məkanlarda radonun həcmi aktivliyi təyin olunub.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geoloji Mühitin Radiometriyası şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Çingiz Əliyev AzVision.az-a müsahibəsində ölkəmizdə radon qazı təhlükəsi, insanların bu qaz səbəbindən ağ ciyər xərçənginə tutulmaları, ölüm halları, müdafiə tədbirləri ilə bağlı ciddi məqamlardan söhbət açıb.

- Mən 1970-ci illərdən Azərbaycanda radiasiya problemləri, radioaktiv fon, radioaktiv çirklənmələrin araşdırılması ilə məşğul oluram. Geologiya İnstitutunda bizim laboratoriya 1968-ci ildə yaradılıb. Mən də universiteti bitirdikdən sonra bu laboratoriyada işləməyə başladım. Hazırda laboratoriyanın rəhbəri də mənəm.



Radioaktiv elementler insan orqanizminə çox mənfi təsir göstərir. Qanda olan qırmızı və ağ qan hüceyrələrinin nisbəti pozulur. Nəticədə cürbəcür orqanlar öz fəaliyyətini itirmiş olur. Ağciyər xərçəngi kimi ağır xəstəlik meydana çıxır. Avropa ölkələrində radon probleminə xüsusi diqqət yetirilir.

İnsan radon qazı ilə nəfəs alırsa, ağ ciyərində müxtəlif ağır metallar yaranır. Həmin metallar çöküb ciyərlərdə qalır və sonda xərçəng xəstəliyinə gətirib çıxarır. Statistika göstərir ki, dünyada ağ ciyər xərçəngindən ölüm hallarına görə birinci yerdə siqaret, ikinci yerdə isə radon qazı ilə nəfəs almaq gəlir. Bizdə bu problemləri hələ təzə-təzə araşdırmağa başlayırlar...

- Tədqiqatlar barədə məlumat verərdiniz…

- Biz ancaq müxtəlif qrantlar hesabına işlər görürük. 2010-cu ildə İsveçrənin Elm Fondu İnkişaf etməkdə olan ölkələrdə belə tədqiqatların aparılmasına dəstək məqsədilə müsabiqə elan etdi. Biz də bir layihə hazırlayıb, həmin Fonda göndərdik. Onlar bizim layihəni dəstəklədilər və bildirdilər ki, Azərbaycanda bu problemin həllinə yardım göstərəcəklər. Ölkəmizə gəldilər, bizə 2500 ədəd detektor verdilər. Biz də Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinə müraciət etdik. Və 70-ə yaxın rayonda tədqiqat apardıq.

Biz əsasən rayonlara diqqət ayırmışıq. Çünki Bakıda vəziyyət normalıdır. Rayonlarda isə soyuq aylarda insanlar bir evə toplaşır, yeyib-içib yatırlar, havanı dəyişmirlər. Nəticədə həmin evlərdə toplanmış radon qazı ilə nəfəs alırlar.



Oktyabr, noyabr, dekabr aylarında həmin detektorlar evlərdə qaldı. Daha sonra detektorların hamısını yığışdırdıq. Tədqiqat başa çatdıqdan sonra cihazları İsveçrəyə aparıb yoxladılar, nəticələri bura göndərdilər.

- Nəticələr necə oldu?

- Azərbaycanda qorxulu bir şey yoxdur. Ancaq bəzi ərazilər var ki, ora nəzarət olunmalıdır.

- Radon evlərə necə daxil olur?

- Bu, yerlatı qırılmalarla əlaqəlidir. Azərbaycan seysmoaktiv zonada yerləşir. Yerdə müəyyən tektonik hərəkətlər baş verən zaman radioaktiv qazlar - o cümlədən radon əmələ gəlir və evlərə dolur.

- Tikinti materiallarından da radon qazı əmələ gələ bilirmi?..

- Ev tikilən zaman istifadə olunan tikinti materiallarının tərkibində radioaktiv elemetlərin miqdarı ilə bağlı müəyyən normalar mövcuddur. Kərpic, ya sementin tərkibində radioaktiv elementlər çox ola bilər. Onlar öz-özünə parçalanırlar. Bu prossesi dayandırmaq olmaz. Uran, radium elementləri parçalanırsa orada mütləq radon qazı çıxmalıdır. Radon qazının müəyyən bir hissəsi məişətdə qaz və sudan əmələ gəlir.

- Radon təhlüküəsi ölkəmizdə daha çox hansı bölgələrdədir?

- Şamaxı, İsmayıllı, Şəki-Zaqatala, Quba və Kür çökəkliyində müəyyən tədqiqatlar aparmaq lazımdır. Normadan artıq radon aşkarlandıqda müəyyən tədbirlər görülməlidir.



- Bəs evlərdə radon təhlükəsi aşkarladınızmı?

- Biz indi əhalini qorxutmaq istəmirik. Amma bəzi ərazilər olacaq ki, gedib orada dəqiq təkliflər verəcəyik. Əvvəllər ev üçün beton fundament qazırdırlar. Döşəmə ilə həmin hissənin arası boş olurdu. Evlərin zirzəmisində müəyyən çatlar yaranarsa, oranı mütləq betonlamaq lazımdır. Çünki həmin çatlardan radon qazı evə daxil ola bilər. Radon ancaq zirzəmi və birinci mərtəbələrdə yığılır, ağır qaz olduğu üçün yuxarı qalxmır.

- Radon təhlükəsindən qorunmaq üçün evlər necə tikilməlidir?

- Seçilən ərazisi betonlanmalı, bütün çatların üstü betonla örtürməlidir. Bu, birinci izolyasiyadır ki, radon qazı evə daxil ola bilməsin. İkincisi isə, payız-qış aylarında evlərin havasını tez-tez dəyişmək lazımdır. Hər iki-üç saatdan bir hava dəyişdirlməlidir. Ev tikilən zaman ventilyasiya sistemi qurulmalıdır ki, hava bayıra çıxsın.

90-ci illərdə tikinti məhsullarında çoxlu problemlər olurdu. O vaxtı kərpicləri yaxşı bişirmirdilər. Ona görə də, radon qazı əmələ gəlirdi. İndi isə tikinti məhsulları yoxlanılır. Hamısına sertifikat verilir və normaya da uyğun olur. Yəni mən yoxladığım betonda, sementdə, alçipanda normadan çox radioaktiv elmentlərə rast gəlməmişəm.

- Bəs həmin ərazilərdə yaşayan sakinlərə nə məsləhət verərdiniz? Radon qazından necə qorunsunlar? Evlərini söksünlər?

- Biz camaatı qorxutmaq istəmirik. Sonra mənə burada rahat işləməyə imkan vermirlər. Ona görə də, jurnalistlərə görüşmürəm. Keçən il Gədəbəydə tədqiqat aparırdıq. Jurnalistlər gəlib gördülər ki, biz ordayıq. Gedib, özlərindən məlumat uydurdular ki, guya Gədəbəy ərazisində vəziyyət dəhşətdir, insanlar evlərdən çıxmalıdır. Məni buna görə Prokurorluğa dəvət etmişdilər. Sağ olsun Akademiyanın rəhbərliyi ki, məsələni həll etdi…



Hələ tədqiqatlar davam edir. 2018-ci ildə proqram bitəcək. Bayaq qeyd etdiyim qurumlarla birgə yekun sənəd hazırlayaraq, Nazirlər Kabinetinə təklifimizi verəcəyik.

Hafiz Əhmədov
Foto: Elvin Abdulla
AzVision.az



Teqlər: #Radon   #Təhlükə  





Xəbər lenti