Məmmədyarov Kosta-Rikalı həmkarı ilə görüşüb

Məmmədyarov Kosta-Rikalı həmkarı ilə görüşüb
  23 İyun 2017    Oxunub:1160
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Kosta-Rika Respublikasının xarici işlər və etiqad naziri Manuel Qonzalez Sanz ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, nazirlər bu il Kosta-Rika və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunduğunu deyərək, ötən dövr ərzində siyasi dialoq və qarşılıqlı anlaşmanın müsbət inkişafından məmnunluq ifadə ediblər.

Elmar Məmmədyarov iyun ayında Kosta-Rikaya rəsmi səfərini xoş təəssüratlarla xatırlayıb, keçirilmiş məhsuldar görüşlərin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Nazir E.Məmmədyarov həmçinin, Kosta-Rikaya səfəri çərçivəsində baş tutmuş siyasi məsləhətləşmələrin iki ölkə arasında münasibətlərin müxtəlif sahələrində inkişafına töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Manuel Qonzales Sanz ölkələrimiz arasında siyasi dialoqun və dostluğun inkişafının məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Nazirlər hər iki ölkədə diplomatik missiyaların mübadiləsinin qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə yeni bir təkan verəcəyinə əminlik ifadə ediblər. Bu xüsusda Nazir Manuel Qonzales Sanz Kosta-Rikanın Azərbaycana təyin olunmuş müvəqqəti işlər vəkilini təqdim edib.

Elmar Məmmədyarov Kosta-Rikanın Azərbaycanda səfirlik təsis etmə qərarının yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Kosta-Rikanın bir-birlərinin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Onlar, həmçinin gücdən istifadə ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıblar.

Görüşdə iqtisadi-ticarət, turizm, enerji, logistika, limanlar və gəmiçilik, sərmayələrin qoyuluşu və humanitar sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib və bu xüsusda işgüzar dairələr arasında birbaşa təmasların təşviq edilməsinin vacibliyi vurğulanıb.

Ölkəmizdə olmaqdan məmnunluğunu ifadə edən Manuel Qonzales Sanz Formula-1 yarışlarının keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib və ölkəmizin bu qəbildən olan mötəbər tədbirlərin keçirildiyi məkan olduğunu deyib.

Nazirlər, həmçinin beynəlxalq aləmdə baş verən hadisələr ətrafında geniş müzakirələr apardılar.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Kosta-Rika  





Xəbər lenti