“Ermənistan Azərbaycan torpaqlarını işğal edib” - ABŞ-ın keçmiş səfiri (MÜSAHİBƏ)

“Ermənistan Azərbaycan torpaqlarını işğal edib” - ABŞ-ın keçmiş səfiri (MÜSAHİBƏ)
  23 May 2017    Oxunub:6088
"Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşacağına ümid edirəm"
Zalmay Xalilzad Corc Buşun administrasiyası dövründə ABŞ-ın Əfqanıstanda (2003-2005), İraqda (2005-2007) və BMT-də (2007-2009) səfiri olub. O, “Caspian News” internet qəzetinə müsahibə verib. Səfir bu müsahibədə ABŞ-ın Xəzər regionu ilə bağlı xarici siyasəti, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin əhəmiyyəti, BMT-nin bu məsələdəki rolu, ABŞ-ın Rusiya və Şimali Koreya ilə münasibətləri, habelə mənfi stereotiplərin aradan qaldırılması istiqamətində müsəlman və amerikan cəmiyyətinin üzərinə düşən vəzifələr barədə fikirlərini açıqlayıb.

AzVision.az həmin müsahibəni təqdim edir:

-Cənab səfir, siz müsəlmansınız, və yüksək rütbəli müsəlman məmurlardan biri kimi uzun müddət Birləşmiş Ştatlar hökumətində çalışmısınız. ABŞ müsəlman dünyasında özünə daha çox müttəfiq qazana bilərdi. Ancaq bu gün amerikalılar müsəlmanlar haqqında düşünərkən mənfi stereotiplərdən qurtula bilmirlər. Amerikalılarda formalaşmış bu stereotiplərin köklü səbəbləri nədir və onların aradan qaldırılması istiqamətində Azərbaycan nə kimi rol oynaya bilər?

-Son zamanlar müsəlmanlara qarşı formalaşmış mənfi münasibətin əsas səbəbi daha çox ekstremizm və terror problemləri ilə bağlıdır. Bu gün biz bəzi müsəlman ölkələrində, xüsusilə də müxtəlif böhranların yaşandığı Yaxın Şərq regionunda bunun təzahürlərini görürük. Lakin bir çox digər müsəlman qruplaşmaları və partiyaları da var ki, onlar ekstremizmdən və terrorçuluqdan uzaqdır.

Onların arasında çox sayda müsəlmanlar yaşayan Azərbaycanı xüsusilə qeyd etmək olar. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. Amerika kimi, – Amerika dünyəvi ölkədir, burada insanlar dini etiqad azadlığına malikdir, onlar istədikləri dinə etiqad edə bilərlər. Ancaq bunu dini dövlətlə bir tutmaq olmaz. Müsəlman dünyasında gördüyümüz müxtəlifliyin dəyərləndirilməsi baxımından Azərbaycanın başa düşülməsi faydalı ola bilər.

Bütün müsəlmanlar eyni hüquq və azadlıqlara malikdir, ancaq onlar fərd olaraq bir-birlərindən fərqlənir. Müsəlman dünyasının bir çox problemləri Qərblə bağlı deyil, yaxud Qərbin islam dünyası ilə bağlı heç bir problemi yoxdur.
Müsəlman dünyası daxilində (cərəyan edən hadisələr) bir yandan ənənəni qoruyub saxlamaq, digər yandan müasirləşmək və bu iki məqsəd arasında tarazlığı qoruyub saxlamaq; iqtisadi inkişafa nail olmaq, siyasi problemlərin öhdəsindən gəlmək və əmin-amanlığa qovuşmaq cəhdləri ilə bağlıdır.

Müsəlman dünyası tarixən xarici müdaxilələrdən, müstəmləkəçilikdən çox əziyyətlər çəkib, onların sərhədləri dəfələrlə xarici qüvvələr tərəfindən cızılıb. Vaxtilə inkişafın zirvəsində duran, dünyada hegemon rol oynayan bir sivilizasiya indi tənəzzül dövrünü yaşayır. Bu tənəzzülün səbəbləri nədir? Yenidən tərəqqiyə nail olmaq üçün nə etmək lazımdır? Müsəlmanlar məhz bu məsələlər ətrafında bu gün mühakimə yürüdür, mübahisə edir və ziddiyyətlər də buradan yaranır. Bu çox incə, mürəkkəb məsələdir. Düşünürəm ki, dünya ölkələrinin, xüsusilə də Amerikanın Azərbaycanı daha yaxından tanıması bu baxımdan müsbət rol oynaya bilər.

