Şəhər və rayon xəstəxanaları əlillik dərəcəsi verəcək

17:26   20 Aprel 2017    Oxunub: 685

Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin rəhbərliyi ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidməti AzVision.az-a xəbər verir ki, iclasda 2015-ci ilin sentyabrında “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı Fərmandan irəli gələn məsələlərin həlli sahəsində görülən işlər barədə məlumat verilib.

2014-çü il noyabrın 27-də səhiyyə naziri Oqtay Şirəliyevin verdiyi əmrlə “Tibbi sosial ekspert komissiyasına göndəriş”in yeni forması, o cümlədən “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş”in forması təsdiq edilib. Bundan başqa “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri” yaradılıb və həmin məqsədlə məlumat bazası və proqram təminatının hazırlanması təmin edilib. Səhiyyə müəssisələrində “Tibbi sosial ekspert komissiyasına göndərişlərin elektron registri”nın proqram təminatının tətbiqi zamanı həmin müəssisələrə texniki dəstək göstərilib.

2015-ci il yanvarın 1-dən “Tibbi sosial ekspert komissiyasına göndəriş” və “Uşaqlar uçün Tibbi sosial ekspert komissiyasına göndəriş” yalnız müvafiq proqram modulundan çap edilməsi yolu ilə təmin edilib.

Sosial ekspertiza və reabilitasiya xidmətilərinin keyfiyyətinin yüksəldilməsi üçün 2015-ci il sentyabrın 9-da imzalanmış əmrə əsasən əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşmiş reyestri yaradılmış və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökümət” portalı vasitəsilə həmin reyestrə real vaxt rejimində çıxış təmin edilib.

Əmrin icrası ilə əlaqədar ölkənin şəhər və rayonlarının tibb müəssisələrində müvafiq təlimlər keçirilib. Tibbi yardımın təşkili şöbəsi və İnformatika və Statistika idarəsi tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinə daxil edilmə qaydaları hazırlanaraq təsdiq edilib.

Bundan başqa şəhər və rayonlarının tibb müəssisələrinin rəhbərləri tərəfindən həkim-məsləhət komissiyası üzvləri gücləndirilmiş elektron imza ilə və tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin rəsmiləşdirildiyi gün gücləndirilmiş elektron imza ilə imzalanmış elektron sənəd formasında göndərişlərin vahid mərkəzləşmiş reyestrinə daxil olunması təmin edilib.

Səhiyyə Nazirliyi tərəfindən “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları” hazırlanmış və 2016-cı il martın 30-da Nazirlər Kabinetinin 140 saylı Qərarı ilə təsdiq edilib. Eyni zamanda Səhiyyə Nazirliyinin baş mütəxəssisləri cəlb olunmaqla əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları xəstəliklərin sonuncu beynəlxalq təsnifatına uyğun olaraq hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub və həmin sənəd əsasında müvafiq Əsasnamə Nazirlər Kabinetinin Qərarı ilə 2015-cil il dekabrın 30-da təsdiq edilib.

Əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması üçün Səhiyyə Nazirliyində ciddi addımlar atılıb.

Əhalinin rahatlığının təmin edilməsi, həmçinin paytaxtın klinik xəstəxanalarının stasionar şöbələrində mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin digər şəhər və rayon mərkəzi xəstəxanalarında, həmçinin ambulator şəraitdə həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

Nazirlər Kabinetinin 1993-cü ildə verilmiş 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimat”ın yeni variantının hazırlanması üçün işçi qrup yaradılıb.

İclasın sonunda əlilliyin təyin edilməsi ilə əlaqədar vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib.

AzVision.az

Teqlər: SəhiyyəNazirliyi   OqtayŞirəliyev   iclas    




Rubrikanın digər yazıları