Ermənistan niyə təxribata əl atır? - ŞƏRH

Ermənistan niyə təxribata əl atır? - ŞƏRH
  18 İyun 2017    Oxunub:2805
Son günlər cəbhə xəttində vəziyyət xeyli gərginləşib. İşğalçı Ermənistan ordusu davamlı şəkildə təxribatlara əl atır. Düşmənin təxribat maşını özünə qarşı işləməyə başlayıb. Ötən gün Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində erməni tərəfi ciddi itkilər verib. Atəşkəsi pozan 6 erməni əsgər Silahlı Qüvvələrimiz tərəfindən məhv edilib.
Azərbaycanın Müdafiə Nazirliyi növbəti dəfə xəbərdarlıq edib ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək.

Düşmənin cəbhədə vəziyyəti gərginləşdirməkdə məqsədi nədir? Nədən Cocuq Mərcanlı ilə başlayan Böyük Qaydışdan sonra təxribatlar baş verir?

Siyasi-ekspert Arzu Nağıyev AzVision.az-a bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsdərləri regionda olarkən düşmən tərəfi hər zaman cəbhədə vəziyyəti gərginləşdirməyə çalışır.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda səfərdədir. Məhz bu səfər ərəfəsində ermənilər tərəfindən aktivləşmə hiss olunur. Onlar göstərməyə çalışırlar ki, guya sülh, danışıq tərfdarıdırlar, lakin Azərbaycan tərəfi bunu pozur. Amma, məlum məsələdir ki, prorseslər tam əksinə baş verir. Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və səhra komandirlərindən ibarət komanda ilə görüşüb. Eyni zamanda Xankəndidə qondarma rejimin “rəhbəri” ilə bir araya gəliblər. Məhz bu görüşlər yekunlaşıb qurtardıqdan, materiallar toplandıqdan sonra həmsədrlər Azərbaycana gələcəklər. Maraqlıdır ki, bu müddətdə atəşkəs rejimi pozulur. Həmsədrlərin Azərbaycana gəlişi ərəfəsində bizim hansı marağımız ola bilər ki, atəşkəsi pozaq? Aydındır ki, atəskəsin pozulmasında maraqlı tərəf Ermənistandır. Məqsəd odur ki, danışıqlara getməsinlər, status-kvo saxlanılsın”.



A.Nağıyev bildirib ki, Cocuq Mərcanlıya Böyük Qayıdışdan sonra ermənilərin cəbhədə aktivləşməsi təsadüfi deyil:

“Bu gün Azərbaycan tərəfindən həmin ərazilərə qayıdış başlanıb. Bunun əksi olaraq ermənilə öz ölkələrini tərk edirlər. Bu, bir-birinə zidd məsələlərdir. Təbii ki, ictimaiyyət qarşısında Ermənistan rəhbərliyi cavab vermək üçün bu cür addımlar atır. Hətta iş o yerə çatıb ki, Ermənistan parlamentinin spikeri Dağlıq Qarabağa gedərək separatçılarla görüşüb. Bu məsələlərin birbaşa olmasa da dolayı yolla Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdışla əlaqəsi var. Artıq ictimai fikir, rəy, nə separatçıların, nə də Ermənistan rəhbərliyinin lehinə işləyir. Cəbhədə aktivlik də bununla bağlıdır”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Cəbhə   Qarabağ   Təxribat  





Xəbər lenti