Rusiya XİN-dən Dilqəm Əsgərovla bağlı suala cavab

Rusiya XİN-dən Dilqəm Əsgərovla bağlı suala cavab
  25 Aprel 2017    Oxunub:5981
Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) bu ölkənin vətəndaşı olan Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlərin görülməsi ilə bağlı sualı cavablandırıb.
Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin Kəlbəcər girovu D.Əsgərovla bağlı qeyd edib ki, XİN məsələni nəzarətdə saxlayır və onun hüquqlarının qorunması üçün əlindən gələni edir.

“Rusiya XİN davamlı olaraq milliyyətindən asılı olmayaraq bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib. Münaqişə ilə bağlı Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur. Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o Lapşin kimi həmin tövsiyəyə əməl etməyib”, - deyə Kojin vuğulayıb.

Kojinin adından yayılmış cavabda, həmçinin vurğulanıb ki, Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz.

Məlumatda “bu hadisədə müəmmalı amillər mövcud olduğu” qeyd edilib, “rəsmi Bakının Rusiya vətəndaşının münaqişə zonasına səfər etməsindən xəbərdar olub, olmadığı” ilə bağlı məlumatsızlıq ifadə olunub: “Hər halda onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq”.

Kojin Dilqəm Əsgərovun Rusiya XİN-in tövsiyələrinə əməl etməməyə vadar edilmədiyini bilmədiyini deyib.

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Sonradan H. Həsənovun meyiti alınaraq Bakıda dəfn edilib.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Rusiya   XİN   Kəlbəcər   Girov  





Xəbər lenti