Bayrağımızı yaradan adam: Onun nəsli niyə davam etmədi? MÜSAHİBƏ (FOTO-VİDEO)

Bayrağımızı yaradan adam: Onun nəsli niyə davam etmədi? MÜSAHİBƏ (FOTO-VİDEO)
  31 May 2017    Oxunub:77744
Əli bəy Hüseynzadə - üçrəngli milli bayrağımızın qəbul edilməsində böyük xidmət göstərmiş bir adamdır. “Türk qanlı, İslam imanlı, Avropa qiyafəli olalım” şüarı bayraqdakı üç rəngin açmasıdır. Bu ideya 1895-ci ildə Əli bəy Hüseynzadə tərəfindən verilib.
Azərbaycan Respublikasının dövlət bayrağı haqqında ilk hökumət qərarı isə 1918-ci il iyunun 21-də verilib. Ondan sonra Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” ideyası dövlətçilik düsturu kimi formalaşıb.

Əli bəy Hüseynzadə irsini tədqiq edən alimlərin verdiyi bilgiyə görə, bu böyük şəxsiyyət uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərib, bu sahələrin hər birində iz qoyub. 20-ci əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri var.



Əli bəy Hüseynzadə özünün yazdığına görə “24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində” yerləşən Salyan şəhərində anadan olub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə olub, anası Xədicə isə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır.

Salyandan Tiflisə köçüb, oradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə Əli bəyin 6, kiçik qardaşı İsmayılın isə 2 yaşı vardı.

1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub. 1914-cü il aprelin 6-da Saida bəyim, 1915-ci il iyunun 9-da Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida isə atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstraksionizmin dünyada tanınan təmsilçilərindən biri olub. 1995-ci ildə dünyasını dəyişib.



Feyzavər Üsküdardakı Qızlar məktəbini bitirdikdən sonra Gözəl Sənətlər Akademiyasında təhsilini davam etdirib. İstanbulda məşhur olan Feyza Sənət Qaleriyasını açıb. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi.

Əli bəyin üç övladının heç birinin nəsli davam etməyib. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanıb.

Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə Hüseynzadə nəsilləri ilə bağlı bəzi gizli qalan məqamları AzVision.az-a açıqlayıb.

- Əli bəy axırıncı dəfə Azərbaycana 1926-cı ildə keçirilən Türkoloji Qurultaya qatılmaq üçün gəlib. Həmin vaxt babam, yəni onun qardaşı İsmayıla deyib ki, mən görürəm, burada vəziyyət gərgindir. Mən artıq Azərbaycana gəlməyəcəyəm və sənə də məktub yazmayacağam. Çünki bu, sənin üçün təhlükəlidir. Bundan sonra İsmayılı həbs edib, 2 illiyə Kurqan şəhərinə sürgünə göndəriblər. Oradan qayıtdıqdan sonra yenidən 1941-ci ildə bütün Hüseynzadələr ailəsini sürgünə göndəriblər. Mənim atam 20 il sürgündə qalıb.



Atam doğulanda Əli bəy İstanbuldan Bakıya gəlmişdi. Əli bəy yenidən Azərbaycana gələndə isə atamın 3-4 yaşı olardı. Həmin vaxt onlar Salyanda yaşayıblar. Atam yaxşı xatırlayırdı, birdən qapıları açılıb və Əli bəyi içəri daxil olub. Atam onun qucağına qaçıb. Əli bəy isə onun üçün İstanbuldan top gətiribmiş. Bu uşaqlıq xatirəsi heç vaxt atamın dilindən düşməzdi. Atam Əli bəyi çox sevirdi.



Mənim 10 yaşım olanda atam ailəsindən gizli qalan bir neçə şəkli mənə göstərdi. O, sürgünə gedərkən ailəsinin şəkillərini özü ilə aparıb. Həmin şəkildə Əli bəy də olub. Atam Əli bəyin şəklinin üzərinə mürəkkəb çəkib ki, görünməsin. Bunu ona görə etmişdi ki, sürgünə gedərkən Əli bəyin şəklini görsələr, ona daha çox əzab verəcəkdilər. Sürgündən qayıtdıqdan sonra Əli bəyin şəkli üzərindəki mürəkkəbi pambıqla silib təmizləmişdi.

Babam İsmayıl 1942-ci ildə sürgündə olarkən dünyasını dəyişib. Atam isə sürgündən qayıtdıqdan sonra Əli bəyin övladlarını axtarmağa başladı. Əli bəyin oğlu Səlim ilə bir dəfə telefonda danışdılar. Onlar bir-birlərinə söz deyə bilmədilər. Sadəcə olaraq, dəstəyi əllərində tutub, ağlaşdılar.
Əli bəyin oğlu Səlim bir neçə dəfə Azərbaycana gəlmək istəyib. Amma səhhətindəki problem buna imkan verməyib. Onun astma xəstəliyi vardı.



