Qarşıda düşmən var...

Qarşıda düşmən var...
  25 May 2017    Oxunub:2600
Yenə də əsgərlərimizlə görüşə - səngərlərə tələsirik. Məqsədimiz bəllidi: Vətən keşikçiləri ilə görüşmək, onların döyüş hazırlığı, məişət şəraiti, problemləri ilə yaxından maraqlanmaq və arzularını, ürək sözlərini qəzetimizdə dərc etmək. Yol uzunu bir anlıq xatirələrə dalıram.
Böyük Vətən müharibəsinin iştirakçısı olan babam Alcəfər kişini, tez-tez döyüş yoldaşları haqqında danışdıqlarını düşünürəm. Həmişə babamın üzündə bir məğrurluq, bir qədər də kədər sezilirdi. İçində həm o günlərin fərəhini, həm də səngər dostlarını itirməyinin kədərini yaşayırdı. Maraqlıdır, hər səngər görüşlərimdə neçə dostluğun bünövrəsi yaranır və bir ömür davam edir. Axı səngər dostluğu sınaqlardan keçən dostluqdu.

Bu düşüncələrlə "N" hərbi hissəsinə çatırıq. Təcrübəli zabit Murad Muradov əsgərlərimizin yüksək döyüş əhval-ruhiyyəsində olduğunu, hər an Ali Baş Komandanın əmrini gözlədiklərini deyir. "Ali Baş Komandan əmr verəcəyi an silaha sarılıb torpaqlarımızı azad edəcəyik. Müasir silah və hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş hazırlığına malik ordumuz var. İqtisadiyyatımızda əldə olunan nailiyyətlər ordumuzun təchizatını da xeyli yaxşılaşdırıb. Müasir standartlara cavab verən əsgər yataqxanaları, tibb məntəqəsi, camaşırxana-yeməkxanalar hərbi qulluqçularımızın ixtiyarındadı. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrə göstərdikləri diqqət və qayğını hər addımda hiss edirik. Bu diqqət və qayğı hər bir döyüşçümüzü düşmən üzərində qələbəyə ruhlandırır".

Vaxt itirmədən qərargahdan səngərlərə yollanırıq. Zabit Murad Muradov danışır:

- Tarix boyu yeri-yurdu bəlli olmayan ermənilər zaman-zaman Azərbaycana qarşı ərazi iddiasında olublar, soyqırımlar törədiblər. Nəticədə sərhədlər səngərlərə çevrilib. Səngərdə cəsur Azərbaycan oğulları dayanıb. Bir gün torpaqlarımızın sinəsinə çəkilən səngərlər tezliklə düşmənə məzar olacaq.
Sıx meşəlikdən açılan yollarla bir qədər hündürlüyə qalxaraq səngərə çatırıq. Kiçik çavuş Ruslan Əsgərovla salamlaşıb post başçısı olduğunu öyrənirik.

Tovuz rayonundan olan Ruslan düşməni məhv etməyə hazır olduqlarını, əsgərlərinə daim qələbə ruhu aşıladığını bildirir. Manqa komandiri olaraq əsgərlərə silahların taktiki-texniki xüsusiyyətlərini öyrədir, nizam-intizamlı olmağı, hərbi qayda-qanunlara riayət etməyi başa salır. Düşmən üzərində qələbənin sorağında olduqlarını deyən gənc komandir, əsgərlərin məişətinə, qida təminatına, bir sözlə, döyüşə hazır olmalarına diqqət etdiklərini bildirir.
- Mütəmadi keçirilən təlimlərdən, bildiklərini öyrətməyə can atan komandirlər və komandirlərindən öyrənməyə səy göstərən əsgərlər olduğu halda döyüş meydanından üzüağ çıxacağıq, - manqa komandiri dedi.

Dərin qazılmış səngərlərdə döyüş növbətçiliyi aparan əsgərlərimizlə həmsöhbət oluruq.

İlk həmsöhbətim Ağdaş rayonundan hərbi xidmətə çağırılan Mirdamət Lətifzadədir. 4 aydır ki, ön xətdə xidmət edən əsgər deyir ki, atıcı vəzifəsindədir. Bu vəzifəyə təlimdə atış çalışmaları zamanı hədəfləri sərrast və dəqiq vurduğuna görə təyin olunub. Gənc əsgər olduğu zaman ilk sıra addımlarını, silahı təhvil aldığı anı unutmayacağını bildirir. "Valideynlərimə Vətənə layiqli əsgər olacağıma söz vermişəm. İlk sıra addımlarımda nizam-intizamlı, bacarıqlı əsgər olaraq yetişməyə başladığımı hiss etdim. Hər gün, hər saat özümə döyüşə atılacağım, torpaqlarımıza qəsd edənləri cəzalandıracağım günü arzuladım. Gördüyünüz kimi silahlıyam, qarşımda düşmən var. Arzumun bir addımlığındayam. Tarixi Azərbaycan torpaqlarını azad edəcəyimiz günün - Ali Baş Komandanın döyüş əmrinin sorağındayam. Hər döyüş növbətçiliyində silahımla baş-başa qalıb düşmənə nifrətlə baxıram. Tarix boyu başımıza açdıqları müsibətləri düşünürəm".