-Bu gün dinimizə və insanlarımıza qarşı formalaşmış stereotiplərlə mübarizə aparmaq üçün müsəlman olaraq biz nə etməliyik?

-Mənim fikrimcə bu məsələnin iki tərəfi var. Birincisi, müsəlmanların ümumi, ayrılıqda götürdükdə isə Yaxın Şərqlə bağlı xüsusi məsuliyyətidir. İkincisi isə Yaxın Şərqdəki böhranı və onun ekstremizmin və terrorizmin kök salması üçün yaratdığı şəraiti aradan qaldırmaqdır. Bu o deməkdir ki, müxtəlif qruplar bu istiqamətdə müəyyən tədbirlər görməlidir. Misal üçün, müsəlmanların şiələrə və sünnilərə bölünməsi nəticə etibarilə zorakılığa və ekstremizmə şərait yaradır.

Ona görə də bu gün müsəlmanların bir araya gəlməsinə böyük ehtiyac var, necə ki, dini müharibələr zamanı Avropa xristianları birləşmişdilər. Belə bir yekdil düşüncə hakim olmalıdır ki, istər şiələr, istərsə sünnilər eyni dərəcədə yaxşı müsəlmanlardır. Bundan əlavə, onlar nəyi etmək olar, nəyi etmək olmaz məsələsində öz aralarında müəyyən razılığa gəlməli, bəzi siyasi yanaşmaları razılaşdırmalıdırlar.

Avropada Vestfaliya razılaşmasının imzalanması başa çatan dini müharibələrdən sonra müəyyən dövlət sistemi yarandı ki, bu dövlətlər də məhz həmin müharibələrin köynəyindən çıxmışdı.

Müsəlmanlar müasirliyə qucaq açmalı, həyat şəraitini yaxşılaşdırmalı, insanların, o cümlədən qadınların ayaqda durmalarına kömək etməli, öz xalqına xidmət göstərməlidirlər.

Ekstremizm “filan şeyi etmək günahdır, danışdığımız kimi hərəkət etmirik, bunlar hamısı Qərbin günahıdır, yaxud ... biz gərək köhnə zamanlara qayıdaq və peyğəmbərimizin, xəlifələrin buyurduğu kimi yaşayaq” deyən insanlar arasındakı sivilizasiya böhranının təcəssümüdür. Başqaları isə buna etiraz edərək, biz inkişaf etmiş sivil cəmiyyətlər kimi yaşamalıyıq, onlardan öyrənməli, nəyi isə əxz etməliyik, deyirlər. Müsəlmanların həll etməli olduğu məsələ bax budur. İnsanlar müasirliyə getdikcə daha çox meyl edirlər və mən bunun bəzi əlamətlərini görürəm. Bu müsəlmanların qarşısında bir məsuliyyətdir. Çünki bu, ekstremizmin ərsəyə gətirdiyi “xətalardan” biridir. Ondan bəzən hətta hökumətlər siyasi alət kimi də istifadə edirlər. Və bu qavrayış uzunmüddətli olacaq.

İkinci məsuliyyət dünyanın qeyri-müsəlman əhalisi yaşayan hissəsinin üzərinə düşür. Onlar müsəlmanlara və İslama münasibətdə daha ağıllı mövqe sərgiləməlidirlər, belə ki onların hamısını bir tutmaq olmaz. İslam dini müxtəlif ölkələrdə yaşayan və fərqli mədəniyyətlərə malik 1.6 milyarddan çox insanı özündə birləşdirir. Onların heç də hamısı ekstremist və ya terrorçu deyil və onların da digər insanlar kimi eyni arzuları, eyni həyatları var, fərq sadəcə bundadır ki, onlar islama etiqad edirlər. Buna görə də hər iki tərəfdən addımların atılması zəruridir.
Qərbin bir çox düşüncəli insanları bunu dərk edirlər. Ancaq bəzən bu məsələlərlə siyasi demaqogiya edənlər də tapılır. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra mən bəzi ən çətin regionlarda Amerika diplomatiyasının çox tanımış, fəal təmsilçisinə çevrildim. Bu onu göstərir ki, Amerikanın qapıları hər kəsin üzünə açıqdır. Prezident Buş terrorçularla müsəlmanlar arasında ciddi fərq qoyurdu. O, Amerikalıları müsəlmanları fərqləndirməyə və islamı anlamağa çağırırdı. Biz bunun potensialını görmüşük.

