Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnoz

Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət proqnoz
  25 May 2017    Oxunub:1597
“Büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 mlrd. 307 mln. manat sərbəst xəzinə qalığı yaranıb”.
AzVision.az xəbər verir ki, bunu maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir müavini bildirib ki, ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29% təşkil edib.

“Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3%-ə çatıb ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz çoxdur. Hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik”.

A.Bayramov xatırladıb ki, FES faiz dərəcələrini artırıb və dollar bahalaşıb. Bu da dollardan asılı olan valyutaların stabilliyinə əlavə problemlər yaradıb: "Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə inflyasiyanın artmasına, iqtisadi artım sürətinin azalmasına təsir edib".

Qeyd edək ki, ötən ilki büdcənin gəlirləri 16 822,0 mln. manat proqnoza qarşı 17 505,7 mln. manat və ya 104,1% icra edilib. Hesabat ilində dövlət büdcəsinin gəlirləri 2015-ci illə müqayisədə 7 714,8 min manat çox olub.

2016-cı ildə dövlət büdcəsinin xərcləri 18 495,0 mln. manat proqnoza qarşı 17 751,3 mln. manat və ya 743,7 mln. manat az və ya 96,0% icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 mln. manat və ya 0,2% azdır.

Hesabat ilində dövlət büdcəsinin kəsiri 245,604 mln. manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31,232 mln. manat, xarici qrantlar 12,326 mln. manat təşkil edib, daxili və xarici borclanmadan daxilolmalar isə 186,819 mln. manat göstərilib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti