Azərbaycanın strateji əhəmiyyəti ABŞ Konqresində müzakirə olunub

Azərbaycanın strateji əhəmiyyəti ABŞ Konqresində müzakirə olunub
  29 İyun 2017    Oxunub:2223
27 iyun tarixində Vaşinqtonda 2-ci Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Forumu ABŞ-ın paytaxtında öz işini davam etdirmiş və bu çərçivədə ABŞ Konqresi və Dünya Bankında tədbirlər təşkil edilib. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir.
ABŞ Konqresindəki tədbir açan Mərkəzi Asiya və Qafqaz İnstitutunun nümayəndəsi Mamuka Tsereteli əsas natiqlər qismində respublikaçı konqresmenlər, Nümayəndələr Palatasının Qaydalar Komitəsinin sədri Pit Seşns və Nümayəndələr Palatasının Kiçik Biznes Komitəsinin sədri Stiv Çabotu, habelə ABŞ Nəqliyyat Komandanlığının Strategiya, Qabiliyyətlər, Siyasət və Logistika direktoru, kontr-admiral Laurens Caksonu təqdim edib.

Texasdan konqresmen olan respublikaçı Pit Seşns öz çıxışında ABŞ-ın region ölkələri ilə daha yaxından əməkdaşlıq etmək istəyini ifadə etmişdir. O, region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir edərək bu dövlətlərin Şərqlə Qərb arasında daha yaxşı bazar iqtisadiyyatı yaratmasının ABŞ-ın böyük marağında olduğunu vurğulamışdır. ABŞ-ın region dövlətləri ilə sabit münasibətlər qurmasını önə çəkən konqresmen, ABŞ Dövlət katibi Reks Tillersonun regionu və oranın insanlarını anladığını, habelə ABŞ və region dövlətləri arasında uzunmüddətli münasibətlərin qurulması üçün geniş əməkdaşlığın, o cümlədən iqtisadi və humanitar mübadilələrin vacibliyini bildirib.

Daha sonra Ohayodan olan respublikaçı konqresmen Stiv Çabot çıxış etmişdir. O, ötən yayda Azərbaycan və Gürcüstana səfərini xatırladaraq bu regionun xüsusi vacibliyinə diqqəti çəkmişdir. Trans-Xəzər dəhlizi ölkələrinin bir araya gələrək sözügedən Forumu təşkil etməsininin əlamətdar hadisə olduğunu və ABŞ tərəfindən təqdir edildiyini vurğulamışdır. O, dünya okenanına birbaşa çıxışı olmayan əksər Trans-Xəzər dəhlizi dövlətlərinin güclü qalması və inkişaf etməsi üçün region dövlətləri arasında birgə işləməyin vacibliyinə toxunmuş, bunun üçün regional əməkdaşlıq və ticarətin artırılmasının xüsusi önəmini qeyd etmişdir.

ABŞ Nəqliyyat komandanının region ölkələrinə təşəkkürünü ifadə edən kontr-admiral Laurens Cakson Trans-Xəzər dəhlizinin və həyata keçirilən əməkdaşlığın əhəmiyyətini önə çəkmişdir. O, Əfqanıstanda həyata keçirilən beynəlxalq səylərin təminatı üçün Trans-Xəzər dəhlizinin xüsusi rolunu vurğulamışdır. L.Cakson ötən il Azərbaycana səfərini xatırladaraq infrastruktur inkişaflarından mütəəssir olduğunu, o cümlədən qatarların Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gələrək buradan müasir üsullarla bərələr vasitəslə daşınmasını müşahidə etdiyini vurğulamışdır. O, Azərbaycan və dəhliz ölkələri ilə ABŞ Nəqliyyat Koamndanlığının münasibətləri daha da inkişaf etdirmək istəyini ifadə etmişdir. Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Cozef Danford Nəqliyyat Komandanlığının Azərbaycanla yaxın tərəfdaşlıq münasibətlərinə malik olduğunu, Komandanlığını Azərbaycanda yaradılmış imkanlar və dəstəkdən məmnunluğunu və bu münasibətləri qoruyub saxlamaq istədiyini ifadə etmişdir.

