AZAL 4 yeni "Boeing" təyyarəsi alır

AZAL 4 yeni "Boeing" təyyarəsi alır
  20 İyun 2017    Oxunub:7241
Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasalonunda təxminən 918 mln. dollar həcmində qiymətləndirilən dörd “Boeing 787-8 Dreamliner” təyyarəsi almaq niyyətini elan edib.
AZAL-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra "Boeing" Korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

"Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar "Azərbaycan Hava Yolları"na gələcək inkişaf üçün böyük imkanlar açır. MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik", - AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

"Boeing" Korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott bildirib ki, bugünkü saziş Azərbaycan Hava Yolları ilə tərəfdaşlıqda yeni səhifə açır: "Biz əminik ki, bazarda lider olan "B787-Dreamliner" sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək".

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə "Azərbaycan Hava Yolları" 2 mln. dançox sərnişin daşıyıb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki "Boeing 787-Dreamliner" təyyarəsi, həmçinin "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir.

AzVision.az


Teqlər: AZAL   Boeing   Təyyarə  





Xəbər lenti