Ədəbi azan dilbazlar

Ədəbi azan dilbazlar
  21 İyun 2017    Oxunub:1667
Elçin Əfəndi

Son zamanlar ölkədə xarici dildə danışmaq dəb halını alıb. Küçədə, ictimai nəqliyyatda, bəzi orta və ali məktəblərdə və s. rus, ingilis, osmanlı türkcəsində danışanlar çoxluq təşkil edir. Bu, yaşadığın ölkəyə birbaşa həqarətdir. Əgər sən öz doğma dilində danışmağı özün üçün əskiklik hesab edirsənsə, Azərbaycan Respublikasının vətəndaşlığını daşıdığın şəxsiyyət vəsiqəsi etibarsız, sənsə şəxsiyyətsiz hesab olunursan.
Bir neçə il öncə xarici ölkə vətəndaşlarının Azərbaycan dilini öyrənməsi üçün f.ü.f.d., dosent Şəmil Sadiqin qələmə aldığı “Azərbaycan dilini öyrənirəm” kitabı dilimizin xarici ölkə vətəndaşlarına öyrədilməsində mühüm və müstəsna bir addım oldu. Hazırda bir sıra əcnəbi ölkə vətəndaşları bu kitabdan istifadə edərək, bizim ölkədə öz dilimizdə danışmağa, ünsiyyət qurmağa can atırlar. Amma öz naxələf vətəndaşlarımız, hansı ki dilimizə hörmət etməyərək, özünü poliqlot göstərməyə çalışan, amma kənardan olduqca iyrənc görünənlər atılan addımların föqvündə xoşagəlməz qaraltı yaradırlar.

Bu, qara dəlik kimi bir şeydir. Necəki kainatda qara dəlik qarşıda ümumdünya problemlərinin yaranacağına işarədir, öz ölkəndə öz doğma ana dilini bildiyin halda özgə dildə danışmaq da qara dəlik qədər təhlükəlidir. Çünki dilin unutqanlığı etnosun, xalqın əriməsi ilə, hətta yoxa çıxması ilə müşahidə olunmuşdur tarixən. Məsələn ölmüş dillər qrupu var ki, o qrupa daxil olan dillər hazırda heç bir yerdə işlənmir. Yalnız xüsusi arxeloji araşdırma zamanı lazım gəlir. Mən istəmirəm ki, Azərbaycan dili belə dillər qrupuna daxil olan dillərdən olsun.

Yaxınlarda səhv etmirəmsə Böyük Britaniyanın ölkəmizə təyin olunan yeni fövqəladə və səlahiyyətli səfiri əlində kiçik bir kağızda Azərbaycan dilində cızma-qara edərək, məhz Azərbaycan dilində müsahibə verdi. Bu təqdirəlayiq haldır. Çünki az qala dünyanın təxminən 75% ərazisində başa düşülən, dilini öyrənmək istədiyimiz bir ölkənin səfiri müsahibəsini məhz Azərbaycan dilində verdi. O da ədəbazlıq edə bilərdi. İngilis dilində, öz doğma dilində müsahibə verərdi, amma o bunu etmədi. Çünki sadə bir insan idi. O, ən azı harada olduğunu dərk edirdi. Və bəzi vətəndaşlarımızdan fərqli olaraq, Azərbaycanın, Azərbaycan dilinin üstünlüyünü bilirdi.

Ölkədə dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Bundan əlavə qeyd edim ki, ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalamışdır. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili günü elan edilmişdir. Bəs elə isə bütün bunlara rəğmən niyə rusun, ingilisin, itin, qurdun dilində danışır, öz dilimizi öldürürük?! Yad dildə küçədə, xiyabanda, parkda danışmaq bu qədərmi vacibdir?!

Fikrimcə dilimizə olan hörmətsizliyin özəyini xarici teleseriallar, Türkiyə, Rusiya istehsalı olan filmlər, kitablar və s. təşkil edir. Bu isə yolverilməz haldır. Mən sizə iki misal çəkəcəm. Deməli azyaşlıların (3-5 yaş) və ibtidai siniflərdə oxuyanların (6-10 yaş) əksəriyyətinin nitqində son dövrlərdə Osmanlı türkcəsinin təsiri duyulur. İşlətdiyi sözlərin böyük bir qismi məhz Osmanlı türkcəsində olan sözlərdir. Bu da birbaşa cizgi filmlərinin, teleserialların təsiridir ki, qeyd etdiyim yaş aralığına daxil olan uşaqlara aiddir. Hələ yuxarı sinif şagirdləri və universitet tələbələri var ki, onlar da məhz dil leksikonuna “poka”, “davay”, “mazqi”, “vay bə”, “yerim seni”, “sıkıldım ya”, “konuşma lan”, “vay canına”, “kaş ki ölsen” və s. bu kimi sözləri daxil ediblər.

Həmçinin küçədə gedərkən rus dilində danışan iki azərbaycanlı görürsən. Ləhcə ilə danışmaqları bir kənara, dili də yıxıb sürüyürlər. Bu dəbdir, ya nədir, “anlamadım” getdi. Bununla bağlı bir əhvalat fikrimcə yerinə düşər. Biri küçədə gedərkən tanışlıq məqsədi ilə bir xanıma yaxınlaşır və salam verir. Xanımsa cavabında “Я не знаю языка. Если это возможно, говорить по-русски” deyə cavab verir. Həmin şəxs isə xanımın bu sözlərini eşitdikdən sonra deyir:
- Xanım, deyəcəkdim ki, bu 100 manat sizdən düşdü?
Bu zaman həmin rus dilli xanım deyir:
- Hanı, haradadı?

Baxın, nə qədər maskalansaz da, nə qədər özünüzü dartsanız da mütləq əmin olun ki, üzərinizdəki cırılacaq! Ona görə də yaxşı olar ki, öz doğma ana dilimizə üstünlük verəsiniz. Bildiyiniz hər hansı dili işdə, evdə və səyahət zamanı lazım olarsa, istifadə edəsiniz. Öz dilimizə hörmət edəsiniz. Rəhmətlik Bəxtiyar Vahabzadə də vaxti ilə demişdi:
Bir zaman rusca idi, reklam işıqlar,
İndi ingiliscə dürtülür gözə.
İtin də dilinə hörmətimiz var,
Təkcə öz dilimiz yaramır bizə.


Hələ də də davam edir bu cür etinasızlıq. Unutmayaq ki, Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir! İtin, qurdun dilində danışacaqsınızsa, o zaman meşəyə buyurun. İstədiyiniz qədər həm itlə, həm də qurdla danışın! Bizim cəmiyyət heyvanlar aləmindən ibarət deyil, nəzərə alın ki, insanlar da yaşayır.



Teqlər: #Xarici-dil-xəstəliyi  





Xəbər lenti