Bundan sonra baş tutmuş panel müzakirələrində ölkəmizi təmsil edən Tranzit daşımaları üzrə Əlaqələndirmə Şuranın ofis rəhbəri Elçin Əhmədov Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti, Dövlət Neft Şirkətinin rəsmisi Viyaliy Bəylərbəyov Azərbaycanın enerji siyasəti, enerji dəhlizləri, bu şirkətin regionda gördüyü işlər, mövcud və tikilməkdə olan neft və qaz layihələri barədə danışmışdır. V.Bəylərbəyov Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Cənub Qaz Dəhlizinin region və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətini vurğulamışdır.

Trans-Xəzər Forumunun növbəti tədbiri Dünya Bankında keçirilmişdir. Tədbirdə çıxış etmiş Dünya Bankı Qrupunun icraçı direktoru Verner Qruber təmsil etdiyi qurumun Trans-Xəzər dəhlizi ölkələrinə həyata keçirilən infrastruktur layihə, sərhəd-keçid və gömrük prosedurlarının asanlaşdırılmasını dəstəkləməyə hazır olduğunu qeyd etmişdir. Daha sonra Trans-Xəzər dəhlizində fiziki infrastruktur və daşınmaların sürətləndirilməsi üçün Dünya Bankının ekspertləri ilə müzakirələr aparılmışdır. Azərbaycan tərəfindən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Şahin İsmayılov çıxış edərək mövzu üzrə və ölkəmizin apardığı regional əməkdaşlıq barədə məlumat vermişdir.

Forumla bağlı növbəti tədbir Strateji və Beynəlxalq Araşdırmalar (Center for Strategic and İnternational Studies) və Boeing şirkəti tərəfindən təşkil olunan yüksək səviyyəli şam yeməyi formatında baş tutmuşdur. Tədbirdə dəhliz dövlətlərinin səfirləri, ABŞ administrasiyası nümayəndələri və biznes təmsilçilərinin iştirakı ilə regional siyasi, biznes və digər inkişaflar mövzusunda müzakirələr keçirilmişdir. Tədbirdə Boeing şirkətinin nümayəndəsi Azərbaycanın regional nəqliyyat “qovşağ”ına çevrilməkdə olduğunu vurğulamışdır.

Xatırladaq ki, Forumun əsas məqsədi Trans-Xəzər nəqliyyat dəhlizi dövlətləri - Azərbaycan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Əfqanıstan və Türkmənistan - tərəfindən həyata keçirilən infrastruktur layihələri, mövcud biznes və sərmayə imkanaları barədə ABŞ-ın siyasi, akademik və biznes ictimaiyyətinin məlumatlandırılmasıdır.

Forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə və Türkmənistanın ABŞ-dakı səfirliklərinin təşkilatçılığı ilə həyata keçirilir. Forumun tərəfdaşları qismində Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Boeing, ABŞ Ticarət Palatası, ABŞ-Azərbaycan Ticarət Palatası, Xəzər Siyasət Mərkəzi, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şuası çıxış edir. Həmçinin, Xəzər Siyasət Mərkəzi Forumun informasiya və analitik təminatçısı rolunda çıxış edir. Bu ilki foruma Boeing, Türk Hava Yolları və General Electric şirkətləri tərəfindən sponsorluq edilir.

Trans-Xəzər Forumu çərçivəsində baxılan mövzular sosial mediada da böyük marağa səbəb olmuş və geniş şəkildə işıqlandırılmışdır.

Forumda Azərbaycanı Tranzit daşımaları üzrə Əlaqələndirmə Şurası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, SOCAR, Azərbaycan Dəmir Yolları, Azərbaycan Hava Yolları, "Silk Way" şirkəti və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin nümayəndələri təmsil edir.

Qeyd edək ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gəlmiş Trans-Xəzər Forumu 2016-cı ildən başlayaraq illik əsaslarda Vaşinqton şəhərində keçirilməyə başlamışdır. Forum çərçivəsində illik tədbirlərlə yanaşı müntəzəm əsaslarda ABŞ-ın siyasi, biznes və akademik dairələri ilə təmasların saxlanması, onları dəhliz ölkələrində görülən işlər barədə məlumatlandırılması həyata keçirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Qalereya




Teqlər: ABŞ   Azərbaycan   Konqres  





Xəbər lenti