Azərbaycan cazının erməni əli ilə KQB-də məhv edilən əfsanəsi

Azərbaycan cazının erməni əli ilə KQB-də məhv edilən əfsanəsi
  18 May 2017    Oxunub:38798
“Pərviz Rüstəmbəyov bütün dinləyənləri mat qoyurdu. Onun improvizəçiliyi təbii vergi idi. Çox mürəkkəb musiqi frazaları quran Rüstəmbəyov harmoniyaya sanki fəhmlə gəlib düşürdü. Bir dəfə mənim işlədiyim ansambla gəlmişdi.Bizimlə bir neçə pyesi çaldı. Onun çalğısında nə qədər təravət, təzəlik vardı… Leonid Kaufmanın ustalıqla improvizələri, Aleksandr Osnovikovun tükənməz harmonik ixtira qabiliyyəti, Piro Rüstəmbəyovun soloları, Emil Heyqnerin bitkin üslubu, Yan Frenkelin təsirli soloları çoxlarının yadından çıxmayacaq. Bütün bunlar sovet cazının ayrılmaz parçasıdır. Caz o vaxt indikindən qat-qat çətin bir şəraitdə idi. Bütün bu musiqiçilərin yaradıclığı ən böyük ehtirama layiqdir…”

Bunu Pərviz Rüstəmbəyovun ölümündən çox illər sonra tanınmış caz bilicisi, musiqiçi Y.Saulski yazırdı.

Kim idi Pərviz Rüstəmbəyov? O, Azərbaycan musiqisi tarixində hansı rolu oynayıb? Azərbaycanın hüdudlarından kənarda da tanınan və bəyənilən bu saksafonçu niyə cəmi 27 il yaşadı? Niyə özündən sonra bir davamçısı olmadı?




* * *

Pərviz Rüstəmbəyov 1922-ci ildə Bakıda anadan olub. Onun ulu babası Əsəd kişi Salyanın çox savadlı və hörmətli mirzələrindən idi. 4 oğul atası olan Əsəd kişi oğlanlarından birini - Pərvizin babası Məmmədi çox erkən, 19 yaşında itirib. Digər 3 oğlu Fətulla, Baxış və Şahbaz isə Peterburqda ali təhsil almış savadlı mütəxəssilər olublar.

Savadına və qabiliyyətinə görə qardaşlarından geri qalmayan Baxışın övladı olmurmuş. O, erkən rəhmətə getmiş qardaşı Məmmədin oğlu İsmayılı və onun oğlu Pərvizi övladlığa götürüb. Bu səbəbdən də Pərvizin sənədlərində “İsmayıl oğlu” deyil, “Baxış oğlu” yazılırmış. Atası İsmayıl 1942-ci ci ildə vərəm xəstəliyinə tutularaq, həyatını itirir.



Pərviz 1937-ci ildə orta məktəbi bitirməmiş musiqi kombinatında klarnet sinfinə daxil olur. Həmçinin, hər gün Axundov bağında məhəllə uşağları ilə görüşüb, Pionerlər evinə gedirmişlər. Pərviz orada saksafon sinfində məşğul olurmuş. Hələ uşaq yaşlarından Pərviz hamını güclü yaddaşının olması ilə heyrətləndirərdi. Atası onu və bacısı Fəridə xanımı opera teatrına apararmış. Xüsusi musiqi duyumu və güclü yaddaşının sayəsində Pərviz “Şah İsmayıl” operasınının misiqisini əzbər bilirmiş. Saksafon çalmağa başladığı vaxtlarda atası (babası) Baxış kişi “deyəsən, bu, gerçəkləyir, musiqiçi olacaq. Elə musiqi aləti seçərdin ki, səni toya-filana da aparardılar, barı bir muğam çalaydın”,- deyir. Bunu eşidəndə Pərviz “Çhargah”ı, “Aman ovçu”nu elə təsirli çalarmış ki...

Ancaq Pərvizin fikri ayrı aləmdə, uzaqdan gələn cazdaydı... Heç ağlına da gətirməzdi ki, onun da adı dünyadan tez və faciəvi sonluqla ayrılan caz sənətçilərinin siyahısına düşəcək. Anası Münəvvər xanım onun haqqında ömrünün son günlərinə kimi “məzarsız balam” deyib, göz yaşı tökəcək…

* * *

1938-ci ildə Bakıda Azərbaycan dəmiryolçularının caz ansamblında işləməyə başlayan Pərviz 39-cu ildə “Qızıl Şərq” kinoteatrında M.Rayevin rəhbərliyi altında caz qrupuna daxil olur. Sonralar “Xudojestvennıy” kinoteatrda Kabakovun yanında, 1940-cı ilin ortalarında isə bəstəkarlar Niyazi və Tofiq Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Cazında solist işləyir.

Bacısı Fəridə Rüstəmbəyova Pərvizin məşq etdiyi, improvizələri üzərində işlədiyi günləri belə xatırlayır:

“Haradansa caz musiqisi yazılmış vallar tapıb gətirirdi. Bir şeyə neçə dəfə qulaq asmaq olar? Onun yerinə biz dəli olurduq. Bilirdi ki, onun dönə-dönə məşq etməsi bizi, qonşuları dəng edə bilər. Ona görə də ürəyində məşq etməyə öyrəşmişdi. Bir də görürüdün, sakitcə otağa çəkilərdi, bir neçə saat uzanardı, sonra saksafonu əlinə alardı. İlahi, bu melodiyalar onda nə qədər gözəl alınırdı?! Qonşuluqda yaşayan yəhudilər ondan “İsrafilin fəryadı” adlı caz melodiyasını çalmağı xahiş edərdilər. Pərviz çalardı, qoca yəhudilər isə xısın–sıxın ağlayrdılar”.

* * *


Pərviz 1941-ci ilin aprelin 28-ni xüsusi sevinc və həyəcanla gözləyirmiş. Həmin gün böyük səhnədə orkestrlə ilk konsertini verəcəkdi…

Fəridə Rüstəmbəyova: “Ayaqüstü yeyib-içirdi. Saksafon onun hər şeyi idi. Çox səbirsiz idi. Anam deyərdi ki, sən hər şeyini, sağlamlığını da işinə qurban verirsən. 1940-cı ildə “Krasnı Vostok” da işləyəndə üzünü bir səhər görürdük, bir də axşam. O, işi ilə nəfəs alırdı. 1941-ci ilin aprelində Caz Orkestrinin açılışı baş tutmayanda Pərviz özünə yer tapmırdı. Az qalırdı uşaq kimi ağlasın”.

Ancaq onun narahatlığı çox çəkmir, elə həmin ilin sentyabrın 6-da Azərbaycan Dövlət Cazınının açılışında Pərviz Rüstəmbəyov Dyuk Ellinqtonun “Karvan”ını çalır.

* * *

Pərviz 1941-ci ilin aprelində 19 yaşında Stepanova Taisiya Mixaylovna adlı qızla evlənir. Bu evlilikdən bir oğlu olur. Uşağa bəstəkar Tofiq Quliyevin qardaşı, dostu Adilin şərəfinə Adil adını qoyur. Ancaq uşağın yaş yarımlığında qəfil ölümü bu münasibəti də bitirir. Onun ikinci evliliyi isə 1943-cü ildə olur. 1945-ci ildə ikinci dəfə ata olur. Pərvizdən sonra uşaq və anası Moskvada yaşayırmış.



İkinci Dünya Müharibəsinin başlanması ilə orkestrin gənc ifaçıları fəaliyyətlərini hərbi hissədə davam etdirirlər. Onlar Naxçıvana 402-ci atıcı diviziyanın sərəncamına göndərilirlər. Həmin günlərdə Pərviz Rüstəmbəyovun Naxçıvandan anasına yazdığı məktubdan bir hissə:

“Əziz ana, necə dolanırsan, səhhətin necədir? Biz yaxşıyıq. İşləyirik. Tezliklə qastrollarımız başlayacaq. Tofiq bizə söz verib ki, qastrollardan əvvəl həyat yoldaşlarımız bir neçə günlüyə bura gələcəklər. Onda Tasiçka da yanıma gələr. Çox istəyirəm oğlum Adiki görüm. Yəqin o, artıq gülür”. 1942-ci il 7 aprel.

