"Dilənçi Ermənistandan fərqli olaraq, biz müstəqil ölkə kimi yaşayırıq" - Prezident

"Dilənçi Ermənistandan fərqli olaraq, biz müstəqil ölkə kimi yaşayırıq" - Prezident
  26 May 2017    Oxunub:2103
“Azərbaycanda bütün azadlıqlar bundan sonra da təmin ediləcək və bu iki yanaşma arasında heç bir ziddiyyət olmamalıdır. Azərbaycan azad dövlətdir, demokratik dövlətdir, demokratik inkişaf istiqamətində bir çox nailiyyətlərimiz var və bu proses davam etdirilməlidir. Bütün fundamental azadlıqlar Azərbaycanda bundan sonra da təmin ediləcək və xalqımız azadlıq şəraitində yaşayacaqdır”.
AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. Onun sözlərinə görə, Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq: “Biz indi bir çox ölkələr üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda, Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər. Bunun sirri çox sadədir. Sadəcə olaraq, düzgün siyasət aparılmalıdır, inkişaf olmalıdır, savadlılıq artmalıdır, milli və dini siyasət düzgün aparılmalıdır. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər. Bu gün bu vəziyyət reallıqdır. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi, mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir”.

Dövlət başçısı əlavə edib ki, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır: “Bununla bərabər, biz öz milli-mənəvi dəyərlərimizə sadiqik. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm İli”, bu il “İslam Həmrəyliyi İli” elan edilmişdir. Bu, bir daha göstərir ki, öz köklərinə bağlı olan xalq və dövlət həmişə düzgün siyasət aparacaq. Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq.

Əlbəttə, bütün bu amilləri nəzərə alaraq, bundan sonra da Azərbaycanda sabitlik davam etdiriləcək. Bu gün artıq reallıqdır ki, sabitlik olmadan heç bir inkişafdan söhbət gedə bilməz, sabit olmayan ölkələrə heç kim sərmayə qoymaz, heç kim turist kimi gəlməz, belə ölkələrlə heç kim gözəl münasibətlər qurmağa çalışmaz. Ona görə, sabitlik hər bir ölkənin əsas amilidir, inkişafın əsas amilidir. Ancaq sabitliyi inzibati yollarla əldə etmək mümkün deyil. Bu, müvəqqəti olacaq. İndi bir neçə ölkədə xüsusi təhlükəsizlik tədbirləri görülür, xüsusi rejim tətbiq olunur. Bu, inzibati yollardır. Amma sabitliyin əsl mahiyyəti ondadır ki, xalq dövlət siyasətini dəstəkləsin, xalq vəziyyətlə razı olsun, xalq inkişafla qürur duysun. Biz bax, bu sabitliyi yaratmışıq və Azərbaycanda hökm sürən sabitliyin təməlində bu amillər dayanır - xalq-iqtidar birliyi, bizim siyasətimiz və əldə edilmiş uğurlar. Ən yaxşı təbliğat vasitəsi real həyatdır. Bu gün Azərbaycan çoxşaxəli şəkildə inkişaf edir və bütün istiqamətlərdə böyük uğurlar qazanıb”.

Preziden bildirib ki, sosial sahəyə bundan sonra da xüsusi diqqət ayırılacaq: “ Bu sahə bizim üçün prioritetdir. Mən dəfələrlə demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz bütün işləri ona görə görürük ki, xalqımız daha da yaxşı yaşasın. Azərbaycanda bir çox sosial təşəbbüslər irəli sürülmüşdür, sosial infrastruktur layihələri geniş vüsət alıb. Eyni zamanda, Azərbaycan elə təşəbbüslər irəli sürür ki, bu, dünya üçün bir yenilikdir. Mən bunların arasında kütləvi müayinədənkeçmə proqramını xüsusi qeyd etmək istərdim. Bir neçə ildir ki, bu proqram icra edilir. Bu proqramı icra etmək üçün, ilk növbədə, səhiyyə sahəsində islahatlar aparılmalı və müasir infrastruktur yaradılmalı idi. Artıq 600-dən çox xəstəxananın tikintisi, təmiri bizə belə imkanları yaradır. Kütləvi müayinədənkeçmə proqramını əhatə edən bütün qurumlar bu nəticəni əldə ediblər - bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz müayinədən keçibdir. Bax, bizim siyasətimiz bundan ibarətdir. Bizim siyasətimiz 3 mindən artıq məktəbin tikilməsində, maaşların, pensiyaların artırılmasında özünü göstərir. Azərbaycan büdcəsində sosial xərclər əlbəttə ki, prioritet olaraq qalacaq və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılmalıdır.

Azərbaycan xarici siyasət sayəsində böyük uğurlar əldə edib. Bunu artıq Azərbaycan ictimaiyyəti bilir. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Ermənistandan başqa heç bir ölkə ilə ikitərəfli formatda bizim problemimiz yoxdur. Biz bir çox üçtərəfli əməkdaşlıq formatları irəli sürdük”.

Dövlət başçısı bildirib ki, ordu quruculuğu istiqamətində siyasətimiz özünü tam doğruldub: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir. Ordumuzun maddi-texniki təchizatı, döyüş qabiliyyəti, orduda vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bu gün biz ən qabaqcıl texnologiyalara malik olan texnika alırıq, silahlar alırıq və alacağıq. Ordumuz üçün nə qədər vəsait ayırmaq lazımdırsa, biz o qədər də ayıracağıq. Dilənçi Ermənistandan fərqli olaraq, biz Ordumuzu öz hesabımıza təmin edirik, müstəqil ölkə kimi yaşayırıq. Onlar isə başqa yolu seçiblər, bu, müstəmləkə yoludur, bu, onların seçimidir".

Prezident İlham əliyev qeyd edib ki, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir: "Keçən ilin aprel döyüşləri bunu göstərdi. Aprel döyüşləri xalqımızın, Ordumuzun gücünü göstərdi. Bir daha göstərdi ki, Azərbaycan Ermənistanın silahlı təxribatlarına heç vaxt dözməyəcək və göstərdi ki, Azərbaycan indiki vəziyyətlə heç vaxt barışmayacaq.

AzVision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti