Azərbaycan-İtaliya əlaqələri haqda məqalə

Azərbaycan-İtaliya əlaqələri haqda məqalə
  08 May 2017    Oxunub:10155
Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü tamam olur. Bu münasibətlə İtaliyanın “Notizie Geopolitiche” analitik portalında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin “Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol” adlı məqaləsi dərc olunub.
XİN-dən AzVision.az-a verilən xəbərə görə, məqaləsində diplomat ötən 25 il ərzində Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafı dinamikası barədə fikirlərini və müşahidələrini bölüşmüşdür. Məqalənin tərcüməsini təqdim edirik:

“Azərbaycan-İtaliya diplomatik əlaqələrinin 25 ili: strateji tərəfdaşlığa aparan yol

1998-ci ildə təhsil almaq üçün ilk dəfə İtaliyaya gələndə təsəvvür etməzdim ki, 19 il sonra Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə məqalə yazacam. Hazırda İtaliyada 3-cü dəfə uzunmüddətli təcrübəmi yaşayıram. Buradakı təcrübələrim müxtəlif vaxtlara təsadüf etsə də, onlar arasındakı oxşarlıq hər dəfə Azərbaycanla İtaliya arasında münasibətlərin keyfiyyətcə yeni hüdudlar əldə etməsinin, hazırda isə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin şahidi olmaqdır.

İtaliya Azərbaycanda hər zaman çox sevilən ölkə olub. Ölkəmdə İtaliya dedikdə qədim tarix, zəngin mədəniyyət, təkrarolunmaz musiqi, incəsənət, kino, təbiət, mətbəx, moda yada düşür. Bir də Neapol, çünki bu şəhər 1972-ci ildə doğma Bakım ilə qardaşlaşıb. Lakin Azərbaycan-İtaliya arasında təmaslar qədim tarixə malikdir: bizim eranın I əsrində Bakının yaxınlığındakı Qobustan ərazisində Roma imperatoru Domisianın XII legionunun olması, XIII əsrdə venesiyalı səyyah Marko Polonun Bakıya səfəri, orta əsrlərdə indiki İtaliya ərazisindəki şəhər-dövlətlərin Azərbaycandakı Səfəvilər, Ağqoyunlular dövlətləri ilə davamlı əlaqələr saxlaması bunun bariz sübutudur. 1918-1920-ci illərdə İtaliya müsəlman şərqində ilk respublika olan Azərbaycan Demokratik Cümhuriyyəti ilə də diplomatik münasibətlər qurmuş və Bakıda İtaliyanın diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir.

18 oktyabr 1991-ci il tarixində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi an ölkəm Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran, sosial çətinliklər kimi mürəkkəb problemlərlə üzləşmişdi. Belə bir vəziyyətdə Azərbaycan üçün problemlərin həllinin başlıca yollarından biri də beynəlxalq aləmlə əlaqələrin qurulması idi. 1 yanvar 1992-ci il tarixində İtaliya Azərbaycanın müstəqilliyini tanıdı, 8 may tarixində isə iki ölkə arşında diplomatik əlaqələrin əsası qoyuldu. Elə ilk dövrdən başlayaraq iki ölkə arasında təmaslar Azərbaycan üçün iki önəmli mövzu ətrafında cərəyan etməyə başladı: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın neft və qaz sektorunun inkişafı. Bu münaqişənin nizamlanması üzrə fəaliyyət göstərən ATƏM-in (hazırkı ATƏT) Minsk konfransının ilk sədri İtaliyanın xarici işlər nazirinin müavini Mario Raffaelli oldu. 1992-1993-cü illərdə İtaliyanın sədrliyi dövründə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması istiqamətində göstərilən səylər təəssüf ki, öz nəticəsini vermədi. Eyni zamanda, 1995-ci ildən etibarən İtaliyanın ENİ şirkəti Azərbaycanın neft və qaz yataqlarının işlədilməsi üzrə bir sıra layihələrə cəlb olundu ki, bu da Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlığın bünövrəsini qoydu. Azərbaycanın siyasi, iqtisadi və strateji önəmini nəzərə alaraq 1997-ci ildə İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda səfirliyinin təsis edilməsinə qərar verdi.

1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya rəsmi səfəri, səfər çərçivəsində İtaliyanın siyasi rəhbərliyi və işgüzar çevrələri ilə apardığı müzakirələr, imzalanmış önəmli müqavilələr Azərbaycan-İtaliya əməkdaşlığının inkişafına təkan verdi. Səfər vaxtı, eləcə də Prezident Heydər Əliyevin İtaliya kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr o zamanlar Azərbaycan üzərində mövcud olan informasiya blokadasının yarılması və ölkəmlə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin İtaliya və dünya ictimaiyyətinə çatdırılması nöqteyi-nəzərdən əhəmiyyətli olmuşdur.

1998-ci ildə İtaliyaya təhsil almaq üçün ilk gəlişim iki ölkə arasında münasibətlərin belə bir önəmli dövrünə təsadüf edirdi. ENİ qrupuna daxil olan Milandakı Scuola Superiore Enrico Mattei-də magistraturada təhsil alarkən İtaliyanın iqtisadi və elmi-akademik dairələrinin Azərbaycanın əhəmiyyətini anladıqları və İtaliya üçün vacib tərəfdaş olduğu mövqeyindən çıxış etdiklərinin şahidi olmağım İtaliyada təhsil alan ilk azərbaycanlılardan biri kimi məni hədsiz qürurlandırırdı. Əlbəttə ki, İtaliyada ölkəmizlə bağlı belə bir mövqeyin formalaşması Prezident Heydər Əliyevin İtaliyaya səfərinin nəticəsi idi.

