Saxta pula görə iki nəfər tutuldu

Saxta pula görə iki nəfər tutuldu
  25 May 2017    Oxunub:1380
Daxili işlər orqanlarının əməkdaşları ölkəmizin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, mayın 23-də Masallı rayonunun Qəriblər kənd sakini Xəlil İmamyarova məxsus mağazaya gələn bir nəfər ərzaq məhsulları alıb və 100 manatlıq əsginas verərək ödəniş edib.

Müştəri mağazadan ayrıldıqdan sonra kassadakı pulları götürüb ayıran satıcı 100 manatlıq əsginasın saxta olmasından şübhələnib. Əsginas yoxlanıldıqda onun saxta olduğu müəyyənləşib və dərhal rayon polis şöbəsinə müraciət edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakinləri Şahəddin Musayev və Ramal Əbülhəsənov şübhəli şəxs qismində saxlanılıblar. Sonuncuya məxsus maşına baxış keçirilərkən oradan daha beş ədəd 100 manatlıq saxta əsginas aşkarlanaraq götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 204-cü (saxta pul və qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

AzVision.az


Teqlər: DİN  





Xəbər lenti