2017-ci ilin dövlət büdcəsi dəyişdirildi - Yenilənib

2017-ci ilin dövlət büdcəsi dəyişdirildi - Yenilənib
  30 İyun 2017    Oxunub:6580
Bu gün Milli Məclisin sonuncu növbədənkənar iclasında 2017-ci ilin dövlət büdcəsinə ediləcək dəyişiklər müzakirəyə çıxarılıb.
AzVision.az-ın məlumatına görə, iclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ilin yenidən baxılan dövlət büdcəsinin gəlirləri gözlənilən ÜDM-in 25,2%-ni təşkil etməklə, mütləq ifadədə 16 766 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur.

Nazirin sözlərinə görə, yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1 041 mln. manat artırılaraq 17 941 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq: “Bu ilin dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2 383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq, 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq. Yenidən baxılan Azərbaycanın 2017-ci il dövlət büdcəsinin kəsiri təsdiq olunmuş göstəriciyə nisbətən 530 mln. manat və ya 82,2% artırılaraq 1 175 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-in 1,8%-nə bərabər olacaq”.

S.Şərifov qeyd edib ki, büdcənin gəlirlərinin Mərkəzi Bankın mənfəətinin 250 mln. manatlıq bir hissəsinin büdcəyə alınması, Vergilər Nazirliyi xətti ilə əlavə 135 mln. manat, Gömrük Komitəsi vasitəsi ilə isə 50 mln. manat əlavə vəsaitin büdcəyə cəlb edilməsi və digər mənblər vasitəsilə təmin edilməsi nəzərdə tutulur:

“Büdcənin artan xərcləri daha çox sosial xarakterli tədbirlərə və bank sahəsində yaranmış problemlərin yumşaldılmasına yönəldiləcək. Burda qazın qiymət fərqi ilə bağlı Neft Şirkətinin ziyanını qarşılamq üçün 250 mln. manat, lisenziyası alınmış 11 bankın əmanətçilərinə ödəniş üçün Əmanətlərin Sığortalanması Fondunun Nizamnamə kapitalının artırılmasına 546 mln. manat və sair bu kimi xərclər xüsusi yer tutur. Azərbaycanın 2017-ci il dövlət büdcəsinə ediləcək dəyişiklikdən sonra builki icmal büdcənin gəlirləri 22 840,9 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 2 820,2 mln. manat və ya 14,1% çoxdur. İcmal büdcənin xərclərinin isə təsdiq edilmiş göstəriciyə nisbətən 3,7% və ya 1 051,0 mln. manat artırılaraq 29 818,2 mln. manata çatdırılması nəzərdə tutulur”.

***

Müzakirələrdən sonra 2017-ci dövlət büdcəsinə dəyişiklik təsdiq olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Büdcə   Samir-Şərifov  





Xəbər lenti