Siyavuş Novruzov alimləri tənqid etdi: "Hamı gözləyir ki, dövlət pul ayırsın"

Siyavuş Novruzov alimləri tənqid etdi: "Hamı gözləyir ki, dövlət pul ayırsın"
  29 İyun 2017    Oxunub:8116
“Ali təhsil alım, diplom alıb gedim” deyirlər. Lakin düşünmürlər ki, savadlı olmaq lazımdır.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
O qeyd edib ki, bu tendensiya eyni zamanda elmlər namizədi, elmlər doktoru səviyyəsində də müşahidə edilir.

“Onlar düşünmürlər ki, aldıqları diplomun çalışdığı müəssisə, xalq, cəmiyyət üçün əhəmiyyəti nədən ibarətdir. Hər bir professor, hər bir elmlər doktoru fəxrlə yetişdirdikləri elmlər doktoru, elmlər namizdələrinin statistikasını qeyd edir. Amma qeyd etmir ki, nə qədər elmi işim sənayeyə, kommersiyaya tətbiq edilib. Bundan ali məktəblər, AMEA-nın institutları nə qədər gəlir əldə edib. Nəticə etibarı ilə bunun müzakirəsi aparılmalıdır”.

S.Novruzov qeyd edib ki, 2016-ci ildə dünyaca məşhur elmi jurnallarda 500-ə yaxın məqalə dərc olunub: “Bunun 200-ü Bakı Dövlət Universitetinin alimlərinin, 200-ü isə AMEA-nın 30-a yaxın institutlarının nəticələridir. Yerdə qalan hallarda hansı addımlar atılmalıdır ki, Azərbaycanın tanınması və elminin inkişafı üçün xidmət göstərilsin. Fikirlər səsləndirilir ki, dəqiq elmlər və humanitar elmləri fərqləndirmək lazımdır. Qeyd edilir ki, dəqiq elmlər özü qazanc gətirməli, humanitar elmlər isə dövlət tərəfindən maliyyələşməlidir. Bununla müəyyən qədər razılaşmaq olar. Lakin alimlər tərəfindən də axtarışlar olmalıdır, onlar kommersiya strukturlarına öz təkliflərini verməlidirlər. Təəssüflər olsun ki, bu addımlar atılmır. Hamı gözləyir ki, dövlət tərəfindən büdcə ayrılsın və sərf olunsun”.

Komitə sədri hesab edir ki, alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır: “İnstitutlarda, universitetlərdə alim hansısa təkliflə çıxış edirsə və bundan vəsait daxil olursa, onun bir hissəsi professora və AMEA-nın elmi tədqiqat institutlarına cəlb edilməlidir. Dövlət tərəfindən müəyyənləşdirilən ştat vahidi var. Biri də var ki, kimsə işləyir, digəri isə onun hesabına yaşayır. Hər bir alimin işinə görə əlavə ödənişlər verilməlidir. Hesab edirəm ki, Azərbaycanın gələcək iqtisadiyyatının elm əsasında qurulması istiqamətində nə qədər tez addım atılsa, o qədər qazanc gələ bilər”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Siyavuş-Novruzov  





Xəbər lenti