Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə etiraz edib

Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə etiraz edib
  19 May 2017    Oxunub:1217
Rusiya Federasiyası Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvinə dair qərarını Gürcüstanda yaşayan soydaşlarımız da etirazla qarşılayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a bildiriblər ki, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi və bu ölkədə fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzi bəyanat yayaraq narahatlıqlarını bildiriblər.

Bəyanatlarda Azərbaycan-Rusiya münasibətlərinin həmişə yüksək səviyyədə olduğu, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdiyi bildirilir və bu münasibətlərə iki ölkənin prezidentləri arasındakı qarşılıqlı anlaşma və dostluq əlaqələrinin təsiri vurğulanır. Buna baxmayaraq, Rusiyanın bəzi antiazərbaycan dairələrinin, dövlət orqanlarındakı ermənipərəst şəxslərin, habelə bu ölkədəki erməni lobbisinin Azərbaycan xalqına və dövlətinə qarşı təxribat xarakterli fəaliyyətini davam etdirdiyi vurğulanır.

Gürcüstan azərbaycanlıları hesab edirlər ki, ÜAK-ın qeydiyyatının ləğvinin arxasında da məhz bu qüvvələr dayanır və onların məqsədi Rusiya ilə Azərbaycanın münasibətlərini imtahana çəkməkdir.

Gürcüstandakı Azərbaycan icması, azərbaycanlıların birləşdiyi diaspor təşkilatları, ziyalılar, media qurumları və QHT-lər Rusiya Ali Məhkəməsini xalqlarımızın dostluq münasibətlərinə kölgə sala biləcək təxribat xarakterli bu qərarı ləğv etməyə çağırırlar.

AzVision.az


Teqlər: ÜAK   Rusiya   Azərbaycan  





Xəbər lenti