İlham Əliyev Ermənistana xəbərdarlıq etdi: “İstənilən təxribata cavab verəcəyik”
Dövlətimizin başçısı, eyni zamanda, qeyd etdi ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Son vaxtlarda təmas xəttində nisbi sakitlik hökm sürdüyünü deyən Prezident İlham Əliyev bildirdi ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa-olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır. Dövlətimizin başçısı vurğuladı ki, Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir.
Prezident İlham Əliyevə bəyan etdiyi fikirlərinə görə minnətdarlığını bildirən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov qeyd etdi ki, həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur. O dedi: “Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”.
Söhbət zamanı Fransadan olan həmsədr Stefan Viskonti, ABŞ-dan olan həmsədr Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik danışıqlar prosesi ilə bağlı fikirlərini ifadə etdilər.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AzVision.az
Teqlər: İlham-Əliyev Həmsədrlər Qarabağ