“Le Carrefour” qəzetinin 10 yaşı tamam oldu

“Le Carrefour” qəzetinin 10 yaşı tamam oldu
  15 May 2017    Oxunub:6832
Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqan “Le Carrefour” (“Yol qovşağı”) qəzetinin 10 yaşı tamam olub.
AzVision.az-ın xəbərinə görə, Azərbaycan KİV-də yeganə fransızdilli nəşr olan qəzet 2007-ci il may ayının 14-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb. Qəzetin yaradılmasında əsas məqsəd Azərbaycan-Fransa əlaqələrinin inkişafına töhfə vermək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan haqqında fransızdilli oxuculara məlumat verməklə ölkəmizi tanıtmaq və xalqımızın milli və mənəvi dəyərlərinin, həmçinin mədəni irsinin təbliğidir. Qəzet özünün ilk sayından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri fransız dilində oxuculara çatdırır.

“Le Carrefour” qəzeti Azərbaycan və Fransa, eyni zamanda fransızdilli ölkələr arasında mədəni, iqtisadi, elmi əlaqələri inkişaf etdirmək, fransızları və ümumilikdə, əcnəbiləri ölkəmizdə baş verən sosial-ictimai, mədəni, iqtisadi hadisələr barədə məlumatlandırmaq, onlara öz dillərində informasiya verməklə Azərbaycanı Fransada və fransızdilli ölkələrdə tanıtmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək missiyasını öz üzərinə götürüb.

2009-cu ildə qəzetin saytı www.lecarrefour.az fəaliyyətə başlayıb, 2016-cı ildə sayt yenilənərək xəbər portalı kimi fransızdilli ölkələrdən olan oxuculara Azərbaycan haqqında gündəlik məlumatlar verir. “Le Carrefour” qəzeti sosial şəbəkələrdə də aktiv şəkildə təmsil olunur. Qəzetin Twitter, Linkedin, Facebook, Instagram səhifələri var. “Le Carrefour” qəzeti Azərbaycan Mətbuat Şurasının üzvüdür.

Hazırda qəzetin 110 ölkənin media orqanlarını birləşdirən və baş ofisi Parisdə yerləşən Beynəlxalq Fransızdilli Mətbuat Birliyi (UPF) və Fransanın TV5 kanalı ilə (TV5Monde), o cümlədən Beynəlxalq Frankofoniya Təşkilatı (OİF), Frankofoniya Universitetləri Agentliyinin (AUF) Mərkəzi və Şərqi Avropa üzrə ofisi və digər fransızdilli beynəlxalq təşkilatlar ilə əlaqələri var.

Qəzetin təsisçisi və baş redaktoru fransızdilli jurnalist, Beynəlxalq Fransızdilli Mətbuat Birliyinin Azərbaycan bölməsinin rəhbəri Zeynab Kazımovadır.



AzVision.az



Teqlər: Le-Carrefour   qzəet  





Xəbər lenti