MİDA nazirliklə əməkdaşlıq edəcək

MİDA nazirliklə əməkdaşlıq edəcək
  20 Aprel 2017    Oxunub:1342
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyində olan "MİDA" MMC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC ilə əməkdaşlığa başlayır.
MİDA-dan AzVision.az-a verilən məlumata görə, iki qurum arasında bağlanmış müqaviləyə əsasən mayın 1-dən etibarən “Elektron hökumət” portalında “Güzəştli mənzil” sisteminin fəaliyyətə başlaması üçün “MİDA” “AzInTelecom”un Regional Data Mərkəzinin server xidmətlərindən və tələb olunan texniki avadanlıqlarının imkanlarından istifadə edəcək.

Data Mərkəzi tərəfindən təklif edilən müasir texnologiyalar “Güzəştli mənzil” elektron sisteminin səmərəli fəaliyyətinin, habelə mənzil əldə etmək üçün müraciət edən vətəndaşlara yüksək keyfiyyətli xidmət göstərilməsinin və onların rahatlığının təmin olunmasına şərait yaradacaq. “Güzəştli mənzil” elektron sisteminə daxil edilən məlumatların təhlükəsizliyinin fasiləsiz olaraq tam təmin edilməsi də Data Mərkəzinin əsas üstünlüklərindəndir. Bununla yanaşı məlumat itkisi ilə bağlı risklər minimuma endiriləcək, texniki avadanlıqların quraşdırılması, texniki istismarı üçün etibarlı infrastruktur əldə olunacaq. Bu öz növbəsində, digər maliyyə xərclərinə və vaxt itkilərinə qənaət olunmasına imkan yaradacaq.

“AzInTelecom”un Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (“IaaS”) adlanan həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif edilir. Büdcə xərclərinin optimizasiyası və idarəetmənin avtomatlaşdırılmasına yönələn “IaaS” xidmətləri artıq çoxsaylı yerli və xarici şirkətlərin marağını özünə cəlb etməyə başlayıb. Bu baxımdan davamlı və dayanıqlı inkişaf prinsiplərinə əsaslanan MİDA-nın tabeliyində olan “MİDA” MMC-nin “Güzəştli mənzil” sisteminin məlumat bazasını “AzInTelecom”un Data Mərkəzində yerləşdirilməsi haqqında müqavilə imzalaması çox mütərəqqi haldır. Data Mərkəzi ilə əməkdaşlıq istismar xərclərini azaltmağa imkan yaratmaqla yanaşı, işin dayanıqlılığına da öz töhfəsini verəcək.

Bununla yanaşı, “Güzəştli mənzil” sisteminin elektron hökumət portalında təmsil olunmasını təmin etmək məqsədilə “MİDA” MMC və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan “AzDataCom” şəbəkəsi arasında da müvafiq əməkdaşlıq barədə müqavilə imzalanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan hər iki qurumla paralel olaraq əməkdaşlığa başlanılması “Güzəştli mənzil” elektron sisteminin müəyyən edilmiş vaxtda işə düşməsini təmin etməklə yanaşı, etibarlı və dayanıqlı infrastrukturun yaradılmasına da imkan verəcək.

AzVision.az


Teqlər: NRYTN   MİDA   Güzəştlimənzil  





Xəbər lenti