1942-ci ilin sonunda orkestri buraxırlar, Pərviz A.V.Şestapalovun rəhbərliyi alındakı Aviasiya cazına keçir. 1943-cü ilin iyulunda isə xəstələndiyinə görə tərxis olunur. Bu ərəfədə Belarusiyanın əməkdar artisti Eddi Rozner ona məktub yazıb, ikinci dəfə Belorusiya cazına dəvət edir. O, bu təklifi qəbul edir. Bundan xəbər tutan bəstəkar Tofiq Quliyev şox məyus olur və Pərvizə bağışladığı şəklinin arxasında zarafatyana bir qeyd edir: “Böyük ümidlər bəstələdiyim dostum, “satqın” Pərvizə”.



1943-cü ildən 1946-cı ilin oktyabrına kimi həmin orkestrdə çalan gənc saksafonçu həmin ilin payızında Moskva mehmanxanlarından birində Üzeyir Hacıbəyovla qarşılaşır. Üzeyir Hacıbəyov ona: “Bəsdir kənarda çalışdın. Bakıya qayıt gəl, kömək edərik, özün üçün caz orkestri yaradarsan”,- deyir.

Pərviz bu təklifdən sonra həyat yoldaşı və uşağı ilə Bakıya qayıdır.O, Azərbaycan kinoteatrındakı caz orkestrinin rəhbəri təyin edilir. 1948-ci ildə isə yaratdığı caz orkestri ilə birlikdə “Nizami” kinoteatrına keçirilir. Orada 1949-cu ilin yanvarın 7-nə kimi çalışır. Yanvarın 7-si, məhz onun doğum günündə əvvəlcədən qurulmuş ssenari əsasında orkestrin rəhbərliyindən uzaqlaşdırlır.

Bu, həmin dövr idi ki, hakimiyyət tərəfindən caza düşmən münasibət güclənir, caz mənəvi yoxsulluğun, harınlamış insanların musiqisi kimi təqdim olunurdu. Pərvizin rəhbərlik etdiyi caz orkestrinə “Əsl Amerika cazına yaxınlaşmaq üçün əllərindən gələni edirlər, Amerika cazının şit üslublarını təbliğ edirlər” tipli hücumlar başlamışdı. Mətbuatda orkestrin fəaliyyətini tənqid edən məqalələr ard-arda çap olunurdu.

* * *
Azərbaycan caz musiqisinin veteranı, saksofonçu Rafiq Seyidzadə:
- SSRİ Mərkəzi Komitəsinin üzvi Andrey Jdanov məruzəsində demişdi ki, `cazla məşğul olan insanlar vətənini satarlar. Caz musiqisini ümumiyyətlə, qadağan etmək, məhdudlaşdırmaq lazmdır. Bu, harınlamış adamların musiqisidir. Cazın sovet adamına düşməncəsinə təsiri var`. Bəli, cazın ruhunda azadlıq var, elə məni də bu musiqidə improvizasiyanın azadlığı cəlb etmişdi. Məni və Vaqif Mustafazadəni 1956-cı ildə Asəf Zeynallı adına Musiqi Kollecindən məhz caza görə qovmuşdular. Biz məktəbin tədbirlərindən birində caz çalırdıq. Bir də gördük, qapı açıldı, direktorumuz zala daxil oldu. Ondan sonra bizim ikimizi də qovdular. Düzdür, sonra bərpa olunduq.



