Qətər qəzası – TƏHLİL

Qətər qəzası – TƏHLİL
  06 İyun 2017    Oxunub:13686
Körfəz ölkələri arasında olduqca qarışıq siyasi, iqtisadi və diplomatik böhran yaşanmaqdadır. Hələ 2014-cü ildə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn kimi ölkələr Qətərə onların daxil işlərinə qarışması ilə bağlı xəbərdarlıq edərək, Dohadakı səfirliklərini geri çağırıb, sərhədləri bağlayacaqları ilə hədələmişdilər.
Qətəri geosiyasi prizmadan qısa və konkret tanıtmaq lazım olarsa, o, ABŞ-ın regionda 10 minlik hərbi kontingentdən ibarət ən böyük hərbi bazasının yerləşdiyi ölkədir. Həmçinin ABŞ-ın Talibanla əlaqələrində vasitəçilik etdiyi bildirilir. Qətərin öz təklifilə Türkiyə 2015-ci ildə bu ölkədə hərbi baza tikməyə başladı. Bu, 3 minlik kontingentlə Türkiyənin ölkə hüdudlarından kənardakı ən böyük hərbi bazası sayılır.

Qətər İsrail ilə çox yaxın münasibətələrə sahib ölkədir. Suriya münaqişəsində maliyyə, silah, ideoloji, təşkilatlanma və s. baxımlardan mərkəz rolunu oynayan ölkələrdən biri kimi tanınır. Avropa üçün enerji təhlükəsizliyi məsələsində önəmli dövlət sayılır. Eləcə də Avropa turistlərin terrorçu qrupların əlindən alınmasında zaman-zaman müstəsna rol oynamış ölkədir.

Trampın triumfu

Birləşmiş Ştatların prezidenti Donald Trampın may ayında Səudiyyə Ərəbistanına səfərindən qısa müddət sonra ərəb ölkələri arasında əlaqələr korlandı. İlk baxışdan əlaqələrin qəfil korlandığı təəssüratı yaransa da, əslində belə deyil. Dövlətlərarası münasibətlərdə bu cür böhranlar birdən-birə baş vermir, konfliktin kökünü “Ərəb-İslam-Amerika” zirvə görüşündə axtarmaq lazımdır. Çünki Səudiyyə-Qətər ziddiyyətləri məhz bu görüşdən sonra özünü qabarıq şəkildə göstərməyə başladı.

“Ərəb-İslam-Amerika” zirvə toplantısından sonra Qətərin İranla əməkdaşlığı davam etdirəcəyini açıqlmasından az sonra Qətərə məxsus saytlara kütləvi kiber hücumlar başladı. Hələ İran ilə “altılıq” ölkələri arasında nüvə razılaşması əldə olunanda Qətərin xarici işlər naziri bildirmişdi ki, bu razılaşma regional təhlükəsizliyə xidmət edəcək. BMT-nin İrana aid sanksiyaları ləğv etməsindən sonra Qətər-İran ortaq qaz layihələrinin işə düşəcəyilə bağlı yayılan xəbərləri də nəzərə almaq lazımdır. Şübhəsiz ki, bu məsələlər Səudiyyə Ərəbistanını narahat etməyə bilməzdi.

Son illərdə İran, Türkiyə və ABŞ prezidentlərinin Küveyt, Qətər, Bəhreyn, Oman, BƏƏ və Səudiyyə Ərəbistanı kimi körfəz ölkələrinə baş tutan səfərləri də bölgənin necə bir geosiyasi önəm daşığını təkrar isbatlayır. Şübhəsiz ki, ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı “İranı izolyasıya etmək lazımdır” şüarı altındakı çağırışı Qətərə qarşı hazırkı sərt davranışların ilk ışartısıdır.

Səudiyyənin Qətərə qarşı aqressiv davranma səbəblərindən biri də Həsən Ruhaninin prezident seçiləndən sonra Qətər əmrinin ona zəng vurub, təbrik etməsidir ki, bu, Ər-Riyadda qıcıq yaratmışdı. Qətər əmrinin İranla bundan sonra əlaqələri daha da möhkəmləndirəcəklərinə dair fikirləri Səudiyyə ilə olan münasibətləri tamamilə korladı. Qətərin ABŞ, Avropa, İran, hətta Səudiyyənin özü ilə balanası siyasət yürütməsi Ər-Riyadı möhkəm narahat edən səbəblərdəndir.

Türkiyə Qətərə dəstək verə bilərmi?

Türkiyə-Qətər əlaqələri “Ərəb Baharı” dönəmində möhkəmlənmişdi, çünki “müsəlman qardaşları” kimi təşkilatlara dəstək verməkdə bu iki ölkənin adı paralel hallanırdı. Türkiyə-Rusiya böhranı yaşananda Qətər Türkiyəni qazla təmin etməyə hazır olduğunu bəyan etmişdi. Bundan başqa, Rusiya Türkiyəyə qarşı iqtisadi sanksiyalar təbiq edəndə Qətər Türkiyə məhsullarını almağa hazır olduğunu açıqlamışdı. 2015-ci ildə Türkiyəyə hərbi baza tikməklə bağlı təklif edəndə rəsmi Doha İran, ABŞ, Səudiyyə toqquşmasına Türkiyəni də salmaqla balansı qorumağa çalışırdı. Hazırkı şəraitdə Türkiyənin Qətəri dəstəkləməsi labüddür, çünki zamanında Türkiyəyə verilən dəstəyin indi hiss etdirilməsi praqmatik qərar olardı.

Rusiya nə edə bilər?

Qətər böhranına ilk reaksiya göstərən, eyni zamanda bitərəf qalan ölkələrdən biri məhz Rusiya oldu. Türkiyə-Rusiya böhranında, OPEK məsələsində Qətər Moskvaya əks davransa da, rusların “Biz Qətərin beynəlxalq terrorizmə dəstək verməsini göstərən faktları yenidən gözdən keçirdəcəyik” açıqlaması yumşaq formada Dohaya dəstək kimi qiymətləndirilə bilər. Elə məhz bunun nəticəsi idi ki, Qətərin xarici işlər naziri təcili Moskvaya getdi. Hazırda Rusiyanın marağı budur ki, Qətəri Avropa enerji bazarı uğrunda gedən oyunundan kənarda qoysun. Təbii ki, belə məqamda Qətər bu cür razılaşmaya gedə bilər.

Fərrux Həsənov
AzVision.az



Teqlər: #Qətər   #Böhran   #Diplomatiya   #Təhlil  





Xəbər lenti