Dəmiryolu gücləndirilmiş iş rejiminə keçir

Dəmiryolu gücləndirilmiş iş rejiminə keçir
  22 İyun 2017    Oxunub:1351
Ramazan bayramı ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqon qoşulacaq.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi ölkə vətəndaşları dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

Bununla əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Belə ki, sərnişin qatarlarında xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi üçün bütün qüvvələr səfərbər olunub. Ramazan bayramı günlərində sərnişin sıxlığının artması ilə əlaqədar, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 15-ə yaxın əlavə vaqonun qoşulması təmin ediləcək.

Qeyd edək ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqon qatara qoşulan gün həyata keçirilir.

AzVision.az


Teqlər: Bayram   Dəmiryol  





Xəbər lenti