Caz ifaçısı Tofiq Həsənsoy:

- Pərviz Rüstəmbəyovu KQB izləyirdi. Onlar Pərvizin həyat yoldaşına və oğluna baş çəkmək məqsədilə 1948-ci ildə Moskvaya səfəri zamanı “Metropol” mehmanxanasında ingilis musiqçiləri ilə görüşməsindən, onun ingilis dilini öz hesabına mükəmməl öyrənməsindən, Amerika səfirliyinin nümayəndələri ilə ünsiyyətindən xəbər tutmuşdular. Bu saydıqlarım onun həbs olunması üçün kifayət idi. Pərvizin özü də Tofiq Quliyevə etiraf etmişdi ki, KQB onu izləyir. Tofiq Quliyev də bildirmişdi ki, qayıt Bakıya gəl. Ancaq Bakıya gəldikdən sonra da onu izləyiblər. Söz gəzir ki, qonşularından biri onu satıbmış…


İkinci Dünya Müharibəsi zamanı radioya qulaq asmaq qadağan edilmişdi və bütün evlərdən yığışdırılıb, alınırdı. Ancaq Pərviz öz radioqəbuledicisini saxlayıbmış. Onlar Tofiq Quliyevlə birgə xaricdən səsləndirilən caz musiqisi ilə bağlı verlişləri dinləyirmişlər. Dünya cazında baş verən yeniliklərdən xəbərdar olurmuşlar.

Ölümündən qabaq Pərvizə Rusiyanın Kalininqrad şəhərindən orkestrlərin birində yüksək maaşla işləmək təklifi gəlir. Ancaq 1949-cu ilin avustun 28-də göndərilən məktub sentyabrın 17-də gəlib Bakıya çatır. O vaxt isə Pərviz artıq həbs olunmuşdu. Məktub gecikməsə idi, bəlkə də o, vaxtında çıxıb gedər, həbsdən qurtulardı...

* * *



“Sovet cazının Benni Qudmanı” adlandırılan Pərviz Rüstəmbəyov caz naminə gecəsini gündüzünə qatmaqla qalmadı, həyatını da bu yolda fəda etdi. O, 1949-cu il may ayının 20-də Azərbaycan SSR üzrə hərbi prokurorun səlahiyyətlərini icra edən ədliyyə mayoru Ayriyanın sanksiyası ilə həbs edilib, “Amerikapərəst” damğası ilə 15 il müddətinə azadlıqdan məhrum olundu.

Ancaq gənc saksafonçu həbsdən sağ qurtula bilmədi. “Xüsusi müşavirə”nin iclasına hələ bir neçə saat qalmış, 1949-cu ilin 29 dekabrında, səhər saat 3:50-də 877 nömrəli Azərbaycan DTN-in daxili həbsxanasında çox müəmmalı bir şəraitdə vəfat etdi…



Fəridə Rüstəmbəyova: “Həbs olunandan sonra 7 ay yaşadı. Həbsdə olan zaman arada onu əsəb xəstəxanasına yerləşdiriblər. Heç nə yemirmiş, qızdırması bərk qalxıbmış. Bir neçə ayın içərisində gözləri çuxura düşmüşdü. Pərvizi axrıncı dəfə xəstəxanada gördük. Bizə təsəlli verirdi ki, yaxın vaxtlarda çıxıb gələcək. Həmişə səliqəli, qəşəng geyinərdi. Köynəyi, şalvarı hər gün ütülənməliydi. Ancaq xəstəxanada baxımsız qalmağa öyrəşmişdi. Axrıncı dəfə 1949-cu ilin 24 dekabrında yanına getmişdik. Bizə dedilər ki, Pərviz yoxdur, gedib. Anamın həyatının son günlərində Pərvizin adı dilindən düşmürdü. “Məni harada basdıracaqlar, ay bala? Qəbrin də olmadı ki, səninlə yanaşı dəfn olunum”,- deyirdi”.



Şahanə Rəhimli

Yazı hazırlanarkən ədəbiyyatşünas, yazıçı, millət vəkili Rafel Hüseynovun `Hamısı ulduz`kitabından yararlanılıb.







Teqlər:





Xəbər lenti