"Həyat yoldaşım da “Facebook”a girir" - Araz Əlizadə ittihamlara cavab verdi

13:57   20 Aprel 2017    Oxunub: 26298

“Mənim fikirlərim konteksdən çıxarılıb. Feysbuka daxil olan hamını avara adlandıra bilmərəm. Demişəm ki, onu-bunu tənqid edənlər, boş-boş vaxt keçirənlər avaradırlar”.

Bunu AzVision.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadə haqqında səslənən fikirlərə münasibət bildirərkən deyib.

“Qeyd edim ki, mənim fikirlərim konteksdən çıxarılıb. Mənə sual verdilər ki, sizi tənqid edirlər. Mən də dedim ki, bu tənqid deyil, söyüşdür. Onu yazanlar, səhərdən axşama qədər vaxtını orada keçirənlərin hamısı avaradır. Yəni, ümumilikdə hamını avara adlandırmamışam. Mənim oğlum, həyat yoldaşım da “Facebook”a girir. Ona görə mən deyə bilmərəm ki, orada olanların hamısı avaradır. Amma vaxtını “Facebook”da keçirənlər, 24 saat orada olanlar avaradır. Bununla bağlı Milli Məclisin İntizam Komitəsinin məni cəzalandırmasına gəlincə, elə bir şey ola bilməz. Ümumiyyətlə fikirinə görə insanı necə cəzalandıra bilərlər?”-deyə A.Əlizadə vurğulayıb.

Deputat sosial şəbəkələrdə onu söyənlərə sərt cavab verib: “Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər həmin sözləri üzümə desinlər. Əgər kişidilərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, “Facebook”a girib məni söyürlər”.
A.Əlizadə qeyd edib ki, ona söyüş söyənləri məhkəməyə vermək fikrində deyil: “Mən heç kimdən şikayət edən deyiləm. Sözümü kişi kimi deyirəm. Qoy, onlar da yazsınlar ki, Arazı belə-belə söymüşəm. Ünvanım da filandır.

Onlar kimdir axı?. Mən sözümü ağıllı insanlara deyirəm. Səfəh insanlar sözümü dərk etməsələr daha yaxşıdır. İndi onlar söyüş söyürlər? Söysünlər. Belə bir məsəl var ki, səfeh insanın söyüşünün özü tərifdir”.

Elvin Abdulqədirov
AzVision.az

Teqlər: MilliMəclis   Deputat   ArazƏlizadə   Facebook    


Rubrikanın digər yazıları