General BQXK nümayəndə heyətini qəbul edib

General BQXK nümayəndə heyətini qəbul edib
  24 İyun 2017    Oxunub:1165
Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndə heyətini qəbul edib.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, rəis müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə mütəmadi olaraq keçirilən işgüzar görüşlərdə penitensiar müəssisələrə çoxsaylı başçəkmələrin nəticələrinin, məhkumların saxlanma şəraitinin və digər maraq doğuran məsələlərin ətraflı müzakirə olunduğunu, eləcə də xidmət əməkdaşları üçün təşkil olunmuş tədris təlimlərini xatırladıb.

BQXK-nin Azərbaycandakı nümayəndəliyinin müdafiə İşləri üzrə koordinatoru Byorn Oliver Ram görüş iştirakçılarına Beynəlxalq Penitensiar Sistem üzrə regional məsləhətçi Stiven Constonu təqdim edib. Stiven Conston vurğulayıb ki, qısa müddət ərzində Penitensiar Xidmətin müəssisələrinə baş çəkib. Qonaq Umbakı qəsəbəsində yeni inşa olunan həbsxana ilə də tanış olduğunu bildirib, müasir standartlara uyğun yeni cəzaçəkmə müəssisələrinin inşasından sonra məhkumların saxlanma şəraitinin daha da yaxşılaşacağına əminliyini ifadə edib. Məhbusların saxlanma şəraitinin yüksək səviyyədə olduğunu qeyd edən S. Conston, onlara təqdim olunan uzunmüddətli görüşlərlə bağlı qanun normasının digər ölkələrə də nümunə ola biləcəyini qeyd edib. Əcnəbi vətəndaşlığı olan məhkumların da öz ailə üzvləri ilə internet üzərindən ünsiyyət saxlamasına şərait yaradılmasının mütərəqqi hal ola biləcəyi vurğulanıb.

Rəis müavini Hüseyn Əlixanov bildirib ki, Azərbaycanın cəza-icra qanunvericiliyi multikulturalizm, tolerantlıq və digər ümumbəşəri prinsiplərə, eləcə də milli - mənəvi dəyərlərə söykənir. Məhbuslara qanunla təqdim olunan uzunmüddətli görüşlər də məhz bu dəyərlərdən irəli gələrək sosial əlaqələrin qırılmaması, ailə bağlarının qorunub saxlanılması məqsədini güdür. Qeyd olundu ki, qanunvericiliklə ictimai iştirakçılıq yüksək səviyyədə təmin olunur, məhkumların cəza çəkdikləri müəssisələrin hüdudlarından kənara qısamüddətli səfərlərinə, Tərbiyə müəssisəsində tərbiyə olunanların müəssisədən kənar mədəni-kütləvi tədbirlərdə və şəhər gəzintilərində iştirakına şərait yaradılır.

Bununla yanaşı, müzakirələrdə ölkədən kənarda mənfur niyyətlərlə Azərbaycana qarşı düşmən mövqe nümayiş etdirən nankor qüvvələrin və onlarla həmfikir bir sıra ünsürlərin sosial şəbəkələrdə ayrı-ayrı dövlət orqanlarının, o cümlədən Penitensiar Xidmətin fəaliyyətini ləkələməyə cəhd göstərən əsassız və həqiqətə uyğun olmayan məlumatların yayılması məsələsinə də toxunulub. Cənab Stiven Conston və həmkarları baş çəkdikləri cəzaçəkmə müəssisələrində, eləcə də İstintaq təcridxanasında hər hansı qanunazidd hallarla, münasibətlə qarşılaşmadıqlarını, məhbuslarla çoxsaylı görüşləri zamanı hər hansı neqativ faktlar barədə məlumat və ya şikayət daxil olmadığını, aparılan müşahidələr əsasında Azərbaycanın penitensiar sistemində mövcud vəziyyət və şəraitin bir çox ölkələrə nümunə ola biləcəyini ifadə ediblər.

Görüşdə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Məhərrəm Qafarov və digər məsul şəxslər iştirak ediblər.

AzVision.az


Teqlər: Pentensiar-Xidmət   BQXK  





Xəbər lenti