Azərbaycanlı deputatın hazırladığı sənəd Avropa Şurasında

Azərbaycanlı deputatın hazırladığı sənəd Avropa Şurasında
  29 İyun 2017    Oxunub:1319
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində Azərbaycanlı deputat Rafael Hüseynovun hazırladığı “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı yeni tövsiyə xarakterli sənədi müvafiq imzalar toplayıb və aktual qətnamə layihəsi kimi AŞPA katibliyinə təqdim edilib.
Rafael Hüseynovun “Təhsilin məktəblilərin ehtiyaclarına yönəldilməsi” adlı sənəd AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin prioritetləri sırasında yer alıb. Müxtəlif Avropa ölkələrindən olan 30-dan çox deputatın dəstəkləyərək imzaladığı bu tövsiyə xarakterli sənəddə orta təhsilin səviyyəsinin yüksəldilməsini təmin edəcək bir sıra istiqamətlərə diqqət yönəldilib. Sənəd təklif olunan mövzu ilə bağlı bütün təfərrüatları əks etdirəcək xüsusi məruzənin tərtib edilməsini nəzərdə tutur.

Sənəddə diqqətə çatdırılıb ki, məktəblər qəbul edilmiş ənənəvi sistem üzrə işləyir və bu da bir sıra hallarda uşaqlara daha effektli bilik verilməsinə aparmır. Təsdiq edilmiş proqramlar, vəsaitlər və hamı üçün eyni olan dərsliklər əsasında sinif otaqlarında dərs aparmaq müəllimlər üçün rahat olsa da, həmişə qənaətbəxş nəticələr vermir və yeni yanaşmaları zəruriləşdirir. Məktəbi və təhsili şagirdlərin ehtiyaclarına uyğunlaşdırmaq təhsilin səviyyəsini yüksəldə bilər.

Təhsilin fərdiləşdirilməsi, hər şagirdin tələblərinin, maraqlarının, səylərinin, mədəni-intellektual səviyyəsinin nəzərə alınmasını zəruriləşdirir. Fərdiləşdirmə həm istedadlı, həm də fiziki qüsurlu şagirdlərin gözləntilərinə daha müvafiq cavab verməyi sürətləndirə bilər. Eyni zamanda, yeni model Avropa təhsil sistemindəki islah xarakterli təhsilin də mükəmməl tələblər sisteminin hazırlanmasına imkan verər.

Assambleya bu mövzunun müxtəlif istiqamətlərini araşdırmaqla Avropada məktəb təhsil sisteminin təkmilləşdirilməsinə xidmət edəcək, hər məktəbliyə daha yaxşı və daha fərdi təhsil vermək imkanı yaradacaq təkliflər silsiləsini təqdim edən məruzənin hazırlanmasını gərəkli hesab edib.

Rafael Hüseynovun hazırladığı tövsiyə xarakterli sənəd mədəniyyət, elm, təhsil və media komitəsində ilkin müzakirədən keçərək yüksək qiymətləndirilib, bu mövzu ilə bağlı məruzəçi təyin edilməsi vəsadəti ilə AŞPA-nın Bürosuna müraciət edilib.

Qeyd edək ki, Rafael Hüseynovun indiyədək hazırladığı 100-ə yaxın sənədin bir qismi Parlament Assambleyasının bürosu tərəfindən ayrı-ayrı mühüm məruzələrin tərtib edilməsi üçün əsas kimi götürülüb. Azərbaycanlı deputat 2001-ci ildən 14 dəfə məruzəçi seçilib ki, bu Avropa Şurasında ən yaxşı göstəricilərdən hesab edilir.

Azərbaycanın milli və dövlət maraqlarını əhatə edən, eləcə də ümumavropa səciyyəli həmin məruzələr əsasən insan hüquqları, ekologiya, mədəniyyət, elm, jurnalistika, din azadlığı, qaçqın və məcburi köçkünlər problemlərinə həsr edilib.

Rafael Hüseynovun müəllifi olduğu “Avropada qaçqın və məcburi köçkünlərin təhsil problemləri”, “Avropa ali təhsil məkanının vahidliyi və beynəlxalq açıqlığı”, “Avropada jurnalistlərin peşəkar təhsili və treninqi” kimi məruzələr təhsil sahəsində Avropa Şurasının apardığı siyasət baxımından uğurlu nəticələr kimi dəyərləndirilib. (AzərTAc)

AzVision.az


Teqlər: AŞPA   Deputat  





Xəbər lenti