Atam Əli bəyin övladları ilə görüşməyi çox istəyirdi. Amma bu, ona qismət olmadı, dünyasını dəyişdi. Bir dəfə Əli bəyin oğlu Səlim Turan Bakıya, mənə teleqram göndərdi ki, təcili Türkiyəyə gəl, görüşək. Getdim. Məni görəndə qucaqlayıb, hönkür-hönkür ağlamağa başladı. Mən də özümü saxlaya bilmədim.

Əli bəy 50 yaşında ata olub. O, övladları balaca olan zaman onların hər biri üçün albom tutub. Həmin albomlara karandaşla şəkillər çəkib, uşaqlara verərmiş. Uşaqlar da həmin rəsimləri rəngləyirlərmiş. Bunu mənə Əli bəyin övladları danışmışdı. Əli bəy övladlarını çox sevirdi. Hər bazar günü uşaqlarını gəzməyə, muzeylərə aparırmış. Novruz bayramını çox gözəl qeyd edirlərmiş.



Əli bəyin övladları mənə deyirdilər ki, çox böyük əzabla yaşayıblar. Onların öz evləri olmayıb, kirayələrdə böyüyüblər. Hətta uşaqların hərəsi bir kirayə evdə dünyaya gəlib. Feyzavər həmişə atası ilə bir otaqda qalırmış. Əli bəy isə gecə yarısına qədər yazırmış.

Əli bəy həyat yoldaşı Etiyə xanımdan 26 yaş böyük idi. Etiyə xanım insult keçirib, yataq xəstəsi olmuşdu. Övladlarının dediklərinə görə, Əli bəylə həyat yoldaşı bir-birinə qarşı çox mehriban olublar. Əli bəy övladlarına Azərbaycan, buradakı qohumları ilə bağlı heç nə danışmayıb. Onun övladları bizim haqqımızda heç nə bilməyiblər. Ancaq Əli bəyin qardaşının, yəni mənim babamın şəkli onların evlərində olub.



O, hər səhər - yayda da, qışda da durub, soyuq soyuq su ilə başını yuyurmuş. Bir gün oğlu Səlim görüb ki, atası üzünü yuyan zaman yavaş-yavaş arxaya tərəf gedir. Həmin dəqiqə Səlim atasını tutub və yatağa uzadıb. Və Əli bəy heç bir söz demədən, elə oradaca dünyadan köçüb.

Yeganə oğlu Səlim bəy Parisdə yaşayırdı. Elə orada da dünyasını dəyişdi. Cənazəsini İstanbula gətirib, atasının məzarına dəfn etdilər. Ata-oğul eyni məzardə dəfn edilib.



Onun məzarının Azərbaycana gətirilməsi məsələsi ortaya çıxanda da qızı Feyzavər xanım dedi ki, “istəmirəm, atamı narahat etsinlər, qardaşımız Səlim də onun yanındadır”.

Hazırda Əli bəyin kiçik qızı Feyzavər həyatdadır, amma onun səhhətində problemləri var. 97 yaşlı ahıl xanımdır, müalicə alır. Tez-tez görüşürük. Bizə çox öyrəşib. Dünən onunla telefonda danışdım. Soruşuram ki, necəsən? Deyir, “birtəhər idarə edirəm, adam bu qədər də yaşamaz axı!”



Feyzavər ürəyindən əməliyyat olunub, stimulyator qoyublar, onun hesabına yaşayır. Gecələr tibb bacısı gəlib onun yanında qalır. Feyzavər xanım Azərbaycana gəlmək istəyirdi, amma səhhəti imkan vermir.

Əli bəy Peterburda təhsilini bitib, qayıtdıqdan sonra nənəsi onu yenə də təhsil almaq üçün İstanbula göndərib. Gedərkən o, özü ilə üç şey götürüb: Babası Şeyxin protretini, nənəsinin ona verdiyi tirmə şalı və 2-ci Aleksandırın babası Şeyxə bağışladığı üzüyü.



O zaman İstanbulda Sultan Həmidin əleyinə gənclərdən ibarət bir qurup yaradıblar. 12 nəfərə yaxın tələbəni hökumət həbs etmək istəyib. Onların bəzilərinin boyunlarına daş bağlayıb, Bosfor boğazına atıblar. Tələbələr Əli bəyi Qapalı Çarşı adalanan yerdə bir evdə gizlədiblər. Əli bəy bir müddət həmin evin sakinləri ilə yaşayıb və ailənin bütün üzvlərinin portretlərini çəkib. Həmin şəkillər indi də muzeydəki kmi o evin divarlarından asılıb.

Daha sonra Əli bəyi ölümdən xilas etmək üçün ona xanım paltarı geyindirib, evdən çıxarıblar. Gəmidə taxta çəlləklərin içində gizlədiblər. Nəhayət, gəmi Hind okeanına tərəf yola düşüb. Bununla da tələbələri Əli bəyi ölümdən xilas ediblər.









































































Jurnalist: Hafiz Əhmədov
Foto:Elvin Abdulla
Video&montaj: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər:





Xəbər lenti