Bəhrəmtəpə-Mincivan yolu yenidən qurulur

Bəhrəmtəpə-Mincivan yolu yenidən qurulur
  01 İyun 2017    Oxunub:1550
“Azəravtoyol” ASC tərəfindən yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 112-177-ci km-lik hissəsində (65 km) işlər davam etdirilir. Avtomobil yolunun Beyləqan rayonu ərazisinə düşən 112 -137 ci km-də (26 km) asfaltlanma işləri artıq yekunlaşmaq üzrədir.
AzVision.az bu barədə “Azəravtoyol”a istinadən xəbər verir. Füzuli rayonun ərazisinə düşən ikinci hissənin uzunluğu 39 km-dir. Sözügedən ərazidə yolun könnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, zəruri olan yerlərə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, 8 km-lik hissədə yeni yol yatağı inşa edilib. Torpaq işləri yekunlaşan ərazilərin asfaltlanması işləri də görülüb.

Hazırda layihə boyu yararsız qruntun qazılaraq çıxarılması, yeni yol yatağının və yol əsasının inşası, həmçinin asfaltlanma işləri davam etdirilir. Ümumilikdə yolun 500 min kv. metrdən çox hissəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyü döşənəcək.

III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 3,5 metr, çiyinlərin eni 0,5 metr bərkidici zolaqla birgə 2,5 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir.
Bundan başqa yenidən qurulan yolun üzərində yerləşən 6 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Layihəyə uyğun olaraq yol boyu 60 ədəd suötürücü borunun tikintisi də nəzərdə tutulub.

Qeyd edək ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci km-dən götürür.Yolun yenidən qurulması ilə 30-a yaxın yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Layihənin reallaşdırılması birbaşa olaraq “Azəravtoyol” ASC-nin rəhbərliyinin nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

Xatırladaq ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 km-lik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib.

AzVision.az


Teqlər: Azəravtoyol  





Xəbər lenti