Hər addımında igidlər oylağını xatırladan, keçilməz qala olduğunu hiss etdirən səngərlə irəliləyirik. Növbəti mövqeni qoruyan Beyləqan rayonundan hərbi xidmətə çağırılan əsgər Yalçın Cəfərovdur. 8 aydır hərbi xidmətdə olan əsgər baş atıcı vəzifəsindədir. Yalçın deyir ki, gecələr tez-tez atəş səsləri eşidilir. Amma bu onları qorxutmur. "Biz Vətən keşiyindəyik. Bizə inanan, güvənən, canlarını etibar edən insanlarımız, Azərbaycan xalqı var. Bir zamanlar bu səngərlərdə bizi qoruyanları, indi qorumaq bizim vəzifəmizdir. Çiynimizdəki məsuliyyətin, qarşımızdakı mənfur düşmənin fərqindəyik. Bu səbəbdən də öz mövqeyimizdə ayıq-sayıq, möhkəm dayanmışıq.”



"N" hərbi hissəsində əsgərlərin yaşam tərzi, qidalanması ilə maraqlandıq. Əsgərlərin yatdıqları, dincəldikləri yerlər təmiz, səliqəlidir. Yeməkləri də hər gün qaydasında verilir. Əsgər Tural Əlizadə deyir ki, burada onlara qayğı ilə yanaşırlar. "Yemək məsələlərində heç vaxt problem olmur, hər gün vaxtında yeməklərimiz verilir, yaradılan imkanlardan və şəraitdən razıyıq". Cəbhə bölgəsində xidmət etməkdən ruhlandığını bildirən Turala görə, 11 aylıq hərbi xidmətində ömrünün mənasını tapıb. "Məncə həyatdakı ən böyük sevgi Vətən sevgisidir. Hansı ki, bu sevgi bizə güc-qüvvət verir".

Əsgər Əlizadənin dediklərini düşünürəm. “Hərbi xidmətdə ömrümün mənasını, həyatımın amalını tapmışam”. Vətənə bu qədər bağlı olan əsgər düşmən üzərinə qorxmadan, igidliklə gedəcək, torpaqlarımızı bir göz qırpımında azad edəcək.
Bu düşüncələrlə əsgər Bulud Həsənlinin qoruduğu qumbaraatan mövqeyinə çatırıq. Hansı ki, manqa komandiri 14 ayın əsgəri olan bu gənc haqqında tərifli sözlər demişdi. Onun nizam-intizamından, silahların taktiki-texniki xüsusiyyətlərinə bələd olmasından, məsuliyyətindən ağızdolusu danışmışdı. Cəlilabad rayonundan olan əsgər məğrur səslə Azərbaycan Respublikasına xidmət etməkdən fərəh duyduğunu bildirir. "Bütün əsgər yoldaşlarımızla bir məqsədimiz var: torpaqlarımızı azad etmək. Hər gün döyüş növbətçiliyinə çıxarkən dua edirəm. Allahım, bizə o torpaqlara ayaq basmağı, düşmənə etdiklərinin əvəzini verməyi nəsib eylə".

Əsgər Ruslan Mehtili deyir ki, ordu mühiti başqa dünyadır. 8 aydır gecə-gündüz bilmədən xidmətdə olsa da, yorulmadığını, bundan sonrakı həyatını da ordu sıralarında keçirəcəyini bildirir. "Zaman keçdikcə ayrılmaq istəmirsən silah yoldaşlarından. Burada olanda ailənin güvəndə olduğuna əmin olursan. Mən indi rahatam. Çünki nə təhlükə gəlsə, biz onu dəf etməyə hazırıq. Təki Vətən yaşasın".

Son həmsöhbətim isə əsgər Şakir Şakirlidir. O da digər yoldaşları kimi məqsədlərinin torpaqlarımızı azad etmək olduğunu bildirdi. "Əzəli düşmənimiz ermənidir. Onların etdiklərini, törətdikləri soyqırımları unutmamışıq. Qisas gününü gözləyirik, şəhidlərimizin intiqamını alacağımız gün uzaqda deyil. Düşmən bilsin ki, onları yer üzündən siləcək gücə malik ordumuz var. Hər birimiz Azərbaycan əsgəri olmağımızın qürurunu yaşayırıq".

Getmək vaxtıdır... Xudahafizləşib yola düşürük. Sıx ağacların kölgə saldığı meşədən geriyə boylanır, döyüş postuna baxıram. Doğrudan da, qalaya bənzəyir. Bəli, bu qalanı ürəyi Vətən eşqi ilə döyünən oğullar qoruyur.

Ceyhun Cəfərli
Fotolar Coşqun Cəfərov
AzVision.az




Teqlər: Azərbaycan-Ordusu   Əsgər   hərbçilər  





Xəbər lenti