Azərbaycan müxalifətinə “çirkli pullar” Gürcüstandan gəlir

Azərbaycan müxalifətinə “çirkli pullar” Gürcüstandan gəlir
  31 May 2017    Oxunub:2495
“Əli Kərimli də daxil olmaqla, bir çox müxaliflər Gözəl Bayramlının Gürcüstanda müalicəyə getdiyini deyirlər. Gürcüstana müalicəyə gedirdisə, məntiqlə, Azərbaycandan gedəndə onun üstündə pul olmalı idi. Necə olur ki, Gürcüstana müalicəyə gedən adamın üstündə pul olmur, amma qayıdanda xeyli dollar tapılır? Yoxsa, Gürcüstan xəstəxanalarında xəstəni müalicə edəndən sonra cibinə 12 min dollar da pul qoyurlar?!”
Bu sözləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. O, əslində məsələnin tamam başqa cür olduğunu bildirir:

- Gürcüstanda yaşayan Əfqan Muxtarlı Feysbuk statusunda yazıb ki, Gözəl Bayramlı Tiflisdə bir sıra dostlarla görüşüb. Eyni zamanda, bu günlərdə həbs edilən Fərman Ceyranlının ailəsinə baş çəkərək, vicdan borcunu yerinə yetirib. Daha sonra Dasqın Ağalarlı ilə görüşüblər... Gözəl Bayramlı bir gün ərzində "bir sıra dostlarla görüşür”, o cümlədən, Fərman Ceyranlının ailəsinə baş çəkir, həmçinin D.Ağalarlı ilə həmsöhbət olur... Sual yaranır: Gözəl Bayramlı müalicə və müayinəyə getmişdi, səhhətindəki problemləri həll edirdi, yoxsa görüşlər keçirirdi? Bunların hamısını bir günə necə sığdırıb?

N.Orduxanlının iddiasına görə, G.Bayramlı tam ayrı niyyətlə Gürcüstanda səfərdə olub: "Artıq bir necə ildir ki, Azərbaycana çirkli pullar Gürcüstan vasitəsilə gətirilir. Bunu çox adam yaxşı bilir. Azərbaycanda bank sisteminə olunan nəzarət və QHT-lərlə dəyişiklikdən sonra radikal müxalifət xaricdən vəsaiti Gürcüstan vasitəsilə əldə edirlər. Bununla bağlı ölkə mətbuatında kifayət qədər məlumatlar yayılıb. Gürcüstandan istənilən xarici vətəndaş bir gün ərzində QHT təsis edə bilər və bunu rəsmi qeydiyyatdan da keçirmək çox asandır. Gözəl Bayramlı da Gürcüstana Əli Kərimlinin pulunu gətirməyə gedibmiş. Birdən-birə böyük vəsait gətirmək olmur. Hissə-hissə bu vəsaitləri Azərbaycana gətirirlər”.

N.Orduxanlı istintaq orqanlarının araşdıracağı təqdirdə Ə.Kərimli və ya ona yaxın şəxslərin Gürcüstanda QHT-lərinin olduğunu və onların hesabına xaricdən külli miqdarda vəsait keçirilməsinin üzə çıxacağını da iddia edib: "Gözəl Bayramlının səhhəti məsələsi və bu səbəbdən Gürcüstana tez-tez getməsi sadəcə, alibi axtarışında olan bəzi şəxslərin uğursuz arqumentidir. Düşünülmüş şəkildə bu informasiyanı bir müddət əvvəl ortaya atıblar ki, onun tez-tez Gürcüstana getməsi və ordan pul gətirməsini ört-basdır etsinlər. Əgər doğrudan da, Gözəl Bayramlının səhhətində ciddi, ölkəmizdə müalicəsi mümkün olmayan ağır problem varsa, onda həmin xəstəliyi çoxdan elan edərdilər”.

Qeyd edək ki, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlər nəticəsində saxlanılıb. Onun çantasında bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub. Səbail Rayon məhkəməsinin qərarına əsasən, G.Bayramlı barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Teqlər: #AXCP   #Gözəl-Bayramlı   #Əli-Kərimli   #Gürcüstan  





Xəbər lenti