“Mümkün olan risklər xaricdə formalaşır” – İlham Əliyev

“Mümkün olan risklər xaricdə formalaşır” – İlham Əliyev
  26 May 2017    Oxunub:3667
“Mən sizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm. Bütün Azərbaycan xalqına yeni uğurlar, qələbələr arzulayıram. Doxsan doqquz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılmışdır. Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb. Bu, tarixi hadisədir, xalqımız üçün və dünya miqyasında tarixi hadisədir. Azərbaycan xalqı müstəqilliyə qovuşurdu. Dünya miqyasında birinci müsəlman demokratik respublikası Azərbaycanda yaradılıb. Bu, özlüyündə xalqımızın nə qədər mütərəqqi və istedadlı olduğunu bir daha göstərirdi”.
AzVision.az xəbər verir ki, bunu prezident İlham Əliyev 28 May - Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib. Onun sözlərinə görə, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə, onun qurucularının xatirəsinə böyük hörmətlə yanaşır:

“Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd etmək üçün bu yaxınlarda mənim tərəfimdən Sərəncam imzalanıb. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. İki ildən sonra müstəqilliyimiz əlimizdən alınmışdır. Əgər Azərbaycan dövlət müstəqilliyini qoruya bilsəydi, əminəm ki, bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş, ən zəngin ölkələrdən biri olacaqdı. Ancaq xarici müdaxilə nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi.

Ondan sonra 70 il Azərbaycan xalqı Sovet İttifaqının tərkibində yaşayırdı. Baxmayaraq ki, müstəqil deyildik Azərbaycan xalqı inkişaf edirdi. Xüsusilə 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etmişdir, həm iqtisadi, həm sosial sahədə böyük uğurlar qazanmışdır”.
Dövlət başçısı qeyd edib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşub: “Ancaq tarix sanki təkrarlanırdı və iki ildən sonra yenə də müstəqilliyimiz üçün böyük təhlükələr yaranmışdı. Əslində, müstəqilliyimizin ilk iki ili formal xarakter daşıyırdı. Çünki Azərbaycan öz müstəqil siyasətini tam miqyasda apara bilmirdi. Bundan əlavə, ölkəmizdə yaşanan siyasi, iqtisadi, hərbi böhran, torpaqlarımızın işğal altına düşməsi, ovaxtkı hakimiyyət tərəfindən vətəndaş müharibəsinin başlanması, əlbəttə, gənc dövlətimizi uçurum kənarına qoymuşdu. 1993-cü ildə Azərbaycan yenə də böyük təhlükə ilə üz-üzə qalmışdı. Azərbaycan xalqının müdrikliyi ölkəmizi, dövlətimizi bu bəladan xilas etdi.

Azərbaycan xalqı müdriklik göstərərək böyük lideri – Heydər Əliyevi hakimiyyətə dəvət etdi. 1993-cü ildən sonra Azərbaycanda inkişaf dövrü başlamışdır və bu gün bu dövr davam edir. Bütün xoşagəlməz hallara, vətəndaş müharibəsinə son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi. Dövlətçiliyin əsasları qoyuldu, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edildi, ölkəyə böyük həcmdə xarici sərmayə gəlməyə başladı. Azərbaycan beynəlxalq təcriddən, informasiya blokadasından çıxa bildi. Bir sözlə, 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir. Bugünkü Azərbaycan bir daha mənim sözlərimi təsdiqləyir ki, əgər 1920-ci ildə müstəqillik əlimizdən alınmasaydı, indi Azərbaycan ən öndə gedən ölkələrdən biri ola bilərdi.

Bunu deməyə əsas verən bizim müstəqillik tariximizdir. Cəmi 23 il ərzində – 1993-cü ildən başlayaraq, görün, Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan nə qədər güclənib, görün, Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub. İqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə Azərbaycan böyük uğurlara imza atıb və bu gün bütün dünya bunu bilir və qəbul edir. Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir”.

“Bu gün qarşıda duran vəzifələr haqqında danışmaq istərdim. Biz gələcək illərdə də müsbət dinamikanı saxlamalıyıq və əminəm ki, saxlayacağıq. Daxili siyasətə gəldikdə, ilk növbədə, Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir” deyən perzident qeyd edib ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil:

“Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda, düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır. Eyni zamanda, Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq.

Biz ilk növbədə öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq ilk növbədə, milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə. Biz bu siyasəti uzun illərdir ki, aparırıq. Bəzən buna görə də müxtəlif yerlərdən Azərbaycana təzyiqlər göstərilir və bizə qarşı kampaniyalar aparılır. Ancaq indiki şərait, bugünkü beynəlxalq vəziyyət bir daha göstərir ki, bu, yeganə düzgün siyasətdir. Çünki bu gün bölgədə, dünyada risklər, təhlükələr artır, təhlükə mənbələri genişlənir, əfsuslar olsun ki, bizim coğrafiyamızda sabitlik təmin edilmir, əksinə, ildən-ilə vəziyyət daha da gərginləşir. Ona görə təhlükəsizlik məsələləri ön planda olmalıdır”.


İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: İlham-Əliyev  





Xəbər lenti