Mərkəzi Bank uçot dərəcəsini endirə bilər – TƏHLİL

Mərkəzi Bank uçot dərəcəsini endirə bilər – TƏHLİL
  02 May 2017    Oxunub:4215
Ötən həftə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Ziyad Səmədzadə qeyd edib ki, ölkədə pul qıtlığı yaranıb və bu problem bizi ciddi narahat edir.
“Pul qıtlığı yaranıb. Bizə bununla bağlı çoxlu müraciət daxil olur. Bu, ciddi problemdir, bunu ciddi müzakirə etməliyik. Pul qıtlığı aradan qaldırılmasa, iqtisadi fəallıq da artmayacaq”,– deyə, o bildirib.

Əslində isə, pul qıtlığı, yəni dövriyyədə nəğd pul kütləsinin çatışmadığı yeni xəbər deyil. Bu, 2014-cü ilin II yarısından etibarən başlanan bir proses olmaqla, bu günədək davam edir. Düzdür, bəzi aylar ərzində artım baş verib, ancaq bütövlükdə qeyd etdiyim vaxtdan bəri, dövriyyədə nəğd manat kütləsi azala-azala gedir. Təsəvvür edin ki, 2014-cü ilin sonuna pul bazasının həcmi 11541.9 milyon manat təşkil edirdisə, cari ilin martın sonuna bu rəqəm 7277.5 milyon manata bərabər olub.

Bunun da səbəbi bəllidir. Belə ki, neftin dünya bazar qiymətlərinin məhz 2014-cü ilin yayından etibarən ucuzlaşmağa başlanması ilə əlaqədar, ölkəyə valyuta axını azalmağa doğru istiqamət götürdü. Bu tendensiya nəticəsində valyuta mədaxili 3-4 dəfəyədək daraldı. Və bu gün də ölkəyə dollar axını əvvəlki həcmdə deyil və bundan sonra da bilavasitə neftlə bağlı həmin səviyyədə olmayacaq.

Odur ki, çıxış yolu dövriyyədəki manat kütləsini ölkəyə daxil olan valyuta həcminə uyğunlaşdırmaqdan ibarət idi ki, hər iki valyuta həcmi arasında balans yaransın. Bunun üçün isə Mərkəzi Bank (AMB) bir neçə yoldan və vasitədən istifadə edə bilərdi, etdi və edir də...

Birincisi, valyuta mübadiləsi üzrə keçirilən məlum hərraclarda intervensiya yolu ilə iştirak edərək xarici valyuta satıb, izafi manat kütləsini götürməkdən ibarət idi. İkincisi, uçot dərəcəsini yüksəltməklə mərkəzi kredit vəsaitlərinin qiymətini artırmaq idi. Üçüncüsü isə, depozit hərracları keçirtmək vasitəsilə banklardan manat vəsaitini cəlb etmək.

Bu vasitələrin hamısından təkrar edirəm, AMB istifadə edib və yenə də edir. 2014-cü ildə AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi 15 milyard dollardan çox idi. Keçən ilin sonuna isə bu rəqəm 4 milyarddan da aşağı düşmüşdü. Niyə? Çünki 11 milyard dollardan çox vəsait əsasən manatın dəyərini saxlamaq üçün sərf edildi.

Uçot dərəcəsinə gəldikdə isə bəllidir ki, AMB-in mərkəzi kredit resursları üzrə qiymət səviyyəsini müəyyən edən bu faiz 2010-cu ilin oktyabrın 31-dək 2, 2011-ci ilin fevralın 28-dən 5, mayın 5-dən isə 5,25, 2012-ci ilin dekabrın 10-dan yenidən 5, 2013-cü ilin fevralın 11-dən 4,75, 2014-cü ilin mayın 1-dən isə 4,25, həmin ilin iyulun 30-dan 3,5, 2015-ci ilin iyulun 13-ü tarixdən 3% təşkil edirdisə, keçən ilin fevral ayının 15-dən 5, avqustun 8-dən 9,5, sentyabrın 14-dən isə 15% səviyyəsində müəyyən edilib. Sonuncu dəfə uçot dərəcəsi 2008-ci ilin iyun ayının 8-də 15% olub.

Depozit hərracına gəldikdə, AMB dövriyyədən nəğd manat kütləsini bütün mümkün vasitələrlə yığışdırmaq məqsədilə ölkədə çox sərt pul-kredit siyasəti də həyata keçirir ki, bu haqda çox deyilib. Yeri gəlmişkən, depozitlərin faiz dərəcəsi 12,01 -14,99% təşkil edir. Yəni ki, bunlar göz qabağındadır.

Bəli, dövriyyədən manatı məhdudlaşdırmaq üçün paralel olaraq digər tədbirlər də həyata keçirilir. Nağd əməliyyatların ləğv olunması və sair kimi addımların atılmasını misal göstərmək olar. O da düzdür ki, iqtisadiyyatın nəğd pul kütləsi ilə qidalanmasının bu cür çərçivəyə alınması və sıxışdırılması artıma və inkişafa ziyandır. Lakin ölkədə hələ böyük iqtisadi aktivlik yoxdursa, valyuta bazarı təsirlərə kəskin şəkildə həssas durumdadır və ən başlıcası, bank sektoru hələ də iflic vəziyyətdədirsə, dövriyyədə nəğd pul həcmini genişləndirməyin heç bir halda effektiv nəticəsi ola bilməz.

Şərhlərimdə də qeyd etmişəm ki, iqtisadi aktivliyi yalnız kəmiyyət yumşaldılması ilə, yəni dövriyyəyə daha çox nəğd pul buraxmaq yolu ilə artırmırlar və bu, mümkün də deyil. Ümumiyyətlə, pul tələb olunduğu halda dövriyyəyə buraxılmalıdır ki, əlavə əks təsirlər, məsələn, inflyasiya yaratmasın. Yəni, tələb yaratmaq üçün dövriyyəyə buraxılmalı deyil.

Odur ki, hesab edirəm, iqtisadiyyatda sabitlik yarandıqca, möhkəmləndikcə, sözügedən vəziyyət tədricən aradan qaldırıla bilər. Və bu, ilkin olaraq AMB-in məhz uçot dərəcəsinin 15 %-dən tədricən aşağı salınması ilə özünü göstərəcək.

Çünki hələki banklar əvvəla kredit verə bilmirlər, ikincisi də ki, ölkədə normal kredit tələbi də mövcud deyil: kimə ucuz manat vəsaiti təklif edilsə, dərhal alıb, fürsət düşən kimi dollara dəyişəcək. Bu, iqtisadi artıma xidmət edəcəkmi ?! Sözsüz ki, yox.

Yeri gəlmişkən, məsələn, Rusiya Bankı uçot dərəcəsini bu günlərdə bir az da, yəni 0,5% səviyyəsində endirdi. Və 9,25% təşkil edəcək. Hesab edirəm ki, bizim Mərkəzi Bank tərəfindən də tezliklə eyni addımın atılacağını gözləməyə dəyər, o mənada ki, yuxarıda qeyd etdiyim 15%-lik uçot dərəcəsi nisbətən aşağı salınacaq. Amma bunun manat qıtlığını tezliklə aradan götürüb-götürməyəcini isə dəqiq deyə bilmərəm.


Pərviz Heydərov
AzVision.az üçün


Teqlər: #Manat   #Mərkəzi-Bank   #Təhlil   #Faiz-dərəcələri  





Xəbər lenti