Azərbaycanlılar Həccə nə məqsədlə gedirlər?

Azərbaycanlılar Həccə nə məqsədlə gedirlər?
  19 İyun 2017    Oxunub:6403
Hər bir müsəlman ölkəsində olduğu kimi Azərbaycanda da yüzlərlə insan Həcc (Məkkə) ziyarətinə, Məşədə və ya Kərbəla ziyarətinə gedir. Bu cür ziyarətlərdən qayıdan şəxslərə müvafiq olaraq insanlar arasında “Hacı”, “Məşədi” və ya “Kərbalayi” deyə müraciət edilir. Bəzi hallarda ziyarətə titul, status almaq üçün gedənlər də olur.
Dini titullara sahiblənmək üçün Məkkə, Kərbala və Məşədə getmək düzgündürmü?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədr müavini Gündüz İsmayılov AzVision.az-a bildirib ki, bu gün Azərbaycanla yanaşı digər müsəlman ölkələrində bu adlardan titul, status kimi istifadə edənlər var.

“Dini nöqteyi-nəzərdən yanaşsaq, Həcc ziyarətində olmuş şəxsə “Hacı” demək normaldır. Çünki peyğəmbərimizin bir hədisi var ki, bir-birinizi gözəl adlarla çağırın. “Hacı” Allahın evini ziyarət etmiş şəxsə verilmiş addır. Buna görə kiməsə “Hacı” deyə müraciət olunmasına normal hal kimi baxıram. Lakin təəssüf ki, bu gün tək Azərbaycan cəmiyyətində deyil, digər müsəlman ölkələrində də “Hacı” olmağı bir status, imtiyaz kimi təqdim etməyə çalışanlar var. Bəzi insanlar var ki, adi bir ticarət sövdələşməsində nəsə olan kimi “mən Hacıyam” deyə bildirir və sanki hacılığını ön plana çəkir. Yəni “mən yalan danışmaram”. “Hacı” olmayan adam yalan danışmalıdırki? Təbii ki, bunlar bütün cəmiyyətlərdə var və tək Azərbaycana xas məsələ deyil. Onu da etiraf etmək lazımdır ki, Azərbaycanda bu ada layiq mömünlərimiz, dindarlarımız da var”.

G.İsmayılov qeyd edib ki, “Hacı” olmaq hansısa üstünlük deyil və insana imtiyaz vermir. “Əksinə cəmiyyətdə öz hərəkəti ilə, dünyəvi qanunlarla yanaşı, mənəvi borcunun olması deməkdir. Seyidlər peyğəmbərimizin nəslindən gələn insanlardır və biz onlara hörmət göstərməliyik. Amma seyidlik hansısa üstünlük sayılmamalıdır. Əsl həqiqi seyidlər tanıyıram ki, onlar cəmiyyətdə öz hərəkətləri, davranışları ilə seçilirlər və hansısa bir imtiyaz tələb etmirlər. Təəssüf ki, seyidə yaraşmayan hərəkətlər edən, nəsil, şəcərə etibarı ilə seyid olmayan insanlar da var. Bütün cəmiyyətlərdə belə hallar mövcuddur”.

Qurum rəsmisi qeyd edib ki, dini titullardan istifadə edənlər olsa belə onların sayı olduqca azdır. “Bu fikirlə razı deyiləm ki, çoxu dini titularından istifadə edir. Bu, ürəkdən, daxildən gələn hissdir və bilə bilmərik ki, kim titul almaq üçün ziyarətlərə gedir, kimsə bunu səmimi niyyətlə edir. Bunu ancaq Allah bilə bilər və hər kəs Allah qarşısında cavab verəcək”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Dini-komitə   Hacı  





Xəbər lenti