XİN-də Əziz Əliyevə həsr olunmuş seminar keçirilib

XİN-də Əziz Əliyevə həsr olunmuş seminar keçirilib
  08 İyun 2017    Oxunub:1069
Bu gün Xarici İşlər Nazirliyində Əziz Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş seminar keçirilib.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, sözügedən tədbiri giriş sözü ilə açan xarici işlər naziri Elmar Məmmədyarov Əziz Əliyevin dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə toxunub, onun respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verdiyini qeyd edib. Nazir, həmçinin, Əziz Əliyevin İkinci Dünya müharibəsi illərində gördüyü işləri, eləcə də Azərbaycan və Dağıstan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi işində əvəzsiz xidmətlərindən danışıb.

Seminarın əsas mühazirəçiləri olan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin mütəxəssisləri çıxışlarında Əziz Əliyevin müxtəlif dövrlərdə fəaliyyətindən söz açdı, onu görkəmli siyasi xadim, istedadlı təşkilatçı və mahir diplomat kimi xarakterizə ediblər.

Əziz Əliyevin ailəsi adından çıxış edən akademik Cəmil Əliyev tədbirin təşkilinə görə nazir Elmar Məmmədyarova təşəkkürünü çatdırıb və natiqlərin çıxışını təqdir edib. Seminar öz işini mühazirə və müzakirələrlə davam etdirib.

Tədbirdə XİN-nin əməkdaşları, tədqiqatçılar və ictimaiyyət nümayəndələri iştirak edib.

AzVision.az


Teqlər: XİN  





Xəbər lenti