Bakıda 3 ayda baş verən cinayətlərin statistikası

20:41   20 Aprel 2017    Oxunub: 318

Aprelin 20-də Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin birinci rübünün nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

İdarədən AzVision.az-a daxil olan məlumata görə, müşavirədə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov ilin birinci rübünün respublikamız üçün əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanın uğurlu inkişafı davam edib, sosial-iqtisadi problemlər öz həllini tapıb. Bu uğurların əsasını təşkil edən ictimai-siyasi sabitliyin qorunmasında, ölkədə qanunçuluğun və ictimai asayişin təmini sahəsində Daxili İşlər Nazirliyinin (DİN) üzərinə qoyulmuş vəzifələr layiqincə yerinə yetirilib. Bu nailiyyətlərdə DİN-in əsas strukturlarından biri olan Bakı Şəhər Baş Polis İdarəsinin də xüsusi xidmətlərini diqqətə çatdıran Baş İdarənin rəisi hesabat dövründə şəxsi heyətin xidməti, peşə və fiziki hazırlığının, maddi-texniki təminatının qarşıya qoyulmuş vəzifələri yerinə yetirməyə imkan verdiyini qeyd edib.

Sonra 2017-ci ilin birinci rübündə paytaxtda cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun qorunması, ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidmət fəaliyyətinin digər sahələrində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi dinlənilib.

Qeyd olunub ki, 2017-ci ilin üç ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 2865 (3518) cinayət qeydə alınıb ki, onların da 82,3 faizi (2359-u) az ağır və böyük ictimai təhlükə törətməyən, 17,7 faizi isə (506-sı) ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə adam öldürməyə cəhdlər üç dəfə, qəsdən sağlamlığa ağır zərər vurmalar 40 faiz azalıb.

Baş verən cinayətlərin 75,4 faizinin (74,4 faiz), ağır növlərinin 73,8 faizinin (78,5 faiz), qeyri-aşkar şəraitdə baş verənlərin 67,7 faizinin (60,4 faiz) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 438 cinayətdən 88,4 faizi (93,5 faiz), o cümlədən qəsdən adam öldürmələrin 100 faizi (94,4 faiz), adam öldürməyə cəhdlərin 100 faizi (100 faiz) açılıb.

Müqayisə edilən dövrlə nisbətdə ümumi cinayətlərin açılması 1 faiz, qəsdən adam öldürmələr 5,6 faiz, mülkiyyət əleyhinə olan cinayətlər 4 faiz, o cümlədən dövlət və ya bələdiyyə əmlakı oğurluqları 40,2 faiz, xüsusi əmlak oğurluqları 8,4 faiz, mənzillərdən edilən oğurluqlar 13,6 faiz, mal-qara oğurluğu 38,3 faiz, soyğunçuluqlar 11,5 faiz, quldurluqlar 2,7 faiz, xuliqanlıqlar 6,6 faiz, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması isə 0,8 faiz yaxşılaşıb.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının “Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1242 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 61 bağlı cinayət açılıb.

Təqsirləndirilən şəxs qismində axtarışda olan 767 nəfərdən 43,8 faizi, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 370 nəfərdən isə 24,9 faizi tutulub. Bununla yanaşı, 17 soyğunçuluq və quldurluq cinayəti törətmiş 40 nəfərdən ibarət 17 qrup, eləcə də 38 mənzil oğurluğu törətmiş 51 nəfərdən ibarət 21 cinayətkar qrup ifşa olunub.

Narkotiklərlə bağlı aşkar edilmiş 294 (351) fakt üzrə qanunsuz dövriyyədən 161 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

Hesabat dövründə 44 odlu silah, 4 qumbara, 1319 döyüş patronu yığılıb, qanunsuz saxlanılan və gəzdirilən 31 odlu silah əməliyyat yolu ilə götürülüb.

Paytaxt ərazisində baş vermiş 140 (147) yol-nəqliyyat hadisəsində 44 (31) nəfər həlak olub, 134 (160) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 4,8 faiz, xəsarət alanların sayı isə 16,3 faiz azalsa da, həlak olanların sayı artıb.

Mülkiyyət əleyhinə olan cinayətlərin, o cümlədən mənzillərdən edilən oğurluqların qarşısının alınmasında mühüm rol oynayan mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi üzrə təbliğat işinə də diqqətlə yanaşılaraq, 259 (433) müvafiq müraciətdən 173-nün (227) icrası təmin olunub.

Qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən ümumilikdə 8697 nəfərə şəxsiyyət vəsiqəsi verilib, 4653 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 1665 şəxs qeydiyyata alınıb.

Qarşıda duran mühüm vəzifələrdən olan vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işi ciddi nəzarətdə saxlanılıb. Baş Polis İdarəsinə 17 min 8 ərizə və müraciət daxil olub, 491 vətəndaş qəbul edilib. Müraciətlərin 1415-i nazirliyin və Baş İdarənin rəhbərliyi tərəfindən nəzarətə götürülüb.

Paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb, beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə asayişin mühafizəsi daha da gücləndirilərək mümkün təxribat hallarının, o cümlədən qanunsuz aksiyaların qarşısının vaxtında alınması üçün bütün zəruri tədbirlər görülüb.

Bakı Polis Qarnizonunun bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri məruzə ətrafında çıxış edib, mövcud nöqsanları qısa müddətdə aradan qaldıracaqlarını bildiriblər.

Mirqafar Seyidov əməliyyat müşavirəsinə yekun vuraraq, Bakı polisinin 2017-ci ilin birinci rübündəki xidməti fəaliyyətini ümumən müsbət qiymətləndirib, nöqsan və çatışmazlıqları qeyd edib, onların aradan qaldırılması istiqamətində öz tapşırıq və tövsiyələrini verib. Baş İdarənin rəisi dövlət rəhbərliyinin ölkədə qanunçuluğun qorunması, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına xüsusi əhəmiyyət verdiyini və bu sahədə qarşıda duran vəzifələri müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Polis general-mayoru Mirqafar Seyidov daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisinin şəxsi heyəti paytaxtda cinayətkarlığa qarşı mübarizəni, ictimai asayişin təmini istiqamətində xidməti fəaliyyətini bundan sonra da əzmlə davam etdirəcək, verilən göstərişləri, əmrləri layiqincə yerinə yetirəcək, paytaxtda qanunçuluğun və təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanacaq.

AzVision.az

Teqlər: DİN   Bakı   Polis   Hesabat   Cinayət    


Rubrikanın digər yazıları