Ancaq mən düşünürəm ki, bu siyasəti ardıcıl davam etdirmək lazımdır. Biz deyə bilmərik ki, əgər Buş belə deyibsə, deməli belədir. Xeyr, bu daim belə olmalıdır. Cəmiyyətdə islam ekstremizmi qorxusu var, terrorizm qorxusu var – bu baş verən hücumlar insanların narahatlığına və təlaşına səbəb olur. Onlar ekstremizmə və terrorizmə qarşı tədbirlər görməyə məcburdur, ancaq bu müsəlman vətəndaşlara, müsəlman qonaqlara və müsəlman əhaliyə qarşı ayrı-seçkiliyə gətirib çıxarmamalıdır. Bu ən incə, ən mürəkkəb və çətin məqamlardan biridir. Bununla belə, hər iki tərəfin görə biləcəyi müəyyən işlər var.

-Sizcə, Azərbaycan ABŞ-ın yaxın gələcək üçün xarici siyasətində hansı konkret və ya özünəməxsus rolu oynaya bilər?

-Azərbaycan bir neçə cəhətdən mühüm əhəmiyyət kəsb edən ölkədir. Birincisi enerji resursları, geosiyasi mövqe və təhlükəsizlik baxımından. İkincisi, onun Qafqaz regionunun çox həssas hissəsində – Rusiya, İran və Türkiyə ilə sərhəddə yerləşməsidir. Ona görə də, bu güclərin rəqabət aparmaları, yaxud əməkdaşlıq etmələri dünyanın qalan hissəsi üçün təsirsiz ötüşmür.

Məhz buna görə də Azərbaycan həm özünü coğrafi mövqeyi, həm də regionun daim dəyişən geosiyasi mühiti baxımından ciddi əhəmiyyət daşıyır. Azərbaycan həm də qonşu Ermənistan tərəfindən ərazisi işğal olunduğundan müharibə vəziyyətində olan bir ölkə kimi əhəmiyyətlidir. Bu elə bir vəziyyətdir ki, istər regionda, istərsə region hüdudlarından kənarda sülhü və təhlükəsizliyi təhdid edə bilər.
Bütün bu səbəblərdən Azərbaycan ABŞ-ın xarici siyasətində önəmli yer tutur və gərək ki, ABŞ-ın xarici siyasətində mühüm rol oynasın.

-Tramp administrasiyası öz siyasətini “Amerikanı yenidən möhtəşəm edək” kimi şüarlarla əsaslandırır və bununla beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır. Necə fikirləşirsiniz, administrasiya Azərbaycanla regional səviyyədə daha fəal işləyəcəkmi?

-Tramp administrasiyası öz xarici siyasətinin, onun prioritet istiqamətlərinin müəyyənləşdirilməsi mərhələsindədir. Seçki kampaniyası vaxtı çox şey demək olar, ancaq iş başına çatdıqdan sonra vəziyyət dəyişir və siz daha məsuliyyətli qərarlar qəbul etməli olursunuz. Bu baxımdan bir çox məsələlərə yenidən baxılır və qərarlar da məhz bunun əsasında qəbul edilir. Mən inanmıram ki, Qafqaz regionu ilə bağlı məsələlərə yenidən baxılıb və ya baxılması başa çatdırılıb.
Ancaq düşünürəm ki, bayaq qeyd etdiyim səbəblərdən Azərbaycan daha çox diqqət mərkəzində olmalıdır və heç şübhəsiz belə də olacaq. Mən Tramp administrasiyası ilə Azərbaycan arasında münasibətlərin daha da yaxşılaşacağına ümid edirəm.

-ABŞ-ın xarici siyasətində prioritet yer tutmaq üçün Azərbaycan nə etməlidir?

