Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub

Rövnəq Abdullayev Gürcüstanda səfərdə olub
  28 İyun 2017    Oxunub:1170
SOCAR prezidenti Rövnəq Abdullayev iyunun 27-də Gürcüstana işgüzar səfərə edib.
AzVision.az SOCAR-ın saytına istinadən xəbər verir ki, R.Abdullayev həmin gün ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsini ziyarət edib və abidənin qarşısına gül dəstəsi qoyub.

Sonra SOCAR prezidenti ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin rəsmi görüşü olub. Görüşdə SOCAR-ın Sərmayələr İdarəsinin rəisi V.Əliyev və “SOCAR Energy Georgia”nın baş direktoru M.Məmmədov iştirak ediblər. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Qardabani rayonunda Azərbaycanlıların kompakt halda yaşadığı Qaratəhlə kənd orta məktəbinin idman zalının açılşı olub. Açılış mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, Hökumət Adminstrasiyasının rəhbərləri, Kvemo-Kartli regionunun qubernatoru Qriqol Nemsadze, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər. Bildirilib ki, 300 şagirdin təhsil aldığı kənd məktəbinin zalı SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə tikilib istifadəyə verilib. İki mərtəbədən ibarət, 276 kvadratmetrlik idman kompleksi müasir infrastrukturla təmin olunmuş, mərkəzi istilik və havalandırma sistemi quraşdırılıb. Kompleks “MStudio” arxitektor-dizayn kompaniyası tərəfindən layihələndirilib, tikinti işləri isə “Constrakşen Devolepment Compani” tərəfindən həyata keçirilib.

Daha sonra Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qrişaşvili 41 ünvanında görkəmli ictimai xadim, yazıçı Nəriman Nərimanovun ev muzeyinin təntənəli açılışı olub. Tədbirdə Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Qiorqadze, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov, səfirliyin nümayəndələri, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər. Qeyd olunub ki, Nərimanovun fəaliyyət sahəsi çox genişdir, o, ictimai-siyasi, jurnalistika və tibb sahəsində fəaliyyət göstərib. Ev muzeyinin bərpası zamanı Tbilisidə böyüyüb boya-başa çatmış ictimai-siyasi xadimin fəaliyyətinin öyrənilməsi məqsədi ilə bir çox tarixi arxiv materiallarına müraciət edilib. Bu isə bərpa zamanı maksimal dərəcədə dəqiqlik nümayiş etdirməyə kömək göstərir. Yenidən qurulmuş iki mərtəbəli, 248 kvadratmetrlik bina 6 ekspozisiyalı otaqdan ibarətdir. Layihə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib. Muzeyin qonaqları müasir interaktiv ekran vasitəsi ilə Nəriman Nərimanov haqqında məlumatları əldə edə bilərlər. Binanın həyətində qurulmuş mərmər büstün müəllifi heykəltəraş Novruz Musayevdir. N.Nərimanovun Tbilisidəki ev muzeyinin yenidən qurulması Azərbaycan və gürcü xalqlarının ortaq tarixi və mədəni əlaqələrinin tərənnümüdür.

AzVision.az


Teqlər: SOCAR   Rövnəq-Abdullayev  





Xəbər lenti