Proxanovun Bakı səfərinin əhəmiyyəti - ŞƏRH

Proxanovun Bakı səfərinin əhəmiyyəti - ŞƏRH
  29 İyun 2017    Oxunub:4202
Rusiyanın tanınmış yazıçısı, “Zavtra” qəzetinin baş redaktoru, ictimai-siyasi xadim Aleksandr Proxanovun Bakıya səfəri maraqlı müzakirələrə səbəb olub. Onun Azərbaycana gəlişi yerli KİV-lərlə yanaşı, Rusiya, eləcə də Ermənistan mətbuatı tərəfindən diqqətlə izlənilib.
Səfərdən sonra müsahibə verən Proxanov Azərbaycan prezidenti İlham Əliyevlə bir sıra məsələlər ətrafında fikir mübadiləsi apardığını deyib.

“Bakıya səfərim zamanı prezident İlham Əliyevlə saat yarım söhbətləşdik. Onunla Azərbaycanın, Rusiyanın və bütün bəşəriyyətin aktual problemlərini müzakirə etdik”.

Tanınmış ictimai xadim Bakıya səfəri zamanı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə də görüşüb.



“Mən Mehriban xanım Əliyeva ilə görüşə dəvət olundum və bizim söhbətimiz 45 dəqiqə davam etdi. Lakin biz bu görüşdə siyasətdən yox, fəlsəfədən, həyata baxışlardan, bizim bugünkü əzabkeş dünyamızda yaranan ideyalardan danışdıq. Bu, siyasətçidən daha çox iki kulturoloqun söhbəti idi”.

“Əliyevlər sizdə hansı təəssürat oyatdı” sualına Proxanov cavab verərək onların ziyalı insanlar olduqlarını söyləyib: “Çox yaxşı. Ağıllı, ziyalı adamlardır. Mənə onlarla söhbət etmək çox maraqlı idi. Görüşlərə görə onlara minnətdaram”.

Siyasi ekspertlər hesab edirlər ki, Proxanovun ölkəmizə səfəri Azərbaycan və Rusiya münasibətlərinin inkişafı baxımından olduqca əhəmiyyətlidir.

Millət vəkili Aydın Mirzəzadə AzVision.az-a bildirib ki, bu səfər Azərbaycan və Rusiya arasında yeni humanitar körpünün salınmasına xidmət edir:

“Azərbaycan dünya üçün çox maraqlı, cəlbedici bir ölkəyə çevrilməyə başlayıb. Ayır-ayrı ölkələrin tanınmış ziyalıları, elm, mədəniyyət, siyasət xadimləri vaxtaşırı Azərbaycana səfərlər edirlər. Rusiyanın tanınmış yazıçısı Aleksandr Proxanovun Bakıya səfəri, Azərbaycan prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşü, ölkəmizlə tanışlığı, ictimaiyyət nümayəndələri ilə görüşləri ilk növbədə Azərbaycanın müstəqil dövlət quruculuğunda qazandığı uğurların maraq doğurması ilə bağlıdır. Rusiyanın tanınmış yazıçısı, söz sahibi olan Aleksandr Proxanovun fikirləri hər zaman böyük auditoriya toplayır. Ölkəmizlə tanışlıq isə Azərbaycan və Rusiya arasında yeni humanitar körpünün salınmasına xidmət edir. Ümumən götürdükdə ölkələr arasında dostluq təkcə rəsmilərin münasibətləri ilə deyil, adi insan münasibətləri ilə də möhkəm olur. Bu səfər Rusiya ictimai fikrinin Azərbaycanı dərk etməsində, Azərbaycanı yaxından tanımasında, ağrılı yerimiz olan Dağlıq Qarabağın həm Azərbaycan, həm dünya üçün böyük problem olması qənaətinə gəlməsidə böyük rol oynaya bilər”.



A.Mirzəzadə qeyd edib ki, Proxanovun Azərbaycana gəlişi rus tanınmışların ölkəmizə ilk səfəri deyil: “Bundan sonra biz onlarla, yüzlərlə Rusiya və digər ölkə nümayəndələrinin Azərbaycana səfərinin şahidi olacağıq. Ulu Öndər Heydər Əliyevin vaxtilə dediyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikri, eyni zamanda xarici ölkələrin tanınmış şəxslərinin Azərbaycana marağında özünü göstərir. Azərbaycan bu gün diqqət cəlb etməyə bilməz. Azərbaycan müstəqil daxili və xarici siyasət yeridir. Qonşu dövlətlərlə mehriban qonşuluğa üstünlük verir. Azərbaycanın qədim tarixi, mədəniyyəti var. Bu gün ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi prestijli bir mərkəz sayılır. Bu baxımdan dünya Azərbaycanı yenidən kəşf etməyə başlayır. Azərbaycan dostluğa, qardaşlığa həmişə hazırdır. Aleksandr Proxanovun səfəri də bir daha Azərbaycan dövlətçiliyinin dünyaya dostluq mesajının qəbul edilməsinin bir nümunəsidir”.



Politoloq Fikrət Sadıqov isə bildirib ki, belə şəxsiyyətləri Bakıya dəvət etmək, reallıqlarla tanış etmək, onlarla təmasda olmaq həm Azərbaycanın, həm Rusiyanın maraqlarına cavab verir:

“Görkəmli ictimai xadim, yazıçı, publisist Aleksandr Proxanov Rusiyada müəyyən bir auditoriya, ictimai dairələr tərəfindən hörmətlə qəbul olunur. Onun Rusiya cəmiyyətində böyük çəkisi var. Eyni zamanda Rusiya rəhbərliyinə yaxın şəxsdir. Bu baxımdan nüfuzu böyükdür və təsiredicidir. Ona görə də Proxanovun Bakıya gəlməsi, Azərbaycan rəhbərliyi ilə görüşü böyük əhəmiyyət daşıyır. Çünki, onun bu görüşlərdən çox dərin təəssüratları oldu. Hesab edirəm ki, belə şəxsiyyətləri Bakıya dəvət etmək, reallıqlarla tanış etmək, onlarla təmasda olmaq həm Azərbaycanın, həm Rusiyanın maraqlarına cavab verir. Bu, bizim Rusiya ilə münasibətlərimizi daha da yaxınlaşdırır. Fikirlərimizi Rusiya cəmiyyətinə daha qabarıq şəkildə çatdıra bilirik. Bu baxımdan hesab edirəm ki, Proxanovun Azərbaycana səfəri çox böyük əhəmiyyət daşıyır və bu səfər yüksək dəyərləndirilməlidir”.

Politoloq hesab edir ki, Proxanovun səfəri Qarabağ münaqişəsinin Rusiya ictimaiyyətinə tanıdılmasında mühüm əhəmiyyətə malikdir.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Rusiya   Azərbaycan   Proxanov  





Xəbər lenti