Araz Əzimovdan referendum və Qarabağla bağlı önəmli Açıqlama

Araz Əzimovdan referendum və Qarabağla bağlı önəmli Açıqlama
  06 May 2017    Oxunub:3412
"Azərbaycan ərazisində yalnız Azərbaycan Konstitusiyasının tələlərinə uyğun şəkildə ümumxalq səsverməsi keçirilə bilər". AzVision.az xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
“Bu baxımdan, nə zamansa münaqişənin həlli prosesi referendum tələb edən səviyyəyə çıxarsa, o zaman bütün Azərbaycan xalqı öz fikrini bildirmək üçün referendumda iştirak edə bilər. Qarabağ məsələsi ilə bağlı digər referendum planını qəbul etmirəm. Bunun üçün əsas yoxdur. Statusun müəyyənləşdirməsi ilə bağlı proses yalnız legitim çərçivədə həyata keçirilə bilər. Bu da yalnız Qarabağ regionundan qovulmuş və oraya qayıtmalı olan Azərbaycan əhalisinin iştirakı ilə baş verə bilər. Bu məsələnin müzakirəyə çıxarılması üçün razılığın müəyyənləşdirilməsi başqa məsələdir. Bu barədə biz hələ danışmırıq”.

A.Əzimov bildirib ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının başlanması üzrə razılaşdırılmış fəaliyyət qrafiki zəruridir: “İstənilən münaqişənin həlli tərəflərin mövqelərinin hansısa ümumi bazada üst-üstə düşməsi ilə başlayır. Bizim üçün bu bazanı yaratmağa ehtiyac yoxdur. O, mövcuddur və beynəlxalq hüququn norma və prinsiplərindən, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən ibarətdir. Qətnamələr prinsipial tələbləri özündə əks etdirir. Buraya işğal olunmuş torpaqların boşaldılması və əhalinin qaytarılması üçün şərait yaradılması daxildir. Əgər bu baza digər tərəfdən də qəbul edilsə, irəli hərəkət etmək olar. Bu kimi planlar 1992-1993-cü illərdə də qəbul edilmişdi, lakin Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən pozuldu. Bu praktika aradan götürülməyincə, mən düşünmürəm ki, irəli gedə bilərik.

Tez-tez ATƏT-in Minsk qrupunun həmsədrlərindən onların tərəflərlə nizamlanma məsələsini müzakirə etdiklərini eşidirik. Onlar bəzən prinsiplər barədə razılığa gəlmək lazım olduğuna işarə edirlər. Bəzən yanaşmalarda razılıq əldə edilməli olduğunu bildirirlər. Hərçənd prinsiplərlər də, yanaşmalar da mövcuddur. Odur ki, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına başlanmasının qrafiki tərtib olunmalıdır. Bütün bunlar təhlükəsizlik zəmanəti ilə olmalıdır.

Fəaliyyət qrafikini də hazırlamaq olar. Bunda problem görmürəm, problem başqa şeydədir. Problem ziddiyyətlərdə və Ermənistan tərəfinin konkret maraqlarında, onların Azərbaycan torpaqlarının işğalını davam etdirməsində maraqlı olanlardadır. Ermənistan rəhbərliyi də özünə sərf edən belə siyasi şərtlə sanki bazarlıq edir".

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Azərbaycan   Qarabağ   BMT   ATƏT   XİN  





Xəbər lenti