Bu gün Ramazan bayramıdır

Bu gün Ramazan bayramıdır
  26 İyun 2017    Oxunub:1955
İyunun 26 və 27-də Azərbaycanda Ramazan bayramı qeyd olunur.
AMEA Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə mayın 27-nə təsadüf edib. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayıb.

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətül-qədr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5).

Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlayır və 29-30 sutka davam edir. Quranda yazılır: "Yeyin, için, qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).

Orucluq İslamdan əvvəl də mövcud idi. Hələ qədim ərəblər öz "allahları" rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyurulduğu kimi, sizdən əvvəlkilərə də buyurulmuşdur".

Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Ramazan bayramı Azərbaycanda iki gün qeyd edilir.

Bayramınız mübarək!

AzVision.az


Teqlər: Ramazan  





Xəbər lenti