Məhkəmə zalından qaçan dustaq tutuldu

Məhkəmə zalından qaçan dustaq tutuldu
  13 May 2017    Oxunub:3798
Şəmkir rayonunda məhkəmə zalından qaçan təqsirləndirilən şəxs Eşqin Murtuzov rayon polis şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmaz əməliyyat axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.
AzVision.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanıb.

Şəmkir rayon prokurorluğundan APA-ya verilən məlumata görə isə, prokurorluqda istintaq edilən cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Eşqin Murtuzov 12 may 2017-ci il tarixdə saat 17:30 radələrində istintaq hərəkətinin icra edildiyi yerdən mühafizə altından qaçaraq oranı özbaşına qanunsuz tərk edib. Rayon polis şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində E.Murtuzovun rayonun Seyfəli kəndi ərazisində gizləndiyi yer müəyyənləşdirilib və tutularaq istintaqa cəlb olunub.

Qeyd edək ki, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçıb. Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb. E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

AzVision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti