Ermənistan terrorizmə qarşı mübarizədə iştirak etmək istəmir - TƏHLİL

Ermənistan terrorizmə qarşı mübarizədə iştirak etmək istəmir - TƏHLİL
  06 May 2017    Oxunub:8416
"KTMT-ə üzv ölkələrin silahlı bölmələri həmişə hazır fəaliyyətdə olacaqlar. Həmçinin Tacikistan, Qırğızıstan və Ermənistanda yerləşən rus hərbi bazaları da hazırdılar" - deyə ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Çünki hələ təhlükə məhv edilməyib, həmin prioritetlər saxlanılır"-deyə o əlavə edib.

Maraqlıdır, Sarkisyan hakimiyyəti KTMT tərkibində olan ölkə kimi Ermənistanın həmişə terrorizmə qarşı mübarizə apardığını və gələcəkdə də bu kimi fəaliyyətlərin davam etdiriləcəyini bildirməsinə baxmayaraq, Lavrovun bəyanatı onları təşvişə salıb. Belə ki, hazırda Ermənistan hakimiyyət orqanlarının sifarişi ilə erməni KİV-ləri Ermənistanın və Gümrüdə yerləşən 102 nömrəli rus hərbi bazasının İŞİD-ə qarşı aparılan terror əməliyyalarında işitrakını təhlükəli hesab edir və bu prosesin Gümrü, İrəvan və ümumilikdə Ermənistan üçün böyük təhlükələr yaradacağını bildirir.

Ermənistan hakimiyyət orqanları məlum bəyanatda, Ermənistanın adının səsləndirilməsini Lavrovun Ermənistanı təxribata, fəlakətə çəkməsi, o cümlədən bu fəaliyyətin Rusiya və Azərbaycanın birgə addımı kimi analiz edirlər. Nəticədə, hakimiyyət KTMT-ə yeni təyin edilən Yuri Xaçaturovun bu məsələyə müdaxilə edəcəyinə ümid edir. Avrasiya İqtisadi Birliyi, Gömrük İttifaqı və KTMT kimi təşkilatlarda öz siyasi-iqtisadi və hərbi mövqeyini seçən Ermənistan NATO sülhməramlıları tərkibində Əfqanıstanda aparılan missiyada iştirak etsə də, görəsən nədən bu prosesi "Putin NATO"sunda aparmaq istəmir.

Məsələyə birmənalı olaraq bu şəkildə cavab verək. Ermənistan KTMT kimi təşkilatda istər öz iştirakını, istərsə də Xaçaturovun təyinatını yalnız bir istiqamətə Qarabağ münaqişəsinə hədəfləyib. Bu baxımdan Ermənistanın Lavrovun bəyanatına təşvişlə yanaşmasını əslində daxili təhlükəsizliyin qorunması kimi deyil, təşkilatın diqqətinin Suriyaya yönəlməsinin qarşısının alınması kimi xarakterizə etmək lazımdır.

Şahin Qocayev
AzVision.az




Teqlər: Ermənistan   KTMT   Lavrov   Terror  





Xəbər lenti