"ABAD"ın rəsmi səhifəsi açıldı

"ABAD"ın rəsmi səhifəsi açıldı
  20 Aprel 2017    Oxunub:3479
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin rəsmi internet səhifəsi - www.abad.gov.az fəaliyyətə başlayıb.
ASAN-dan AzVision.az-a verilən məlumata görə, yeddi bölmədən ibarət səhifədə ABAD-ın təqdim etdiyi məhsullar, publik hüquqi şəxslə əməkdaşlıq edən şəxslər, təqdim olunan xidmətlər, yaradılmış brendlər haqqında məlumat əldə etmək olar.

“Məhsullar” bölməsində “ABAD” tərəfindən dəstək göstərilən ərzaq məhsullarının istehsalı, yaxud dekorativ-tətbiqi sənətkarlıq sahəsində çalışan ailələrin satışa çıxarılmış məhsulları, satış şəbəkələri barədə məlumat yer alıb.

“ABADçılar” bölməsində “ABAD”a qoşulmuş ailə biznesləri, “Brendlər” bölməsində isə yaradılmış ailə brendləri haqqında ətraflı məlumat verilib.

Həmçinin, “ABAD”a üzv olmaq, əməkdaşlıq etmək üçün xüsusi “ABADçı OL” bölməsi yaradılıb. Bu bölməyə daxil olan şəxslər fəaliyyət göstərdiyi sahə, öz təsərrüfatları, mövcud imkanları haqqında məlumatları daxil edərək, “ABAD”a sorğu-müraciət göndərəcəklər.

Qeyd edək ki, “ABAD” publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə yaradılıb. Məqsəd ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək verməkdir.

AzVision.az


Teqlər: ASANXidmət   ABAD  





Xəbər lenti