İtaliyaya növbəti dəfə 2003-cü ildə gəldim. Azərbaycan İtaliyada səfirliyini təsis edirdi və mən də ölkəmin İtaliyada ilk diplomatik heyətinin tərkibində idim. Azərbaycan və İtaliya münasibətlərində yeni səhifə açılırdı, Azərbaycanın əhəmiyyəti barədə fikirləri artıq bu dəfə paytaxt Romada İtaliya siyasətini müəyyənləşdirən və ona təsir edən nüfuzlu siyasətçilərdən eşidirdim. 2005-ci ildə Prezident İlham Əliyevin İtaliyaya ilk rəsmi səfərinin təşkili təcrübəsini yaşamaq şərəfinə nail oldum. Bu səfər çərçivəsində keçirilmiş görüşlər, imzalanmış müqavilələr Azərbaycan-İtaliya münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.

Növbəti illər iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, mədəniyyət, elm, təhsil, humanitar sahələrdə önəmli mübadilələrin və layihələrin həyata keçirilməsi ilə müşayiət olunmuşdur. Prezident İlham Əliyevin 2008, 2014 və 2015-ci illərdə İtaliyaya səfərləri, 2013-cü ildə isə İtaliyanın baş naziri Enriko Lettanın Azərbaycana səfəri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasını təmin etmişdir. Xüsusilə də, Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı Azərbaycan Respublikası və İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannamənin qəbul edilməsi əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olmasını nümayiş etdirmişdir. İqtisadi əlaqələr də geniş hüdudlar əldə etmişdir. Artıq 10 ildən çoxdur ki, İtaliya Azərbaycanın ən iri ticarət tərəfdaşı, Azərbaycan İtaliyanın ən iri enereji təchizatçılarından biridir. Bu illər ərzində Azərbaycanda fəaliyyət göstərən italyan şirkətlərinin, o cümlədən İtaliyanın iri şirkətləri ilə yanaşı, orta və kiçik sahibkarlarının sayı artmışdır. Bununla yanaşı, Azərbaycana son illərdə italyan ixracının da dəfələrlə artması ölkəmizi İtaliya istehsalı olan mallar üçün strateji bazarlardan birinə çevirmişdir. TAP layihəsinin gerçəkləşməsindən sonra Azərbaycanın iri Şahdəniz yatağından hasil ediləcək təbii qaz İtaliyaya nəql olunacaq. Bu layihə İtaliyanın enerji təhlükəsizliyinə töhfə olmaqla yanaşı, onun Avropa üçün enerji qovşağı kimi rolunu da artıracaq. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun İtaliyada bəşəriyyətin maddi irsi olan tarixi abidələrin qorunması, Azərbaycanın qədim tarixi və zəngin mədəniyyətinin təbliği istiqamətində gördüyü işlər iki ölkə arasında humanitar sahələrdə əlaqələrin inkişafı ilə yanaşı, ölkəmizin İtaliya ictimaiyyətinə daha yaxından tanıdılması və iki ölkənin xalqları arasında təmasların gücləndirilməsinə əvəzsiz töhfələr vermişdir. Habelə iki ölkənin təhsil müəssisələri, elmi-akademik çevrələri arasında da əlaqələr genişlənmişdir və bu gün İtaliyanın müxtəlif universitetlərində mindən çox azərbaycanlı tələbə təhsil alır.

2016-cı ilin əvvəlindən İtaliyaya hazırki dönüşüm məhz Azərbaycan-İtaliya münasibətlərində belə bir önəmli dövrə təsadüf edirdi. Son bir il ərzində iki ölkə arasında yüksək səviyyəli səfərlərdə dinamika davam etmişdir. Azərbaycanın energetika nazirinin, xarici işlər nazirinin İtaliyaya səfərləri, İtaliyanın xarici işlər nazirinin, təhsil nazirinin, iqtisadi inkişaf nazirinin, Nazirlər Kabinetinin dövlət katibinin, mədəniyyət nazirinin müavinlərinin, XİN-in baş katibinin, parlament nümayəndə heyətlərinin Azərbaycana səfərləri həyata keçirilmişdir. Bir ildən də az müddət ərzində Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığı üzrə hökumətlərarası kommissiyanın dördüncü iclası, iki dəfə ikitərəfli Biznes Forumlar, iqtisadiyyat, mədəniyyət, akademik sahələrdə coxsaylı konfranslar və tədbirlər təşkil olunmuşdur.

Azərbaycan və İtaliya diplomatik münasibətlərinin 25-ci ildönümünü qədim tarixi əlaqələrə, möhkəm əsaslara söykənmiş münasibətlərə, qarşılıqlı faydalı əməkdaşlığa malik strateji tərəfdaşlar kimi qeyd edirlər.

Müxtəlif mədəniyyətlərin qovşağı olan Azərbaycan ilə bəşəriyyətin beşiyi olan İtaliya ilə arasında əlaqələr Asiya ilə Avropanı birləşdirən, sülh, sabitlik, əməkdaşlıq və rifah kimi dəyərləri təcəssüm etdirən əlaqələrdir ki, bunun da ən gözəl nümunəsi Azərbaycandan başlayaraq İtaliyada tamamlanacaq Cənubi Qaz Dəhlizidir. Əməkdaşlıq, inkişaf və rifah isə sülh və sabitlikdən keçir.

Ümid edirəm ki, gələn il ATƏT-in sədri kimi İtaliyanın yüksək nüfuzu və zəngin təcrübəsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına töhfə verəcək və bunun üçün vacib məsələ olan Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə nəticələnməli olan status-kvonun dəyişdirilməsinə gətirib çıxaracaqdır.”

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   İtaliya   XİN  





Xəbər lenti