-Azərbaycanın nə etməli olduğu barədə danışmaq istəməzdim. Azərbaycana məsləhət vermək mənim üçün heç də xoş deyil. Hər hansı digər bir ölkə kimi, Azərbaycan da öz milli marağını müəyyən etməlidir; əminəm ki, onun artıq bu maraqların həyata keçirilməsi üçün işlənib hazırlanmış strategiyası və bu strategiyaya əsaslanan planı var. Yeni administrasiyası nə etmək lazım olduğunu və rolunun nədən ibarət olacağını müəyyənləşdirməklə məşğul olan ABŞ da daxil olmaqla, dünyada və regionda baş verən dəyişikliklərdən – istər enerji sahəsində olsun, istər geosiyasi sahədə, – asılı olaraq Azərbaycan bu planı reallaşdıra bilər. Dünyada o qədər yeniliklər baş verir ki, hətta diqqət mərkəzinə düşmək üçün də rəqabət lazımdır. Ona görə də Azərbaycan öz planlarını və ideyalarını dünyaya nə qədər səmərəli çatdırarsa və təbliğ edərsə, ölkə üçün də bir o qədər yaxşı olar. Ancaq demək istəmirəm ki, Azərbaycan konkret olaraq nəyi etməlidir.

-Artıq 25 ildən artıqdır ki, Ermənistanla Azərbaycan arasında torpaq mübahisəsi gedir. Dağlıq Qarabağ məsələsində ABŞ heç vaxt Azərbaycanı birmənalı şəkildə dəstəkləyən bəyanatlar verməyib. Sizcə də ABŞ Azərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəklənməsinə daha boyük diqqət ayırmalı deyilmi?

-Əvvəla, biz Azərbaycanın müstəqilliyinə və suverenliyinə xüsusi diqqət yetirilməsində və dəstəklənməsində maraqlıyıq. Bu, hesab edirəm ki, çox vacib məsələdir.

İkincisi, Azərbaycanla Ermənistan arasında torpaq mübahisəsinə gəlincə, ABŞ bu məsələdə həmişə fəal siyasət yürüdüb və bu problemin həlli yolunu tapmağa çalışıb. Bu cəhdlər bəzən nəticəsiz qalır. Ancaq mübahisənin həllinə gəlincə, deyə bilmərəm ki, ABŞ bu məsələdə həlledici rol oynayan yeganə dövlətdir, hər halda mən buna əmin deyiləm. Bəlkə də mövcud situasiyaya təsir imkanları olan digər güclərlə birlikdə nə isə fikirləşib tapmaq, yaxud nə isə etmək olar. Bizim özümüzün də ABŞ-da daxili problemlərimiz olur, və bəzən xarici siyasətimiz daxili siyasətimizin davamı kimi təzahür edir. Ancaq mən ABŞ-ın fəallığına həqiqətən inanıram və ümid edirəm ki, ABŞ Azərbaycana məxsus torpaqların işğalı üzündən davam edən ərazi mübahisəsinin həllinə öz töhfəsini verəcək. Bu elə bir mövzudur ki, məncə ABŞ bu məsələdə daha fəal rol oynamaq imkanını nəzərdən keçirməlidir.

-BMT-nin Təhlükəsizlik Şurası tək bir il ərzində - 1993-cü ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə dair dörd qətnamə qəbul edib. Bütün qətnamələrdə Ermənistanın öz qoşunlarını Azərbaycan ərazilərindən qeyd-şərtsiz geri çəkməsi tələb olunur. İyirmi beş il keçməsinə baxmayaraq, bu qətnamələr Ermənistanın günahı üzündən hələ də yerinə yetirilməmiş qalır. Azərbaycanda insanlar BMT-yə və onun Təhlükəsizlik Şurasına inamlarını get-gedə itirirlər. BMT ilə bağlı gələcəyi necə görürsünüz? BMT-nin dünyada və cənubi Qafqaz regionunda rolu nədən ibarət olacaq?

-BMT üzv-dövlətlərdən formalaşmış bir təşkilatdır və onların hər birinin dünyada sülhün və əmin-amanlığın qorunmasında öz məsuliyyət payı var. Bu vədlərin yerinə yetirilməsinə münasibət heç də birmənalı olmayıb. Bunu indinin özündə belə Azərbaycan-Ermənistan münaqişəsinin həllinə dünyanın necə fərqli prizmalardan yanaşması da göstərir.

Dünyanın hazırkı vəziyyətinə nəzərə salsaq görərik ki, II Dünya Müharibəsindən bəri dünya təhlükəsizlik baxımından özünün ən çətin, ən mürəkkəb dövrlərindən birini yaşayır. Demək olar ki, hər regionda təhlükəsizliklə bağlı ciddi problemlər var və onların aradan qaldırılması uğrunda mübarizələr aparılır. BMT sənədlərinin yerdə qalması insanların düşüncəsində bir çox suallar doğurur: nəyə görə BMT-nin təsir gücü yoxdur və ya nəyə görə BMT-nin ixtiyarına verilmiş resurslardan lazımınca, səmərəli şəkildə istifadə olunmur, yaxud resurslar görəsən israf olunmur ki; təşkilatda islahat aparmaq lazım deyilmi, islahat aparmaq yəni belə çətindir?

Mən inanıram ki, gördüyümüz problemlərə baxmayaraq, BMT önəmli bir təşkilatdır. Həmçinin mən hesab edirəm ki, bu təşkilatı daha effektiv təşkilat etmək üçün müvafiq islahatlar aparmaq lazımdır.

Bu islahatların aparılmasının nə qədər mürəkkəb proses olduğu hesabatlarda göstərilmişdir. Azərbaycanlıların vəziyyətdən nə qədər bezgin olduğunu anlayıram – təsəvvür edin, illərdən bəri davam edən müharibədən Suriyalılar necə bezmişlər, nə qədər insan əziyyət çəkir. Tramp administrasiyasının öz siyasətinə yenidən baxması və ya BMT-nin təşkilatın resurslarını azaltmaq məsələsini qaldırması ilə bağlı daha böyük bezginlik və narahatlıq var. BMT ciddi problemlərlə qarşılaşır və bu təşkilatda islahatlar aparılmalıdır. Lakin artıq dediyim kimi, bu islahatları aparmaq çətindir.

-Xəzər regionunda insanlar Tramp administrasiyasının Rusiya ilə daha mehriban münasibətlər quracağını ümid edirlər. Bu cür münasibətlərin Cənubi Qafqaz, Yaxın Şərq və digər ərazilərdə olan problemlərin həllinə müsbət təsir göstərəcəyinə inanırsınızmı?

-Bəli, ABŞ-da və bütün dünyada belə bir ümid yaranmışdır və bu ümidin yaranmasının səbəbi Trampın öz seçki kampaniyası dövründə Rusiya ilə daha mehriban muünasibətlərin qurulması haqqında dediyi sözlərdir. O bildirmişdi ki, niyə də Rusiya və ABŞ birlikdə işləyib yaxşı münasibətlər qurmasın?

Lakin reallıq budur ki, Trampın hakimiyyətdə olduğu ilk yüz gündə ABŞ-ın Rusiyaya qarşı siyasətində heç bir mühüm dəyişiklik baş vermədi. Əlbəttə ki, bunun səbəbləri var. ABŞ və Rusiya arasında Ukrayna, BMT, Suriya və hətta silahlanmaya nəzarət məsələləri üzrə ziddiyətlər var. ABŞ-da həmçinin Rusiya tərəfindən seçki kampaniyalarına müdaxilə ilə bağlı daxili problem yaranıb. Bu cür amillər ABŞ və Rusiya arasında keçmiş administrasiyalar dövründə olan inamsızlığın davam etməsinə səbəb olmuşdur.

Hesab edirəm ki, ABŞ Dövlət Katibi Tillersonun söylədiyi kimi, hal-hazırda iki ölkə arasında münasibətlər uzun illər ərzində olan münasibətlərin ən aşağı səviyyəsidir və demək olar ki, bu münasibətlər Soyuq Müharibə dövründəki kimi gərgindir.

Qeyd edim ki, Rusiya və ABŞ regional probləmlərin, xususi ilə Suriya probleminin həllində əməkdaşlıq etsə və Suriyada gedən müharibəyə son qoya bilsə, yaxşı olardı. Terrorizm probleminin, Azərbaycan və Ermənistan arasında olan münaqişə kimi dondurulmuş münaqişələrin həllində Rusiya və ABŞ əməkdaşlıq edə bilsə, yaxşı olardı.

Lakin “yaxşı olardı” demək bu əməkdaşlığın mütləq reallaşacağı demək deyil. Fikrimcə, onlar daha fəal iş aparmalı və öz perspektivləri, təhlil və maraqlarını bölüşməlidirlər.

