Azərbaycanda təhsil haqqı azaldılır? - "1000 manat endirim edəcəyik" (SORĞU)

Azərbaycanda təhsil haqqı azaldılır? - "1000 manat endirim edəcəyik" (SORĞU)
  25 May 2017    Oxunub:30209
Azərbaycanın bəzi ali təhsil müəssisələrində təhsil haqlarına dəyişiklik edilib. Məlumata görə, bəzi universitetlərdə illik önədişin məbləği azaldılıb.
Hansı təhsil müəssisələri tələbələrə güzəşt edir?

AzVision.az dövlət və özəl ali təhsil müəssisələri arasında bununla bağlı sorğu keçirib.

Bakı Dövlət Universitetinin (BDU) maliyyə məsələləri üzrə rektor müşaviri Məzahir Sultanov bildirib ki, növbəti tədris ilində təhsil haqlarında qismən dəyişiklik ediləcək: “Ödənişlərin 90 faizi əvvəlki kimi qalacaq. Bəzi ixtisaslarda təhsil haqlarını 100-200 manat qaldırmaq qərarına gəlmişik. Bunu Nazirlər Kabinetinə göndərdiyimiz təkliflərdə də bildirmişik. Ümumilikdə, universitetdə təhsil haqları stabildir və 1600-2200 manat arasında dəyişir”.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev deyib ki, yeni tədris ilində illik ödənişlər 1000 manatadək aşağı salınacaq: “Əvvəl ixtisas üzrə 3000 manat olan illik ödəniş indi 2000 manatadək azaldılıb. Ötən il universitetdə plan yerlərinin 11 faiz dolması obyektiv və subyektiv səbəblərlə bağlı idi. Buna baxmayaraq, biz bunu xarici tələbələrin hesabına doldurduq və onlar ödənişi dollarla etdiyi üçün problem yaşamadıq. Yerli tələbələrin təhsil haqlarına endirim etsək də, xarici tələbələr üçün ödəniş artırılacaq. Onlar ixtisas üzrə 2000-3000 dollar arası ödəniş edirlər. Biz eyni zamanda xarici və yerli tələbələrin yataqxana problemini də həll etmişik. Bundan əlavə bu ildən başlayaraq bizim tələbələrimizə ikili diplom veriləcək. Tələbələrə Odlar Yurdu Universitetinin Təhsil Nazirliyi tərəfindən tanınan diplomu ilə yanaşı, İsveçrənin Mantrou Biznes Məktəbinin də diplomu veriləcək. Bu, dünyanın ən nüfuzlu universitetlərindəndir və Amerikada akreditasiyadan keçib”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov isə ödəniş haqlarının artırılacağını söyləyib.

“Bizdə hazırda ödənişli təhsil əyani şöbə üzrə 1700-1900, qiyabi şöbədə isə 1400-1600 AZN-dir. 2017-2018-ci tədris ilindən etibarən qiymətlərin 100 AZN həcmində artırılması planlaşdırılır”.

Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev isə qeyd edib ki, onlarda ödənişli əsaslarla oxuyan tələbələr üçün təhsil haqqı ixtisaslar üzrə müvafiq olaraq 1600-1700 AZN təşkil edir.

“Mövcud vəziyyətdə bu məbləğ digər dövlət ali təhsil müəsissələri ilə müqayisədə kifayət qədər münasibdir. Nəzərinizə çatdırmaq istərdim ki, AzTU-da təhsil haqqları əvvəlki illərdə qaldırılmayıb, sosial-iqtisadi vəziyyət nəzərə alınaraq hər kəsin gücü çata biləcək səviyyədə saxlanılıb. Buna görə də təhsil haqqlarının növbəti qəbul ili üçün aşağı salınması hazırda müzakirə mövzusu deyil. Universitetimizdə son illər yaradılan təhsil mühiti, maddi-texniki baza, kadr potensialı və ödənişli əsaslarla təhsil alan tələbələr üçün münasib məbləğ abituriyentlərin AzTU-nu seçməsinə səbəb olacaq”.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsin müdiri Mansur İbrahimov bildirib ki, hazırda universitetin bütün fakültələrində təhsil haqqı 1320 manatdır: “Təhsil haqlarının azaldılıb-artırılması ilə bağlı bizdə hazırda heç bir məlumat yoxdur”.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri Şəfaqət Kazımova qeyd edib ki, onlarda təhsil haqqı olduğu kimi qalır və hər hansı dəyişiklik nəzərdə tutulmayıb.

ADU-da müxtəlif ixtisaslar üzrə təhsil haqqı 1000-2500 manat arasında dəyişir.

Digər özəl ali təhsil müəssisələrindən fərqli olaraq Xəzər Universitetində təhsil haqlarında dəyişiklik edilməyəcək. Universitetin İdarəetmə və Tələbə İşləri üzrə prorektoru İsaxan İsaxanlı qeyd edib ki, qiymətlər ötən ilki kimi qalacaq.

Xəzər Univeristetində təhsil haqları 3000-4500 AZN-dir.

Kooperasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Aydın Mirzəməmmədov bildirib ki, növbəti tədris ilində ixtisaslar üzrə təhsil haqqı 1500-2000 manat olacaq.

“Növbəti tədris ili üçün ixtisaslar üzrə ən azı təhsil haqqı 30 faiz azaldılıb. 2500-2900 manat olan təhsil haqqı 2000 manata qədər, 2000-2400 manat arasında dəyişən təhsil haqları isə 1500 manata qədər endirilib”.
Azərbaycan Universitetində də illik ödənişlərə dəyişiklik edilib: “Bu il 14 ixtisas üzrə qəbul aparılacaq. II qrup üzrə 4 ixtisasda təhsil haqqı 3000 manatdan 2500 manata qədər endirilib. Digər ixtisaslarımızda isə təhsil haqqı olduğu kimi qalacaq. Belə ki, 2 ixtisasda təhsil haqqı 3000 manat, digərlərində isə 2500 manatdır”.

Bakı Avrasiya Universitetinin mətbuat xidmətinin rəhbəri Səfayət Əliyev qeyd edib ki, onlarda təhsil haqqı 400 manata qədər endirilib. Hazırda universitetdə bütün ixtisaslar üzrə təhsil haqqı 1600-1700 manat arasında dəyişir.

Qərb Universitetində də tələbələrə müəyyən endirimlər edilib. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Vüsal Məmmədov bildirib ki, hazırda infrastrukturun müasirləşdirilməsi üçün əsaslı işlər aparılır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir və nəhəng kompleks, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar qurulur.

“Ən əsası bu ildən yeni ixtisaslar fəaliyyətə başlayır. İxtisasların sayı 36-ya çatdırılıb. Halbuki, ötən il ixtisaslarımızın sayı təxminən bunun yarısı qədər idi. Bütün bunlar qəbul planının daha yüksək olacağını deməyə əsas verir. Bu da imkan verir ki, təhsil haqları aşağı salınsın. Prosesə universitetin Qəyyumlar Şurası da dəstək verir. Əsas hədəfimiz Qərb Universitetini təkcə ölkədə deyil, yerləşdiyimiz regionda aparıcı universitetə çevirməkdir. Qeyd edim ki, bizdə təhsil haqları 1500-2000 manat arasında dəyişir”,-deyə V.Məmmədov vurğulayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-haqqı   Universitetlər  





Xəbər lenti