Şübhəsiz ki, əməkdaşlıq edilə biləcək sahələri araşdırmaq, bu sahələrdə əməkdaşlığa maraq göstərmək, bir-birinə qarşı inamlı olmaq hamı üçün yaxşı olacaqdır. Düşünürəm ki, Prezident Tramp Rusiya ilə məsələləri həllində əməkdaşlığa başlamaq tərəfdarıdır. Lakin belə bir səviyyədə inamın yaranması zamanla olacaq bir məsələdir.

-İndiki qlobal hadisələri, xüsusən ABŞ və Şimali Koreya arasında baş verən hadisələri nəzər alaraq, yeni dünya müharibəsinin başlanması üçün səbəb görürsünüzmü?

-ABŞ və Rusiya arasında münasibətlərin çox gərgin olduğu bir zamanda, 25 milyon vətəndaşını sözün əsl mənasında dövlətin qulu kimi saxlayan və nüvə silahına nəinki müdafiə silahı kimi, həmçinin bu silahların vuruş məsafəsini təkcə Cənubi Koreya, Yaponiyaya deyil, eləcə də ABŞ-a çatdırmağa çalışaraq, bu dövlətlərə qarşı hədə-qorxu vasitəsi kimi baxan çox təhlükəli, çox avtoritar və ola bilsin totalitar paranoidal rejim olan Şimali Koreya vəziyyəti daha da çətinləşdirir. Beləliklə, Şimali Koreya ciddi problemdir.

Bizim digər problemlərimiz də var, məsələn, Avropanın şərqdən Rusiya ilə ciddi problemlərlə üzləşdiyi Ukrayna. Bundan başqa Yaxın Şərqdə qarşıdurmalar var. Siz artıq sektantlığın baş qaldırmasını, İran, Səudiyyə Ərəbistanı və Türkiyə arasında geosiyasi mübarizənin genişlənməsini müşahidə edirsiniz və indi son bir neçə il ərzində Rusiya da bu mübarizəyə daha da sıx müdaxilə edir.

Bundan başqa “dondurulmuş” münaqişələr və münaqişəyə gətirib çıxara bilən problemlərimiz var, məsələn, Şimali Koreya və ya Suriya məsələsi. Amma mən inanıram ki, dünya müharibəsi və qlobal qarşıdurma nə bizim, nə Rusiyanın, nə də Çinin marağındadır. Biz və Rusiya, nüvə sahəsində iki ən güclü dövlət kimi - cünki ən çox nüvə silahı bu ölkələrdədir - nüvə silahı sahəsində aramızda sülh və təhlükəsizliyin bərqərar olmasına görə xüsusən məsuliyyət daşıyırıq. Və mən hesab edirəm ki, ölkələrimiz arasında strateji stabilliyin qorunması və dəstəklənməsi hər iki dövlətin və qabaqcıl dünya ölkələrinin marağındadır.

Rusiya hesab edir ki, biz ona yaxşı münasibət göstərməmişik və hərdən onun maraqlarını nəzərə almamışıq. Rusiya ciddi problemləri olan dövlətdir. Mən başa düşürəm ki, onun iqtisadiyyatı inkişaf etmir, onun ümumi daxili məhsul üzrə dövriyyəsi ABŞ, Çin, Böyük Britaniya, Almaniya və İtaliya ilə müqayisədə xeyli azdır. Bu ölkə dünyanın heç 20 ən qabaqcıl ölkələri siyahısına daxil deyil. Bu dəyişikliyə uyğunlaşmaq Rusiya üçün çətindir. Lakin Rusiyanın hərbi və strateji nüvə silahı mövqeyi güclü olaraq qalır. Ümid edirəm ki, danışıqlar vasitəsilə biz əməkdaşlıq sahələrini tapacağıq. Bu iki ölkə arasında yeni səhifə açmaq, etimad əldə etmək və ola bilsin birlikdə işləmək üçün muxtəlif variantlar axtarmaq arzusu görürəm. Hesab edirəm bu, asan olmayacaq və bunun üçün vaxt tələb olunur. Amma mən münasibətləri təkmilləşdirmək üçün potensial oluğuna əminəm.

AzVision.az


Teqlər: ABŞ   Səfir   Qarabağ  





Xəbər lenti